Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / İsgəndər Həmidov: “Elçibəy qan tökülüb-tökülməyəcəyini soruşdu, dedim ki…”

İsgəndər Həmidov: “Elçibəy qan tökülüb-tökülməyəcəyini soruşdu, dedim ki…”

Fəzail Ağamalı: “Surətin qaldırdığı hər iki qiyam xalqın dəstəyi ilə iflasa uğradı”

AXC hökumətinə qarşı qaldırılmış 4 iyun qiyamından 25 il ötdü. 1993-cü ilin bu günlərində Gəncədə Azərbaycan ordusunun keçmiş komandiri Surət Hüseynov tərəfindən qaldırılan qiyamla bağlı hər il olduğu kimi bu il də müxtəlif mövqelər səsləndi.

Əksəriyyət Əbülfəz Elçibəy hökumətinin güc strukturlarının zəif, qətiyyətsiz olması nəticəsində S.Hüseynovun hakimiyyət dəyişikliyinə nail olduğunu düşünür. Qiyam vaxtı artıq daxili işlər naziri olmayan İsgəndər Həmidov da 4 iyun günləri müzakirə mövzusuna çevrilən şəxslərdən biri olur. Onun postunda qalacağı təqdirdə qiyamın qarşısını ala biləcəyi yönündə bəzi fikirlər var. Eyni zamanda nazir olmasa da, qiyam vaxtı Elçibəy hökumətinə İ.Həmidovun dəstək vermədiyi fikirləri də səslənir.

İ.Həmidov “Yeni Müsavat”a açıqlamasında barəsində gedən söz-söhbətlərə bu cür şərh verdi: “Bizim hökumətin yıxılmasının əsas səbəbkarları Rusiya və İran idi. Bu ölkələr Azərbaycanın sərvətinə göz dikmişdilər. Biz 4 iyuna qədər Azərbaycandan rus qoşunlarının çıxarılmasına nail olduq. Bu da Rusiyanı çox qıcıqlandırırdı. Kreml Azərbaycanla bir əyaləti kimi danışmaq istəyirdi. Lakin rəhmətlik Elçibəy buna imkan vermirdi. Özünü müstəqil Azərbaycanın prezidenti kimi göstərirdi. Vahid Azərbaycan ideyasını da İran çox pis qarşılayırdı. O zaman hüquq-mühafizə orqanlarında kifayət qədər vətənpərvər şəxslər var idi. Məndə olan məlumata görə, qiyama qarşı hazırlanan əməliyyatı çox az sayda adam bilib. Bu əməliyyat qeyri-peşəkar insanlar tərəfindən hazırlanıb. O qədər hay-küy salmağa gərək yox idi. Nazir olmasam da, hadisələr olan kimi Daxili İşlər Nazirliyinə getdim.

Əbülfəz bəylə də görüşdüm. O mənə sual verdi ki, bu işlərin qarşısını almaq olarmı? Mən də bunun mümkün olduğunu söylədim. Qan tökülüb-tökülməyəcəyini soruşdu. Dedim ki, vəziyyət o həddə çatıb ki, qan töküləcək. Sonradan Elçibəy məni yerimə qaytarmaq istədiyini söylədi və mən hazır olduğumu bildirdim. Mən hüquqşünasam, cinayət baş verəndə deyirlər ki, görün xeyrini kim götürür. Bu qiyamdan doğan dövlət çevrilişi ilə xeyri kimlərin götürdüyü məlumdur. Qiyam vaxtı hər zaman hökumətin yanında olmuşam. Sadəcə, Əbülfəz bəyin  Kələkiyə getməsindən xəbərim olmayıb. Ən düzünü Pənah Hüseyn deyib, ”bizim cinayətimiz bizim məğlubiyyətimizdir”. Hakimiyyətdən heç zaman bir addım aralı olmamışam. Mən nazir olardımsa, bu qiyama qarşı necə əməliyyat aparılacağı və bunun hansı nəticələr verə biləcəyinə gəlincə deyə bilərəm ki, vəzifədə olduğum vaxtlar kifayət qədər ağır əməliyyatlar keçirmişəm. Sadəcə, bu qiyamla bağlı qeyri-professional əməliyyatı əsas tuturam. Müdafiə Nazirliyində ruslarla əlaqəsi olan kifayət qədər şəxs var idi. Amma döyüşə hər an hazır olanlar da az deyildi. Sadəcə, Əbülfəz bəy dedi ki, bir uşağın göz yaşı min kürsüyə dəyməz. Ona görə qarşıdurmaya getmədi. Əgər Əbülfəz Elçibəy komanda versəydi, öndə özüm gedəcəkdim. O zaman şayiə çıxanda ki, mən nazir postuma qayıdıram, uşaqlar gedib Yevlaxda Yun zavodunu götürdülər. Daxili işlər və müdafiə naziri demokrat ola bilməz. Bunların işi başqadır. Hər bir dövlətdə qiyam olur. Bu da cinayətdir və yatırmaq mütləqdir. Qan axıdılıb, yaxud axacaq kimi şeylərə baxmaq lazım deyil. Məğlub olduqsa, demək, bu bizim cinayətimizdir. Qələbə çalsaydıq, bu gün mühakimə olunmazdıq. Çünki qaliblər hər zaman belə olur”.

