Cümə axşamı , Aprel 25 2024
Ana səhifə /   İQBAL AĞAZADƏNİ YUMURTA “ATƏŞİ” QARŞILADILAR – DALINCA LOM, BEL VƏ DİGƏR ƏŞYALAR İŞƏ DÜŞDÜ…

  İQBAL AĞAZADƏNİ YUMURTA “ATƏŞİ” QARŞILADILAR – DALINCA LOM, BEL VƏ DİGƏR ƏŞYALAR İŞƏ DÜŞDÜ…

 Məğlub olacağını bilən partiya sədri siyasi şou yaradır Mayın 26-dan etibarən 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə iştirak edən deputatlığa namizədlərin rəsmi təbliğat kampaniyasına start verilib. Mərkəzi Seçki Komissiyası 90 saylı DSK-dan parlamentə keçiriləcək təkrar seçkilərdə yeddi nəfərin namizədliyini qeydə alıb. Əsas mübarizə iki nəfərin – hakim YAP-ın namizədi Cavid Osmanov və müxalifətçi, Ümid Partiyasının sədri İqbal Ağazadə arasında gedəcək.

Digər namizədlərin bu seçkilərdə uğur qazanması mümkün deyil və onların iştirakı sanki formal xarakter daşıyır. Onların namizədliyi seçkilərə demokratiya donu geyindirməklə yanaşı, bir rəqabət mühitinin olduğu görüntüsü yaratmağa xidmət edir. Bu seçkinin əsas favoriti hakim partiyanın namizədi Cavid Osmanovun olacağı heç kimdə şübhə doğurmur və bunun üçün hakim partiyanın indiki məqamda yetərincə gücü və potensialı var. Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə də yaxşı bilir. Bilir ki, o, bu seçkilərdə ən yaxşı halda ikinci nəticə göstərə bilər.

Ona görə də elə seçki prosesinin ilk anından guya “onun bu seçkilərdə iştirakına hər vəchlə maneçiliklərin törədildiyi” barədə bəyanatlar verməkdədir. Və bu maneçiliklər və seçki prosesindəki qanunsuzluqlar barəsində MSK-ya bir neçə şikayət məktubu ünvanlayıb. Namizədlərin qeydə alınması prosesində olduğu kimi təbliğat kampaniyasında da İ.Ağazadə əvvəlki taktikasına sadiq qalaraq öz ətrafında şou yaratmaqla diqqəti özünə yönəltməyə çalışır. Belə ki, o elə təbliğat kampaniyasının ilk günündə bir qrup seçicinin təxribatına tuş gəlib. Ümid Partiyasından verilən məlumata görə, 90 saylı seçki dairəsinin seçiciləri İ. Ağazadəni rayonda yumurta “atəşi” ilə qarşılayıblar. Bununla kifayətlənməyən seçicilər guya bunların üzərinə lom, bel və digər əşyalarla hücum edərək rayondan qovmaq istəyiblər. Baş vermiş olayla bağlı Gununsesi.info-ya açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, bu təxribat YAP-dan olan namizəd Cavid Osmanov və Ağdaş rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidartəetmə orqanları üzrə iş şöbəsinin müdiri Əsgərxan Həsənov tərəfindən hazırlanıb.

Məqsəd də ondan ibarət olub ki, guya seçicilər bizi qəbul etmir və öz etirazlarını bu yolla bildirirlər. “Ancaq sevindirici haldır ki, bizim müdaxiləmiz olmadan seçicilər özləri bu təxribatçı qrupun qarşısına çıxaraq onların layiqli cavabını verdilər. Hətta vəziyyət tərəflər arasında qarşıdurma səviyyəsinə çatdı. Bizim müdaxiləmiz nəticəsində ara sakitləşdi. Bundan sonra təxribatçı qrup geri çəkilməli oldu”, – deyə İ.Ağazadə vurğulayıb. Partiya rəhbəri onu da əlavə edib ki, Əsgərxan Həsənov İcra başçısının müavini olmaq üçün belə canfəşanlıq edir: “Belə ki, Cavid Osmanov deputat seçiləcəyi təqdirdə birinci müavin postu boşalır və Ə.Həsənova yol açılır. O da bu fürsətdən yararlanmağa çalışır. Ona görə də belə canfəşanlıq edir. Bunu sonra da təxribatçı qrupun bir neçə nümayəndəsi açıqcasına etiraf ediblər ki, onları məhz Əsgərxan Həsənov göndərib”.

Ancaq İ.Ağazadənin bu ittihamlarına hakim patiyanın da cavabı gecikməyib. YAP-ın şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib ki, İqbal Ağazadə özünün proqramını irəli sürmək, seçiləcəyi təqdirdə görüləcəyi işlər barədə danışmaq əvəzinə diqqəti başqa məsələyə yönəldir: “Təəssüf ki, o kampaniyasını ona qarşı olan təqiblər üzərində qurmaq istəyir. Özünün bir yazıq, döyülən, əzilən obrazını yaratmağa çalışır. Siyasətçi öz proqramını irəli sürməlidir və görəcəyi işləri ilə seçiciləri məlumatlandırmalıdır. İqbal Ağazadə Ağdaş seçki dairəsində seçki prosesinə qoşulduğu vaxtdan indiyə qədər bütün informasiyaları guya ona qarşı təqiblərlə bağlıdır.

Bildirmək istəyirəm ki, İqbal Ağazadə YAP üçün ciddi bir rəqib deyil”. A.Mirzəzadə onu da əlavə edib ki, YAP-ın 90 saylı Ağdaş seçki dairəsində irəli sürülmüş namizədi partiyanın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov kifayət qədər təcrübəli, rayonda tanınan, partiya təşkilatının nüfuzunu qaldırmasında xidməti olan bir şəxsdir. “Onun seçiləcəyinə biz əminik. Onun təbliğatı da Seçki Məcəlləsinə uyğun olaraq aparılır. Biz İqbal Ağazadəni, nə də digərlərini öz namizədimizə ciddi və problem yaradacaq bir rəqib kimi görmürük. İqbal Ağazadənin belə hərəkət etməsi gələcəkdə öz məğlubiyyətini ört-basdır etmək məqsədi daşıyır”. İstər YAP funksionerinin mövqeyi, istərsə də seçki prosesindəki vəziyyət onu deməyə əsasə verir ki, bu seçkilərdə İ.Ağazadənin qalib olmaq şansı sıfıra bərabərdir. Yuxarıda söylədiyimiz kimi bunu onun özü də yaxşı anlayır və məğlubiyyətini sığortalamaq üçün bu taktikadan istifadə edir.

Elə mayın 26-da və bundan sonra İ.Ağazadənin düzənləyəcəyi “siyasi şou”lar məhz buna xidmət edəcək. Onu da qeyd etmək yerinə düşər ki, əslində o bu yolla mediada pulsuz reklam olunmaqla özünü təbliğ edir. O, bu metodla həm 90 saylı seçki dairəsindəki seçiciləri prosesə cəlb etməyə, həm də ölkənin ictimai-siyasi proseslərində gündəmi zəbt etməyə çalışır. Məğlub olanda da bu yolla özünə bəraət qazandırmağa çalışacaq ki, seçki prosesinin bütün mərhələlərində ona qarşı təhdidlər, qanunsuzluqlar, maneçiliklər yaradıldığı üçün qalib gələ bilməyib. Ancaq etiraf etməyəcək ki, seçkidə bərabər mübarizəyə şərait yaradılsa da, qalib gəlmək şansı çox az idi və ya yox idi. Necə ki, digər ölkələrdə məğlub olanlar siyasi mədəniyyət nümunəsi göstərir, məğlubiyyətini etiraf edir, qalib gələnin əlini sıxır, ona uğurlar arzu edir. Ancaq bizdə bu siyasi mədəniyyət ənənəsi təəssüflər olsun ki, hələ formalaşmayıb. Ümid sədri bu ənənənin bünövrəsini qoysa yaxşı olar və bu, sonrakı siyasi fəaliyyətində onun xeyrinə işləyər. Özünü “yazıq”, “əzabkeş” obrazında göstərmək və yalançı qəhrəmana çevrilmək ona uğur gətirməyəcək. 

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın