Ana səhifə / Aktual / İş adamları birbaşa Miqrasiya Xidmətinin rəhbərinə müraciət edə biləcəklər

İş adamları birbaşa Miqrasiya Xidmətinin rəhbərinə müraciət edə biləcəklər

Bu gün Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynovun rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən yerli və xarici iş adamları ilə görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşün məqsədi Dövlət Miqrasiya Xidməti tərəfindən verilən iş icazələri, əmək miqrasiyası kvotası barədə işəgötürənlərə zəruri məlumatların çatdırılması, əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan çətinliklərin, sahibkarları narahat edən məsələlərin və digər faydalı, işgüzar mövzuların müzakirəsidir.
Dövlət Miqrasiya Xidmətinin rəisi əməkçi miqrantların respublikada haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydaları və şərtləri barədə söhbət açıb. V.Hüseynov Prezident İlham Əliyevin Dövlət Miqrasiya Xidməti qarşısında müəyyən etdiyi vəzifələrdən, qəbul edilmiş Dövlət Proqramlarının uğurlu icrasından, ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, respublikada həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunmuş nailiyyətlər, özəl sektorun inkişafına yaradılan münbit şərait ölkəmizdə iş adamlarına səmərəli fəaliyyət üçün mühüm imkanlar yaradıb.
Respublikada özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi, əlverişli biznes və investisiya mühitinin formalaşdığı bir vaxtda Dövlət Miqrasiya Xidməti də qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək. Bununla bağlı Xidmət tərəfindən hər zaman özəl sektora diqqət göstəriləcək, işəgötürənlərlə mütəmadi görüşlər keçiriləcək.
İş icazələrinin verilməsi prosesini təkmilləşdirmək, şəffaflığı artırmaq və sahibkarların müraciətlərinə operativ baxılmanı təmin etmək məqsədi ilə DMX-də iş icazələrinə baxılma üzrə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəhbərinə müraciət imkanı təmin edən qaynar xətt yaradılıb. Xidmətin rəsmi saytında xüsusi pəncərədə qaynar xətt nömrəsi və elektron ünvan yerləşdirilib. V.Hüseynov bildirib ki, işəgötürən DMX ilə bağlı hər hansı problemlə qarşılaşsa və yaxud iş icazələrinin verilməsi ilə əlaqədar sualı yaranarsa, dərhal həmin qaynar xətt vasitəsilə birbaşa Xidmətin rəhbərinə müraciət edə bilər.
Xidmət rəisi qeyd edib ki, respublikaya investisiya qoyan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazələri ilə bağlı məsələlər qanunvericilik baxımından kifayət qədər sadələşdirilib. V.Hüseynov vurğulayıb ki, dövlətimizin başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, Dövlət Miqrasiya Xidməti bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində işəgötürənlərin iş icazəsi ilə, əmək miqrasiyası kvotası ilə bağlı müraciətlərinə tam şəffaf şəkildə baxılmasını təmin edəcək. Bununla bağlı məlumatların rahat, əlçatan formada saytda yerləşdirilməsi təmin ediləcək. Həmçinin ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarlar konfederasiyalarının, iş icazələri üçün müraciət edən iri şirkətlərin nümayəndələrinin təmsil edildiyi iş icazələri ilə bağlı Şuranın yaradılması üzrə danışıqlara başlanılıb və qısa müddətdən sonra Şuranın fəaliyyəti barədə məlumat ictimaiyyətə təqdim ediləcək.
Həmçinin iş icazələrinin verilməsi ilə bağlı xidmət tərəfindən tətbiq edilən yeniliklər, tövsiyələr və qanunvericilikdə olan dəyişikliklər barədə sahibkarları məlumatlandırmaq üçün mütəmadi e-bülletenlər hazırlanaraq elektron qaydada sahibkarlara göndəriləcək. Xidmətin saytında belə elektron bülletenlərin və məlumatların əldə edilməsi üçün e-poçtların təqdim edilməsi imkanları da təmin olunub.
Xidmət rəisi sahibkarlıq subyektlərinin, işəgötürənlərin də əcnəbi işçi qüvvəsini haqqı ödənilən əmək fəaliyyətinə cəlb etmələri ilə bağlı müəyyənləşdirilmiş prosedurlara əməl etmələrinin vacibliyini diqqətə çatdırıb. Daxili əmək bazarının qorunması üçün Xidmətin üzərinə düşən vəzifələri qeyd edib.
Bildirib ki, Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na görə əcnəbilərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi hər təqvim ili üzrə müəyyən edilmiş kvota çərçivəsində həyata keçirilir. 2018-ci təqvim ilində Azərbaycanda əmək miqrasiya kvotası 7270 nəfər müəyyən olunub.
Qeyd edək ki, Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Görüş faydalı və işgüzar mövzuların müzakirəsi ilə davam etdirilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …