Ana səhifə / Aktual / İraqdakı azərbaycanlı İŞİD-çilərin ailələrinin taleyi barədə şok təfərrüatlar

İraqdakı azərbaycanlı İŞİD-çilərin ailələrinin taleyi barədə şok təfərrüatlar

Üç yaşlı Abdulla və iki yaşlı Xədicə hazırda İraq sığınacaqlarında qalan yeganə azərbaycanlı uşaqlar deyillər. İraq ərazisində vaxtilə \”İslam dövləti\” (İŞİD) beynəlxalq terror təşkilatına qoşulmuş azərbaycanlı silahlıların çox sayda uşaqları və həyat yoldaşları var.

Bu barədə Sputnik Azərbaycan-a ölkəmizin İraqdakı səfirliyindən məlumat verilib.
Sputnik Azərbaycan-ın daha əvvəl verdiyi məlumata görə, Bağdaddakı sığınacağa iki və üç yaşlı azərbaycanlı bacı-qardaş Xədicə və Abdulla yerləşdirilib. Bu uşaqların valideynləri hərbi əməliyyatlar zamanı ölüblər. RT telekanalının müxbirləri sığınacaqda Xədicə və Abdullanı videoya çəkiblər. Uşaqlar özləri haqqında heç nə bilmirlər. Onları sentyabrın 12-də Təl-Afərdən gətiriblər.
Bununla yanaşı hazırda Azərbaycan diplomatları oradakı qadın və uşaqları qısa müddətdə Azərbaycana göndərmək üzərində işləyirlər.

\”Biz İraqın müvafiq strukturları ilə danışıqlar aparırıq. İraqın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayırıq. İraq hökuməti bizimlə çox dostcasına davranır və mümkün olan hər şeyi edir ki, bizə bu mürəkkəb məsələnin həllində yardım etsin. Uşaqların çoxu sənədsizdir. Onların içində İraq ərazisində doğulanlar da var ki, özləri və valideynləri haqqında heç nə bilmirlər. Onların şəxsiyyətini müəyyən etmək, sənədlərini yığmaq lazımdır. Bütün bunlar vaxt və qüvvə tələb edir\” — deyə səfirlikdən bildiriblər.
Səfirliyin məlumatına görə, uşaq və qadınlar müxtəlif yerlərdədir: Bağdadda, Təl-Afərdə, Mosulda. Hazırda işləri asanlaşdırmaq üçün silahlıların uşaqlarını eyni sığınacağa toplamağa çalışırlar. Qadınlarla bağlı məsələ daha çətindir. Onlar təhlükə yaratdıqları üçün düşərgələrdə saxlanılırlar. Onların arasında İŞİD-in terror əməliyyatlarında birbaşa iştirak edənlər də var. Ona görə də qadınların terror təşkilatlarındakı fəaliyyətlərdə iştirakı ilə bağlı məsələlər araşdırılır.

Səfirlikdən onu da bildiriblər ki, İraqın hüquq-mühafizə orqanları qadınların yanına heç kimi buraxmırlar. Onlar təcrid olunublar.
\”Biz ilk növbədə qadın və uşaqlara zəruri tibbi yardım göstərlməsinin qayğısına qalırıq. Uşaqlar arasında yaralılar, xəstəliklərdən əziyyət çəkənlər var. Onları ərzaq məhsulları ilə təchiz edirik. Sabah bizim Beynəlxalq Qırmızı Xaçın nümayəndələri ilə görüşümüz olacaq. Onlar bizə düşərgədəki azərbaycanlı məhbuslarla əlaqə qurmağa kömək edəcəklər\” — deyə səfirlikdən bildiriblər.
Səfirlik əməkdaşının sözlərinə görə, paralel olaraq vətəndaşlarımızı Azərbaycana qaytarma mexanizmi işlənib hazırlanır. Hələlik qadın və uşaqların sənədlərinin harada qeydiyyatdan keçəcəyi məlum deyil. Günahkarların harada cinayət məsuliyyətinə cəlb ediləcəyi məsələsi isə ikinci dərəcəlidir. Əsas məsələ onları vətənə qaytarmaqdır. Əvvəlcə bu şəxslərin yerli hakimiyyət tərəfindən Azərbaycan diplomatlarına verilməsinin mexanizmləri hazırlanmalıdır.

\”Əsas odur ki, İraq bu problemə anlayışla yanaşır və bizimlə görüşə gəlir. İnsanların siyahısı böyükdür, nə qədər ki, iş davam edir, biz rəqəmləri açıqlamağa hazır deyilik\” — deyə İraq səfirliyindəki diplomat bildirib.
Qeyd edək ki, İraq ərazisində xeyli sayda azərbaycanlı qadın və uşaqların olmasından Azərbaycan diplomatları Mosulun İŞİD yaraqlılarından azad edilməsindən dərhal sonra xəbər tutublar. Məlumata görə, demək olar ki, İraqın bütün ərazisi İŞİD-dən təmizlənib. Lakin terrorçular ayrı-ayrılıqda öz mövcudluqlarını biruzə verirlər. Təhlükə hələ də qalmaqdadır.
Rəsmi məlumatlara görə, 900-dək Azərbaycan vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqdakı terrorçulara qoşulub. Bu rəqəmləri 2017-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev açıqlayıb.
Onun sözlərinə görə, bu şəxslərin əksəriyyəti hərbi əməliyyatlar zamanı öldürülüb, 84 nəfərsə geri qayıdaraq Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilib. Radikal islamçıların 151 tərəfdarı isə silahlı qruplaşmalara qoşulduğuna görə Azərbaycan vətəndaşlığından məhrum edilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın