Ana səhifə / Aktual / İran gömrüyündə azərbaycanlıya qarşı tərbiyəsizlik – Şikayət

İran gömrüyündə azərbaycanlıya qarşı tərbiyəsizlik – Şikayət

İran gömrüyündə mənə və ailə üzvlərimə qarşı edilən haqsızlıq səbəbi ilə Azərbaycan Xarici İşlər Nazirliyinə və İran səfirliyinə etdiyim müraciətlərə hələ heç bir cavab verilməyib.

Bu sözləri Axar.az-a Astara gömrük-keçid məntəqəsində İran gömrükçülərinin futbola baxdıqları üçün Azərbaycan vətəndaşlarının yoxlanışını gecikdirib, saatlarla gözlətməsinə etirazını bildirdiyi üçün təzyiqlərlə üzləşən və nəticədə İrana girişinə qadağa qoyulan Cəmaləddin Əlizadə bildirib.

Şikayətçi bildirib ki, Masallı rayonunda yaşasa da, XİN-ə və İran səfirliyinə məktub göndərmək üçün Bakıya gəlib:

“Problemin həllini tapması üçün davamlı müraciət etmək fikrim var. Bu işdə ən yuxarı instansiya İran səfirliyidir. Bu problemi ancaq İran səfirliyi araşdıra və həll edə bilər”.

C.Əlizadə bildirib ki, məsələ araşdırılsa və İran gömrük məntəqəsindəki müşahidə kameralarına baxsalar, problem aydınlaşar:

“Müşahidə kameralarına baxsalar, mənim gömrük işçisinə qarşı heç bir kobud rəftar etmədiyim aydın olar. Orada mənimlə bərabər gözləyən yüzlərlə vətəndaş var idi. Buna baxmayaraq, gömrükçülər vətəndaşları qəbul etmək əvəzinə futbol izləyir, vətəndaşlara fikir vermirdilər”.

Qeyd edək ki, Masallı rayonu Miyankü kənd tam orta məktəbinin müəllimi Cəmaləddin Əlizadə İranın Astara gömrük-keçid məntəqəsində ona və ailəsinə qarşı edilmiş biabırçı hadisə haqda məlumat paylaşıb. O bildirib ki, İran gömrük işçiləri futbola baxdıqları üçün Azərbaycan vətəndaşlarını “sistemdə problem var” bəhanəsi ilə yoxlamırmış. Sonra o, işçilərə vətəndaşlara qarşı hörmətsizlik etdiklərini, növbədə xeyli adamın saatlarla gözlədiyini deyəndə onun üstünə hücum çəkiblər və oğlu ilə onun pasportlarını alıb yerə çırpıblar. Sonra isə onlara deportasiya edildiklərini deyiblər.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …