Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / İqbal Ağazadənin sabiq müavini: “Ümid Partiyasının rəhbərliyində təmsil olunan qadınları niyə  MTN-ə aparırdılar?”

İqbal Ağazadənin sabiq müavini: “Ümid Partiyasının rəhbərliyində təmsil olunan qadınları niyə  MTN-ə aparırdılar?”

Ümid Partiyası sədrinin keçmiş müavini Könül Quliyeva avropa.info saytına maraqlı müsahibə verib. Azinforum.az həmin müsahibəni təqdim edir

– Könül xanım, seçkidən sonra ictimai-siyasi fəaliyyətinizdə bir durğunluq hiss edilməkdədir. Bu nə ilə bağlıdır? Seçki nəticələri sizi də, deyəsən, məyus edib?

– Təbii ki, seçki prosesində daha aktiv olmaq üçün səbəb var idi. Çünki seçkidə iştirak edirdim və seçici ilə, cəmiyyətlə aktiv təmasımız olmalıydı. İndi isə hansısa böyük bir siyasi kampaniya olmadığı üçün mən də daha çox öz cari işlərimlə məşğulam. Həm də təhsilimlə əlaqədar bəzi hazırlıqlarım var. Ətraflı münasibət ifadə etməsəm də, ictimai-siyasi vəziyyəti izləyirəm və nə baş verdiyinin fərqindəyəm. O ki qaldı seçkilərin nəticəsinə görə məyus olmağıma, bu qətiyyən belə deyil. Mən seçkidə iştirak edən çox nadir namizədlərdən idim ki, seçkiyə baxışlarımda hər hansı irosionallıq yox idi. Sosial şəbəkədə fikirlərimi açıq bəyan etmişdim ki, mən qətiyyən seçilmək eyforiyasında deyiləm. Seçkinin necə yekunlaşacağını öncədən təsəvvür edirdim. Əsas hədəfim həm özümü sınamaq, həm də həmyerlilərimi daha yaxşı tanımaq idi. Sadə insanların, idarəetmədə təmsil olunan şəxslərin, dostların və qohumların yanaşmasını yaxından öyrənə bildim. Yəqin ki, bu barədə nə vaxrsa geniş danışacam. Seçki prosesində qarşıma qoyduğum hədəflərimə tam nail olduğumu söyləyə bilərəm. O müddət ərzində yaxşıları da, pisləri də tanımaq imkanım oldu. Nə etmək, necə etmək, hansı resursların gərəkdiyini daha yaxşı aydınlaşdırdım. Fürsətdən istifadə edib mənə dəstək olan hər kəsə bir daha təşəkkür edirəm.

– Əvvəllər ölkə gündəmində daha fəal idiniz. Bu Ümid Partiyasındakı statusunuzla bağlı idi, yoxsa seçkilərə hazırlıq məqsədi daşıyırdı?

– Ölkədə mövcud olan ictimai-siyasi proseslərə hal-hazırda bilərəkdən münasibət bildirmirəm. Mən Ümid Partiyasında siyasi vəzifə daşıyanda qərargahda oturub işimi bitmiş hesab etmirdim. Demək olar, elə bir siyasi hadisə olmayıb ki, ona münasibət bildirməyim. Qadınların partiyaya fəal cəlb edilməsi istiqamətində çox proqramlar həyata keçirmişəm. Regionlarda səfərlərdə olurdum, ayda bir neçə dəfə qadınların iştirakı ilə maraqlı diskussiyalar, müşavirələr, sorğular və digər tədbirlər keçirirdim. Aclıq aksiyalarından tutmuş, əsgər ölümlərinə etiraz məqsədilə təşkil olunan kütləvi aksiyalara qədər hər bir təşəbbüsə qoşulmuşam və iştirak etmişəm. Yeri gəlmişkən deyim ki, bu fəaliyyətimin heç biri partiya sədri tərəfindən planlaşdırılmırdı. Bunu öz təşəbbüsümlə edirdim ki, partiyanın qadınlarla bağlı siyasi kursunu cəmiyyətə təqdim edərkən etimadlı münasibət olsun. Olduğum yerdə öz işimi məsuliyyətlə və yüksək peşəkarlıqla icra etmişəm. Təsadüfi deyil ki, cəmiyyət məni siyasi fəaliyyətimə görə heç vaxt qınamayıb, əksinə daha çox rəğbətlə xatırlayırlar. Bu gündə cəmiyyətin nüfuzlu, savadlı, əqidəli və prinsipial insanlarının dəstəyini hiss edirəm.

– Siz də bir müddət öncə MTN-də başınıza gətirilənlərdən yazmışdınız. Bu məsələlərə hansısa aydınlıq gəldimi?

– Bəli, keçən ilin may ayının 23-də məni MTN əməkdaşları qanunsuz olaraq evimdən götürüb nazirliyin binasına gətirdilər. Guya hansısa MTN geniralına zəng edib şantaj etmişəm deyə, istintaqda sorğu-sual etməlidirlər. Bu barədə geniş yazı yazdığım üçün o məsələnin detallarına yenidən qayıtmaq istəmirəm. Amma MTN-in yüksək vəzifəli əməkdaşlarının qanunazidd davranışlarını oxuduqca məndə də belə bir fikir formalaşıb ki, bu hadisəyə bir aydınlıq gətirilməlidir. Mən fəal siyasi fəaliyyətlə məşğul olan bir qadın kimi heç vaxt hüquqa zidd əməl törətməmişəm. Belə olduğu halda, başıma bu işin gəlməsindən və sonradan aldığın mənəvi-psixoloji zərbələrdən uzun müddət özümə gələ bilmədim. İndi fürsətdən istifadə edib MTN işi ilə bağlı istintaqın rəhbərliyinə müraciət edir və xahiş edirəm, Ümid Partiyasının rəhbərliyində təmsil olunan qadınların hansı səbəbdən bu idarəyə aparılmasına bir aydınlıq gətirsinlər. Mən media vasitəsilə istintaqdan xahiş edirəm ki, bizim həmin vaxt hər hansı cinayətimiz olubsa, haqqımızda qanuni ölçü götürülsün. Şəxsən mənim törətdiyim cinayət faktı olubsa, mütləq bu araşdırılsın və tədbir görülsün. Yox, əgər bu işin arxasında da kiminsə şantaj edilməsi, rüşvət alınması və ya digər səbəblər dayanırsa bu da aydınlaşsın. Belə bir qanunsuz və rüsvayçı hadisəni həmin vaxt ictimailəşdirməyimə mane olan İqbal Ağazadə iddia edirdi ki guya öz əlaqələrindən istifadə edib, məsələni aydınlaşdıracaq. Lakin o, sonradan partiyada mənə qarşı kampaniya başlatdı ki, guya mən MTN əməkdaşları ilə əlbir olmuşam və bu oyunu qurmuşuq. Mənə qarşı atılan bu çirkin böhtandan sonra partiya sıralarından istefa verməli oldum. Bir daha hüquq-mühafizə orqanlarının rəhbərliyinə, istintaqa rəhbərlik edən şəxslərə media vasitəsilə müraciət edirəm ki, bu işi araşdırsınlar. İ. Ağazadə o zaman mənə imkan vermədi ki, bu olayı dərhal ictimailəşdirim. Özü isə deputatlığından istifadə edib bu məsələni guya “araşdırandan” sonra mənə böhtan atmaqla bu işi bağladıqlarını düşündülər. Haqq ədalət indi öz yerini tapmaq ərəfəsindədir. Mən cinayət etmişəmsə, xahiş edirəm, haqqımda ölçü görürülsün. MTN əməkdaşları ilə hansısa açıq və gizli əlaqəm olubsa, bunu mütləq cəmiyyətə açıqlasınlar. İqbal Ağazadənin mənə böhtan atmaqla bu işi müvəqqəti də olsa ört-basdır etməsinin səbəbini istintaqdan araşdırmağı xahiş edirəm.

– Bununla bağlı istintaq orqanlarına rəsmi müraciət etməyi düşünürsünüzmü? 

– Qanunvericiliyə görə bu dediklərim də rəsmi araşdırma aparmaq üçün yetərlidir. Hüquqşünaslarla da məsləhətləşəcəm və zərurət olarsa, o zaman rəsmi məktubla da müraciət edəcəm.

– Seçki öncəsi siyasətdə yeni olan qadınların fəallığı xeyli artmışdı. Lakin indi bunun müşahidə edilməməsinin səbəbləri nədir?

– Siyasi fəaliyyətlə məşğul olmaq istəyən xeyli istedadlı gənc qadınlar var. Amma, indiki şəraitdə bunu reallaşdırmaq, müsbət nəticə almaq elə də asan deyil. Siyasət təkcə o deyil ki, seçkidə bir dairədən namizəd olmaq iddiası ortaya qoyasan. Bəzənib-düzənib gözəl şəkillər çəkdirməklə, bir-iki bəlağətli müsahibə verməklə işini bitmiş hesab edəsən. Bununla siyasətçi olmaq olmaz. Siyasətçi olmaq istəyən qadınlar gərək ölkədə mövcud olan ictimai-siyasi hadisələrə adekvat münasibət bildirsin, həqiqəti deməkdən çəkinməsin, lazım gəldikdə prosesin ən qaynar nöqtəsinə atılsınlar. Təəssüf ki, indi belə qadınların sayı barmaqla göstəriləcək qədərdir. Heç qadınları bu gün aktiv olmamaqda qınamaq da olmaz. Vəziyyət elədir ki, hardasa qadın passivliyini anlamaq olur. O ki qaldı seçki öncəsi qadınların mövsümi fəallığına, bunu da anlamaq lazımdır. Bu imkandan hərə bir cür istifadə etməyə, yararlanmağa çalışır. Siyasətçi olmaq təkcə seçkidə iştirakla məhdudlaşmır. Gərək sən cəmiyyəti hiss edə, onun arzularının ifadəçisi ola biləsən. Bunu indiki dövrdə etmək üçün qol çırmayıb siyasətə atılan qadınlar yox səviyyəsindədir. Seçkidən seçkiyə üzə çıxan qadınlar siyasətə qədəm qoymamış səhnədən çəkiləcəklər. Onların çoxunun siyasi fəaliyyət potensialı yüksək deyil.

– Planlarınız nədir? Yenidən aktiv siyasi fəaliyyət göstərmək niyyətiniz varmı? 

– Planlarım çoxdur, amma onları reallaşdırmaq imkanlarım azdır. Bəzən xeylı ideyalarımızı maddi imkansızlıq üzündən təxirə salmalı oluruq. Bizim millət olaraq bu gün ən böyük milli bəlamız budur ki, təşəbbüskar deyilik. Hansı yolla əldə etməsindən asılı olmayaraq imkanlı şəxslərin heç biri sosial, ictimai və milli təşəbbüslərə dəstək vermir. Diqqət edin, vəzifəsindən kənarlaşdırılan bu qədər milyonçu məmurların hansı biri cəmiyyətin irəli getməsində bir təşəbbüsə iynənin ucu qədər dəstək verib. İndi yalnız o şəxslərə dəstək verilir ki, onlar hansısa formada “donorun” işinə yarayır. Yan-yana on milyonlarla dəyərində villalar tikdirən şəxslər bir gün vəzifədən atılanda məlum olur ki, bu adamlar tarixin zibilliyi üçün yaranıbmış. Təəssüf ki, hələ də ölkəmizdə millət və dövlət üçün heç bir ictimai-sosial təşəbbüslərə, planlara dəstək verən yoxdur.

O ki qaldı aktiv siyasi fəaliyyətə bunun da çətinlikləri var. Siyasi fəaliyyət üçün münbit şərait olmasa da uğurla fəaliyyət göstərənlər az deyil. Ən çətin şərtlər altında siyasi fəaliyyətə davam etmək böyük igidlikdir. Ya mövcud partiyalarda siyasi vəzifə daşımalısan, ya da özün yeni partiya yaratmalısan. Yeni partiya yaratmaq, yeni ideyalarla, yeni komanda ilə meydana çıxmaq normal maliyyə tələb etdiyi üçün istedadlı insanların çoxu buna cəhd etmir. Mövcud partiyalarda isə vəziyyət elədir ki, peşəkarcasına siyasəti davam etdirmək partiya sədrlərinin yanaşmasına bağlıdır. Eləsi var ki, maddi imkanı yoxdur, lakin apardığı ardıcıl siyasətlə ayaqdadır. Eləsi var ki, pulu var amma təşkilatlanmaq strategiyası yoxdur. Sadəcə partiya adını üzərinə götürüb vaxt öldürməklə məşğuldurlar. Ölkəmizin ictimai-siyasi mühitinin bu durumda olmasında özünü siyasi partiya sədri adlandıran hər kəsin az və ya çox məsuliyyəti var. Şəxsən mən partiya sədri olsaydım, hər gün cəmiyyətə yeni impuls verən addımlar atardım. Cəmiyyətdə varlığı ilə yoxluğu bilinməyən o qədər partiya var ki adını saymaqla qurtarmır. Bunun cəmiyyətə nə faydası? Bu cür passiv partiyalardansa, hətta rəsmi qeydiyyatı olmayan bir QHT daha faydalıdır. Bir qədər sərt səslənsə də, bu gün partiya kimi 4-5 qurum cəmiyyətdə görünür. Qalanları kiminsə orbitində üzən peyklərdir. Aktiv siyasi fəaliyyətlə bağlı bəzi düşündüklərim olsa da hələlik qərarsızam.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın