Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / İqtisadiyyatı pandemiyadan necə qorumaq olar – TƏHLİL

İqtisadiyyatı pandemiyadan necə qorumaq olar – TƏHLİL

Deyirlər, “Sən saydığını say, görək, fələk nə sayır”. 2019-cu ili çox uğurla başa vurmuşduq. Həmin ilin sonuncu günündə ağlımıza da gəlməzdi ki, bu ilin elə birinci rübündə iqtisadıyyatımız pandemiya bəlası ilə üzləşəcək. Nəticədə keçən il başlanılan islahatlar qismən sığorta tədbirlərilə əvəzlənəcək, sosial istiqamətdə həyata keçirilən inqilabi addımların davamı kompensasiya, müvafiq maliyyə yardımları və güzəştlər ucbatından çətinləşəcək.

Lakin ilin əsas hissəsi hələ qarşıdadır. Xatırladım ki, keçən il 4,2 milyon nəfəri əhatə edən iki böyük sosial paket həyata keçirildi. Minimum əməkhaqqı 1 ildə 2 dəfə artırılaraq 130 manatdan 250 manata, minimum pensiya isə 116 manatdan 200 manata çatdırıldı. Qeyd olunan göstəricilər yaşayış minimumu göstəricisini keçdi. Əlavə olaraq, bütün müavinətlər də yüksəldildi, yeni müavinət növlərinin də tətbiqinə başlanıldı. O cümlədən, dövlət büdcəsindən maliyyələşən sahələrdə və dövlət orqanlarında çalışan işçilərin də aylıq əməkhaqqları dövlət başçısının müvafiq sərəncamları ilə artırıldı.
Problemli kreditlər məsələsi də həllini tapdı. Ümumiyyətlə, bütövlükdə cəmi 1 il ərzində dövriyyəyə 4,2 milyon nəfəri əhatə edən maliyyə tutumu 2,3 milyard manat olmaqla, gələcək üçün artıq xərc vəsaitinin qarşılanması tələbi ortaya qoyuldu.

Bütün bunlar nəyin hesabına başa gəldi? Sözsüz, ən başlıcası “kölgə iqtisadiyyatı”na qarşı aparılan mübarizənin, yəni həm inzibati metodların sərtləşdirilməsi, həm də büdcə-fiskal, gömrük və vergi sahəsində aparılan islahatların nəticəsində əldə olunan uğurların hesabına. 2019-cu ildə vergi və gömrük orqanlarının xəttilə büdcəyə 1 milyard manat əlavə vəsait daxil oldu. Və bu gəlirlər dövlət tərəfindən əhalinin sosial, iqtisadi cəhətdən müdafiəsini yaxşılaşdırmaq üçün islahatları dərinləşdirməyə yol açdı. O cümlədən, 2019-cu ildən Vergi Məcəlləsində qüvvəyə minən 300-ə qədər əlavə və dəyişikliklər də bunda rol oynadı.

Dövlət başçımız İlham Əliyev demişkən, 2020-ci ili də pis başlamamışdıq. Yanvar-fevral aylarında ümumi daxili məhsul (ÜDM) 2,8 faiz, o cümlədən, qeyri-neft sektoru 6,7 faiz, qeyri-neft sənaye sahəsi 21,7 faiz artmış, inflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olmaqla, sonuncu birincini üstələmişdir. Yeri gəlmişkən, birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat bəlli olduğundan, qeyd edə bilərəm ki, vergi və gömrük orqanları ilk 3 ayda dövlət büdcəsinə müvafiq surətdə 221 milyon və 91 milyon manat olmaqla, ümumilikdə 300 milyon manatdan çox vəsait daxil ediblər. “Əlbəttə, bizim ümidlərimiz ondan ibarət idi ki, il boyunca bu dinamika özünü saxlayacaq, beləliklə, büdcəmizə əlavə gəlirlər gələcək və bunun hesabına əlavə sosial proqramların icrası mümkün olacaq”, -deyə, Prezident qeyd edib. Amma…

Koronavirusla bağlı pandemiya milli iqtisadiyyatımıza həm dünyaya sirayət etməklə kənardan, həm də daxildə yayılaraq, içdən ciddi şəkildə zərər vurdu. Ölkə iqtisadiyyatı hələ belə şok yaşamayıb. Ən acınaqlısı isə odur ki, proses hələ davam edir və nə vaxt qutaracağı bilinmir. Ona görə də, çox çətin vəziyyət yaranıb. Dövlətin və hökumətin qarşısında birdən-birə iki olduqca vacib və mühüm məsələni həll etmək vəzifəsi yaranıb. Birincisi, əhalinin sağlamlığı qayğısına qalmaq, ikincisi isə iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı olmasından, həmçinin maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulmasından və baş verə biləcək misilsiz tənəzzüldən sığortalamaq.

Azərbaycan dövlətinin və hökumətinin yaranmış vəziyyətlə əlaqədar çevik reaksiyası, yuxarıda qeyd etdiyim hər iki vəzifəni həll etmək istiqamətində operativ fəaliyyəti və atdığı addımlar alqışlanmalıdır. Hər iki vəzifənin icrası sinxron həyata keçirilməkdədir.

Dövlət başçımızın koronavirus pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaq ilə bağlı bir sıra tədbirlər haqqında imzaladığı 19 mart 2020-ci il tarixli Sərəncamı çox əhəmiyyətli oldu. Məlumdur ki, Sərəncamla cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Ölkəmizin böyük maliyyə ehtiyatları olduğundan, bundan da artıq vəsait ayırmaq mümkündür. Lakin əsas, bu deyil. Azərbaycanın mövcud valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çoxdur.

Sözügedən sərəncamla yaradılan İşçi Qrupun pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaqla bağlı hazırladığı və hökumətin həyata keçirəcəyi tədbirlər bəllidir. Bunlar hansılardır?

Birincisi, özəl sektorda çalışan ümumən 640 min işçinin 304 min nəfərinin (45 faizinin) maaşları ödəniləcək, ikincisi, 290 mindən çox mikro və fərdi sahibkara maliyyə dəstəyi göstəriləcək, üçüncüsü, biznes üçün müxtəlif xarakterli vergi güzəştləri, tətilləri və imtiyazlar olacaq, dördüncüsü, vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək, beşincisi, əhalinin elektrik enerjisinin kommunal limiti 100 kvts artırılır, altıncısı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə yardım ediləcək, yeddincisi, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək həyata keçiriləcək və sair…

Ölkə iqtisadiyyatına koronavirusun vurduğu və vurmaqda davam etdiyi zərərləri, o cümlədən, neftin ucuzlaşmasının yaratdığı təsirləri aradan qaldırmaq, həmçinin bütün bunlardan sığortalanmaq üçün düzgün istiqamətləndirilərsə heç, 1 milyard ABŞ dollarına ehtiyac yoxdur. Vacib olan vəsaitin düzgün xərclənməsidir. Məsələn, hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi ilə çalışan muzdlu işçi olduğu deyilir. Hansı ki, bunun 915 mini dövlət və neft, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Dövlət büdcəsindən maaş alanlar onsuz da sığortalıdırlar. Bizdə hüquqları ən çox tapdalanılan məhz özəl sektordakılardır. Böhran həmişə ilk olaraq, onları vurur. Koronavirusun da iqtisadi qurbanları əsasən özəl sektorda çalışanlardır. Üstəlik, pandemiya ilə əlaqədar sosial izolasiya tələbləri ilə bağlı lap, pis vəziyyət yaranıb.

Ancaq məsələ bundadır ki, dövlət qoyduğu məhdudiyyətlər ilə əlaqədar tələblərin mənfi təsir və təzyiqlərin qarşısından qaçmır. Belə ki, 304 min muzdlu işçi 44 min sahibkarlıq subyektini əhatə edir ki, onların maaşları dövlət tərəfindən ödəniləcək. Bu, həm vətəndaşlara, həm də birbaşa olaraq özəl sektora dəstəkdir. Üstəgəl, 290 mindən çox mikro və fərdi sahibkar… Bu, 600 minə yaxın faktiki olaraq, fiziki şəxs deməkdir. Çünki söhbət, fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir.

Sözün qısası, pandemiyadan zərər çəkmiş sahələr 4 böyük sektoru və 20 fəaliyyət istiqaməti əhatə edir ki, bu zaman, ən çox zərər dəyən, əhəmiyyətli dərəcədə, minimal təsirə məruz qalan və heç qalmayan sahələr təsnif edilib. Dövlət dəstəyinin ümumən 2,5 milyard manat təşkil edəcəyi deyilir ki, bu da ÜDM-in 3 faizidir. Ancaq görək, cari ilin yekununa proqnozlara əsasən adı çəkilən göstərici keçən ilki 81 milyarda rəğmən, 83 milyard manat təşkil edəcəkmi? Bu, ayrı söhbətin mövzusudur. Sözüm bunda deyil.

Keçən il sosial sahədə startı verilən genişmiqyaslı maliyyələşdirmə tədbirləri üzrə 2020-ci ildə də bəzi sahələr üzrə əməkhaqlarının əlavə olaraq artırılması nəzərdə tutulurdu ki, nəticədə 2019-cu ildə tətbiq olunan və 2020-ci ilə proqnoz edilən artımlar üçün 4 milyard manata qədər əlavə vəsait xərclənəcəkdi. Bunun 2,5 milyard manatını artıq, koronavirus “mənimsədi”. Ancaq əsas bu, deyil. Başlıcası odur ki, vətəndaşlarımız kimi iqtisadiyyatımız da bütün sektorlar üzrə pandemiyadan maksimum səviyyədə sığortalanmalı və sağ-salamat çıxmalıdır.

Pərviz Heydərov

Həmçinin oxuyun

“Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb” – Şəhid Milli Qəhrəmanının atası

“Mən oğlum Milli Qəhrəman Şükür Həmidovun Qubadlının azadlığı uğrunda şəhid olmasından təsəlli tapıram. Övladımın qanı …