Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / İşdən qovulan vergi generalına yüksək vəzifə verildi – təfsilat

İşdən qovulan vergi generalına yüksək vəzifə verildi – təfsilat

Vergilər naziri Mikayıl Cabbarovun bir qədər öncə işdən qovduğu  Vergi Auditi Departamentinin sabiq rəisi Habil Məmmədova yeni vəzifə verilib. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, sabiq vergilər naziri Fazil Məmmədovun ən yaxın adamlarından sayılan Habil Məmmədov 1995-ci ildən vergi orqanlarında sahibkarlara divan tutulması prosesinin əsas təşkilatçılarından biri hesab olunur: “Bir müddət öncə mətbuatda adı halanan H.Məmmədov orta və iri sahibkarlardan rüşvət toplanması sxeminin yaradıcısı olduğu, vergi qanunvericiliyində sahibkarlar üçün “tələ”lərin düşünülüb hazırlanmasında “əvəzsiz” rol oynadığı qeyd edilirdi. Bu “tələ”lərə düşən sahibkarlar oradan çıxardılmaq üçün iri məbləğdə pullar ödəməyə məcbur ediliblər. H.Məmmədovun keçmiş MTN başçısı Eldar Mahmudovun dəstəsi ilə yaxın münasibətlərdə olduğuna dair məlumatlar da var. Konkret desək,  H.Məmmədovun verdiyi məlumatlara əsasən, iri sahibkarlar MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb, orada var-dövlətləri, milyonları əllərindən alınıb”
Mənbənin bildirdiyinə görə, bu yaxınlarda H.Məmmədov yenidən dövlət strukturunda mühüm vəzifəyə gətirilib: “Sabiq vergi generalı Əmanətlərin Sığortalanması Fondu sədrinin müşaviri təyin olunub. Bu vəzifədə ona bağlanmış bankların sahibkarlara verdiyi kreditləri toplamaq tapşırılıb. Ehtimallara görə, H.Məmmədov vergilər sistemində ləkələnmiş kadrlarını bu işə cəlb etmək niyyətindədir və sahibkarlara qarşı Vergilər Nazirliyində işlədiyi dönəmdə hazırladığı “alətlər”dən istifadə edəcək”.
Prezident İlham Əliyevin hökumətin 2018-ci ilin yekunlarına dair keçirdiyi toplantıda vergi sahəsində uzun illər özbaşınalığın hökm sürdüyünü, bir çox xoşagəlməz əməllərin müşahidə olunduğunu qeyd etmişdi. “Əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir… Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar”, deyə prezident bildirib. 
Lakin H.Məmmədovun yenidən vəzifəyə gətirilməsi bəzi dairələrin dövlət başçısının tapşırıqlarına qarşı cıxdığını dəlalət edir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …