Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / İşdən çıxarılan məmurların müdafiəsinə qalxan deputata dəstək gəldi

İşdən çıxarılan məmurların müdafiəsinə qalxan deputata dəstək gəldi

Fəzail Ağamalı: “Onun fikirlərini bölüşürəm…”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın parlamentin son sessiyasında Azərbaycanda məmurların qorunması ilə bağlı səsləndirdiyi fikirlər müzakirələr doğurub. Deputat bildirib ki, Azərbaycanda məmurları qoruyacaq heç bir mexanizm yoxdur.

O qeyd edib ki, ölkədəki məmurlar öz işlərini bilən savadlı və dürüst mütəxəssislərdir: “Müəssisə sahibi, komitə sədri, nazir dəyişən kimi məmurların problemləri yaranır. Hər bir nazir, ya komitə sədri ”öz meyarlarını” gətirir və oranı istədiyi kimi idarə edir. “Sözə baxmayanları” isə istədiyi vaxt işdən çıxarır. Heç  nəyi, o cümlədən həmin məmurun keçmiş fəaliyyətini nəzərə almır. Ona görə də məmurları qoruyacaq hüquqi mexanizmlərin yaradılmasına ehtiyac var. Parlament bu məsələdə  öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

F.Mustafa öz fikirlərinə “Yeni Müsavat”da daha geniş şərh verdi: “Burada əsas məsələ odur ki, məktəbdən tutmuş, nazirliyə qədər yeni vəzifələrə təyin olunmuş şəxslər guya islahatlar aparır, islahatlar bir kənarda qalır, ilk işləri vəzifə dəyişikliklərinə başlamaq olur. Mətbuatdan siz də oxuyursunuz ki, beş nəfəri çıxardı, yerinə öz yaxın adamını gətirdi, yaxud on nəfər çıxarıb yaxın adamlarını həmin vəzifələrə təyin etdi. Çıxarılanların böyük əksəriyyətinə də orden, mükafatlar, əməkdaş işçi filan kimi adlar verilib. Bunun müqabilində bu şəxslər bir günün içərisində vəzifələrini itirirlər. Məmur yetişdirmək asan məsələ deyil ki. Yaxın adamlarını vəzifələrə yerləşdirmək üçün uzun illər çalışmış məmurları vəzifələrindən uzaqlaşdırmağın heç bir adı yoxdur. Ümumi şəkildə hamıdan ərizə alırlar, ərizəni yaz, özüm bilirəm kimi saxlayacam vəzifədə, kimi yox. Bu da ”məmur soyqırımı”na gətirib çıxarır. Azərbaycanda artıq keyfiyyətli məmur yetişmir. Bu da dövlət üçün böyük təhlükədir. Ona görə bu məsələni gündəmə gətirdim.

Elə dövlət qurumları var ki, uzun illərdir işləyib, nazir nə deyibsə onu icra edib. Nazirin dediyini icra edənləri bəzən görürsən ki, düşmən olaraq vəzifələrindən çıxarırlar. Nəticədə onlar da küçələrə düşüb iş axtarmağa başlayırlar. Həmin şəxslərin peşə dəyişmək, başqa peşələrdə işləmək imkanları yoxdur. Onların ailələri, arxalarında duran insanlar var, sıxıntı içərisində insanları yaşamağa məcbur etmək olmaz. Məmurları əsassız şəkildə işdən çıxarmaq yolverilməzdir. Əgər bir məmur barəsində cinayət işi varsa, korrupsiya halları mövcuddursa, bu başqa məsələ. Məmur əgər işini normal yerinə yetirirsə, mütləq o çıxmalıdır, rəhbərin yaxın adamı gəlməlidir kimi yanaşma tam absurddur. Azərbaycanda bu cür hallara son qoyulması, qanunvericiliklə bu kimi halların qarşısının alınması çox vacibdir. Bununla bağlı hüquqi mexanizmlərin yaradılmasının birinci vacib şərti məhkəmənin müstəqilliyidir. Əgər müstəqil məhkəmə olsa, kimsə cəsarət edib məmuru bu şəkildə çıxara bilməz. Elə qurumlar var ki, onu məhkəməyə vermək imkanı yoxdur. Versən də məhkəmə haqlı və ya haqsız onların xeyrinə qərar çıxaracaq. Məhkəmələrə şərait yaratmaq lazımdır ki, bu şəkildə vəzifələrini itirən məmurların hüquqlarını qoruya bilsin. Bu məsələlərlə bağlı parlamentin üzərinə qanunvericilik qəbul etmək düşür. Çünki bizim nəzarət funksiyamız yoxdur. Sözümüzün də elə bir kəsəri yoxdur. Heç bir quruma söz deyə bilmirik. Ancaq büdcə layihəsinin müzakirəsinə fikrimizi bildiririk, o da nəzərə alına və ya alınmaya. Ona görə bunlara təsir gücümüz yoxdur. Sadəcə, qanunvericiliklə onların işlərini yüngülləşdirici addımlar ata bilərik. Əsas ağırlıq məhkəmələrin üzərinə düşür. Çevik məhkəmə mexanizmi olmalıdır ki, qısa müddətdə işdən çıxarılmış məmurun işinə baxılsın. Çünki bu dövlətə güvəni sarsıda bilər. Maraqlıdır ki, çıxarılan insanların baxanda onların böyük əksəriyyətinin prezident tərəfindən təltif edildiyini görürük. Belə insanları çölə atmağın hansı əsasları var? Əgər vəzifələrinə layiq deyildilərsə, necə təltif olunurlar? Hakim partiyanın içərisində də kifayət qədər qabiliyyətli, keyfiyyətli insanlar var. Onlar uzun illər məmur kimi fəaliyyət göstəriblər. Hakim partiyanın üzvünə niyə bu münasibət göstərilir? Bunların hamısı ciddi şəkildə müzakirə olunmalı məsələlərdir. Onun üçün də bunları gündəmə gətiririk”.

Fəzail Ağamalı ile ilgili görsel sonucu

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı həmkarının dediklərinə haqq qazandırdı: “Fazil bəyin danışığını mən başqa kontekstdə başa düşdüm. O, ümumiyyətlə, aparılan kadr dəyişikliklərinə öz mənfi münasibətini bildirmədi. Sadəcə olaraq, ölkə prezidentinin səlahiyyətində olan nazirliklərin, komitə sədrlərinin təyinatından sonra gələn nazir və ya komitə sədrinin dərhal uzun illər boyu çalışan, təcrübə toplayan, öz sahəsinin peşəkarı olanları işlərindən kənarlaşdırmasına və özlərinə yaxın olanları vəzifələrə gətirməsinə mövqe bildirdi. Düşünürəm ki, Fazil bəy bu istiqamətdən narahatçılıq keçirdiyini ifadə etdi. Onun fikirlərini bölüşürəm. Dünyanın inkişaf etmiş ölkələrinin hər birində əgər təsnifat aparsaq görərik ki, nazirlər dəyişir, amma müşavirlər, ayrı-ayrı sahələr üzrə fəaliyyətini quranlar vəzifələrində qalırlar. Çünki onlar sahələrinin peşəkarıdır.

Amerika, Türkiyə və digər dövlətlərdə bu belədir. Fazil bəy bu cür yanaşma ilə fikirlərini ifadə etdi. Onu da bu baxımdan anlamaq olar. Ölkə prezidentinin son 5 ilə apardığı kadr islahatları kifayət qədər düşünülmüş, əsaslandırılmış kadr siyasətidir. Ölkə rəhbərinin etimadını qazananlar, xalqa xidmət edənlər, Azərbaycan dövlətinə töhfə verənlər tutmuş olduqları vəzifələrə davam edirlər. Hansı nazir və ya komitə sədri prezidentin etimadını itirirsə, xalqa və dövlətə xidmət etmək əvəzinə, neqativ işlərlə məşğul olursa, ölkə rəhbərinin onlara qarşı barışmaz mövqeyi ortadadır.

Onlar vəzifə başında qalmırlar. Bu baxımdan prezidentin kadr siyasətinə müsbət yanaşıram. Xüsusi olaraq, bu il prezident seçkilərindən sonra ölkə prezidentinin kadr siyasətində kifayət qədər təcrübəsi olan gənc nəslə mənsub insanların irəli çəkilməsi çox müsbət haldır. Bu addımlar ancaq alqışlanmalıdır. Ümidvaram ki, onlar özlərindən əvvəlki sələflərinin səhvlərini təkrarlamayacaqlar, sona qədər ölkə rəhbərinin  etimadını doğruldacaqlar, potensiallarını xalqa və dövlətimizin inkişafına sərf edəcəklər. Bildiyim bir faktı deməyi borc bilirəm. Vaxtilə ”Azərenerji”də regional qurumlar yaradıldı, islahat adı altında müxtəlif dəyişikliklər edildi, orada çoxsaylı mütəxəssislər kənara qoyuldu, elektrik enerjisi ilə hər hansı bir bağlılığı olmayanlar elektrik sisteminə cəlb edildi. Bu ayrı-ayrı qurumlarda bəzən özünü ifadə edir ki, illər uzunu çalışıb, təcrübə qazanıb, potensialı, enerjisi var, amma biri vəzifəyə gələn kimi belə insanları qoyur kənara, yeni şəxslər gətirir. Yeni şəxslər də 5 il işləyir, yeni gələn də onları çıxarır, başqaları ilə əvəzləyir. Bu ənənəyə son qoymaq lazımdır. Mənə elə gəlir ki, Fazil bəyin dediyi fikirlərdə bu məqsədlər dayanır”.

Həmçinin oxuyun

Ordumuza təslim olan mayor erməni xalqına müraciət edib: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” – VİDEO

Döyüşlərdə Azərbaycan Ordusuna təslim olan erməni əsir xalqına müraciət edib.Təqaüddə olan milis mayoru Edik Solakoviç …