Fəzail Ağamalı ile ilgili görsel sonucu

Elçibəy hökumətində sosial təminat nazirinin müavini olan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bunları dedi: “Surət Hüseynov tərəfindən qaldırılan qiyamın şahidlərindən biriyəm. Azərbaycan dövlətçiliyinin qorunması üçün həmin hadisələr zamanı bütün imkanlarımı ortaya qoyan şəxslərdən olmuşam. İyun qiyamı AXC-Müsavat hökumətinin səriştəsizliyi ucbatından baş verdi. Bu qiyamın təşkilatçısı, ideoloqu Rusiyanın xüsusi xidmət orqanları idi. Qiyama səbəb olan amillərin qarşısını almaq imkanları rəhmətlik Əbülfəz bəydə o zaman yox idi. O, liberal xüsusiyyətləri ilə faktiki ölkəni idarə edə bilmirdi. Hökumət daxilində olan klassiklər Elçibəyin, yurdçular isə Əli Kərimlinin yanında idilər. Cəbhəçilərin xeyli hissəsi də var idi ki, faktiki İsa Qəmbərin formalaşdırmaqda olduğu Müsavat Partiyasının yanında idilər. Bunların qruplarının hər biri hakimiyyətdə mövqelərini möhkəmləndirməyə çalışırdı. Bu da hakimiyyəti xeyli dərəcədə zəiflədirdi. Bundan istifadə edən Rusiya öz mövqelərini Azərbaycanda möhkəmləndirmək üçün hərəkətə keçdi. Surət Hüseynov da həmin vaxt Rusiyanın Hərbi Kəşfiyyat İdarəsinə bağlı şəxs idi. Onun Gəncədə yerləşən hərbi hissələrlə çox sıx əlaqəsi var idi. Onun faktiki olaraq müdafiə nazirindən üstün statusu mövcud idi. Onu milli qəhrəmana çevirmişdilər. Milli qəhrəman adını da ona AXC hakimiyyəti vermişdi. Surət Hüseynovun hakimiyyəti ələ almaq haqqında informasiyalar AXC-Müsavat cütlüyünün yüksək eşelonuna bəlli idi. Bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməyə başlandı. Surət Hüseynov hərəkətə keçməzdən əvvəl Gəncədə hökumət hərəkətə keçdi, lakin çox səriştəsiz bir əməliyyat aparıldı. Bu əməliyyat Surətə imkan verdi ki, Gəncədən çıxsın və hakimiyyəti tam ələ ala bilsin. Həmin vaxt xalq da hakimiyyətlə birlikdə deyildi. Çünki itirilən Kəlbəcərin acısı var idi. Gəncədə milli qvardiyanın güllələnməsi ilə vətəndaş müharibəsinin əlamətləri görünürdü. Bu vəziyyətdən çıxmağın yeganə yolu da Heydər Əliyevin hakimiyyətə gətirilməsi idi. Çox yanlış olaraq, o dövrdə hakimiyyətdə olanlar Heydər Əliyevi qiyama bağlamaq istədilər. Özlərinin səriştəsizliyini ört-basdır etmək üçün belə yola əl atmışdılar. Tarixi həqiqət sonrakı illərdə bir daha özünü sübut etdi. Heydər Əliyev Rusiyanın planlarını pozdu. O zaman qiyama qarşı idim və bir sıra şəxslərlə telekanallara da çıxdım. Xalqı qiyama qarşı durmağa səslədim. Vəziyyətdən çıxış yolu üçün iyunun 6-da Becan Fərzəliyevlə mən hökumət telefonumdan Əbülfəz Elçibəyə zəng vurduq və Heydər Əliyevin Naxçıvandan Bakıya qaytarılması təklifini irəli sürdük. Bu faktı ilk dəfədir açıqlayıram. Elçibəy bu təklifimizə reaksiya vermədi. İyunun 9-da Milli Məclisdə keçirilən iclasda mən də iştirak edirdim. Həmin vaxt maliyyə naziri olan Saleh Məmmədova dedim ki, Elçibəylə görüşək və yeganə çıxış yolu kimi Heydər Əliyevin Bakıya gəlişini göstərək. Razılaşıb, hətta Elçibəyin yanında da olduq. Aramızda 40 dəqiqəyə yaxın söhbət oldu. Mən də, Saleh bəy də çıxış yolu kimi Heydər Əliyevin Bakıya dəvət olunması və Milli Məclisin sədri kimi fəaliyyət göstərməsini gördük. O zaman Elçibəy bildirdi ki, belə bir fikri var. Sonradan bu təklifimiz reallaşdı, Heydər Əliyev Bakıya gəldi və Milli Məclisin sədri seçildi. Gəncəyə gedib Surətlə də görüşdü. Onun fenomen şəxsiyyət obrazı, nüfuzu qiyam rəhbərini düşünməyə vadar etdi. Məhz bu səbəbdən Heydər Əliyevin parlament sədri olmasına müqavimət göstərmədi. Rəhbər olandan sonra Heydər Əliyev Surəti neytrallaşdırmaq üçün doğru olaraq onu baş nazir gətirdi. Başqa variant da yox idi. Bununla ölkədə nəzarəti tam ələ almaq mümkün oldu. 1994-cü ildə Surət ikinci dəfə qiyama cəhd etdi. Çünki Rusiya istədiyinə ilk qiyamda nail ola bilməmişdi. Həmin dövrün oktyabr hadisələrində təəssüflər olsun ki, OMON-çular da Rövşən Cavadovun rəhbərliyi altında bu qiyama qoşuldular. Lakin Heydər Əliyevin çağırışı ilə meydana gələn yüz minlərlə insan Rövşəni düşünməyə vadar etdi, o, Heydər Əliyevlə danışıqlara getdi və nəticədə Surət təkləndi. O, istefaya göndərildi və həbs edildi. Bununla da Surətin qaldırdığı hər iki qiyam xalqın dəstəyi ilə iflasa uğradı və dövlətçilik qorundu, xalqımız böyük təhlükədən xilas oldu. Sonrakı gedişatlar isə hər kəsə məlumdur”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …