Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / İqtisad Universitetində yeni dəyişikliklər: maaşlar qalxdı – 5000 min alan müəllim olacaq

İqtisad Universitetində yeni dəyişikliklər: maaşlar qalxdı – 5000 min alan müəllim olacaq

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ilinin ilk Elmi Şurasının iclası keçirilib.

Universitetdən Mia.az-a verilən məlumata görə, iclasda UNEC-in İctimai Nəzarət Şurasının üzvləri də iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov ali məktəb əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə sentyabr ayından əmək haqlarının 20%, UNEC-in Zaqatala filialında çalışan əməkdaşların əmək haqlarının isə orta hesabla 30% artırılması barədə təkliflə çıxış edib.

Təklif səsə qoyularaq Elmi Şura üzvləri tərəfindən qəbul edilib. 

Qeyd olunub ki, bu artımdan sonra UNEC-də professorların orta aylıq əmək haqqı 1882 manat, dosentlərin 1270, baş müəllimlərin 1086, müəllimlərin əmək haqqı isə 950 manat təşkil edəcək: “Bununla da 2014-cü ilin əvvəli ilə müqayisədə, ümumilikdə UNEC-də, eləcə də pedaqoji heyət üzrə əməkhaqqı 1,7 dəfə artmış olacaq.  Xüsusilə, qeyd etmək lazımdır ki, göstərilən dövr ərzində professorların əmək haqqı 2,1 dəfə artıb”.

Bundan əlavə, UNEC Biznes Məktəbinə yüksək ixtisaslı müəllimlərin cəlb edilməsi və onların fəaliyyətinin stimullaşdırılması məqsədilə həmin məktəbdə saathesabı qaydada dərs deyən pedaqoji heyət üzvlərinə ödənilən məbləğin bir saata görə 30 manatadək artırılması təklif olunub.

Təklif Elmi Şura üzvləri tərəfindən qəbul edilib.

Elmi Şurada UNEC-də elmi-tədqiqatların keyfiyyətinin artırılması və eləcə də professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin daha da stimullaşdırılması məqsədilə onlara “Tədqiqatçı” statusunun verilməsi haqqında qərar qəbul edilib. Bildirilib ki, “Tədqiqatçı” statusu verilən professor-müəllim heyəti üzvünün akademik vəzifələrinin qarşısına “tədqiqatçı” sözü əlavə ediləcək və həmin şəxslərin əmək haqları əlavə olaraq 50% artırılacaq. Beləliklə, “tədqiqatçı professor” statusu alan professorlar Differensial Əmək Haqqı Sisteminə görə ödənişlərlə birlikdə 5000 manatdan yüksək əmək haqqı ala biləcəklər.

UNEC-də yeni tədqiqat mərkəzlərinin yaradılması barədə qərar qəbul edilib. Elmi Şuranın qərarı ilə UNEC-də Kölgə İqtisadiyyatı Tədqiqat Mərkəzi, Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi, İslam Maliyyə Mərkəzi və Çin İqtisadiyyatı Tədqiqat Mərkəzi yaradılıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …