Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / İqtidar İlqar Məmmədovun azadlıq anonsunu verdi

İqtidar İlqar Məmmədovun azadlıq anonsunu verdi

Fuad Ağayev: “İlqar Məmmədovun özü məhkəməyə  ərizə vermək niyyətində deyil”

REAL sədri İlqar Məmmədovun azadlığa buraxılması üçün Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycana qarşı dekabrın 5-dən etibarən başlatdığı prosedur öz nəticəsini göstərməkdədir. Artıq iki günlük susqunluqdan sonra ölkə iqtidarı buna reaksiya verib.

“Müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir. Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərdi”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov deyib.

Image result for Novruz Məmmədov

Avropa Şurasının Azərbaycana qarşı qərəzli mövqedə olduğunu bəyan edən, qurumun Konvensiyanın 46.4-cü maddəsinin məhz bu qərəzdən doğan nəticə əsasında ölkəmizə qarşı tətbiq edilməyə çalışdığını qeyd edən N.Məmmədov REAL sədrinin məhkəməyə müraciət etməsinin vacibliyinə də toxunub: “Qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci il dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər”.

REAL hərəkatının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında İ.Məmmədovun şəxsinin istəyi ilə məhkəməyə müraciət edilməsinin vacibliyindən söz açdı: “Qanunvericiliyə edilən bu dəyişikliklər olarkən bir çox çevrələrdən, o cümlədən Avropa Şurası və institutlarının bəzi açıqlamalarından görünən odur ki, belə bir imkanın yaranması ehtimalı artır. Novruz Məmmədovun açıqlaması da bunu təsdiqləyir. Qanunda bu dəyişikliklərin olması İlqar Məmmədov və bu duruma düşmüş insanların azadlığa çıxması üçün bir pəncərə açır. Sadəcə, burada əsas olan vəkillərin deyil, məhkumun özünün müraciətidir. Bu rəsmi açıqlamadan hələ ki İlqar Məmmədovun xəbəri yoxdur, yaxın günlərdə ya vəkilləri, ya da zəng edərkən bunun vasitəsilə xəbərdar olacaq. Amma bununla bağlı indiyə qədər fikri bu idi ki, müraciət etmək istəmir. Arqument olaraq da, onu irəli sürürdü ki, onun heç bir günahı yoxdursa, bu Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarı ilə təsdiq olunubsa, məhbusun müraciət edib cəzasını yüngülləşdirmək istəyi məntiqsizdir. Məhkəmə orqanlarına indiyə qədər belə müraciətlər olub. Vəkillər vasitəsilə edilən müraciətlər nəticəsində artıq Apelyasiya və Ali Məhkəmə bu işlərə baxıb. Bu baxımdan hesab edirəm ki, belə müraciət barədə düşünməyə dəyər”.

İ.Məmmədovun vəkili Fuad Ağayev onun məhkəməyə müraciət etmək niyyətində olmadığını söylədi: “Novruz Məmmədovun çıxışında təkcə İlqar Məmmədovla bağlı yalnız bu fikirlər səslənməyib. Başqa variantların mümkün olmasına da toxunulub. Bu baxımdan deyərdim ki, qoy başqa variantlardan istifadə etsinlər, yəni hökumətin özü İlqar Məmmədovu azadlığa buraxsın. Onu deyim ki, İlqar Məmmədovun özü şərti azadlığa buraxılma ilə bağlı ərizə vermək niyyətində deyil”.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …