Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Aktual / “İntiharlara səbəb metrodursa, bağlayaq” – Hadisə baş verən yerdən video

“İntiharlara səbəb metrodursa, bağlayaq” – Hadisə baş verən yerdən video

İl yeni başlasa da, artıq Bakı metropolitendə iki intihar hadisəsi qeydə alınıb. Əvvəlcə yanvarın 8-də Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Rəşad Mustafazadə qatar “Ulduz” stansiyasına daxil olarkən özünü relslərin üstünə atıb. Hadisədən 4 gün sonra isə analoji hadisə Qara Qarayev stansiyasında baş verib. Bu dəfə Cəmil Cəmilov özünü qatarın altına atmaq istəyib. Yüksək sürətlə gələn qatar 47 yaşlı sərnişini platformaya atıb. İntihara cəhd edən şəxs 3 saylı Sabunçu Rayon Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Sadaladığımız intihar hadisələrin ard-arda baş verməsi ictimaiyyət arasında narahatlığa səbəb olub. Stokholm və digər şəhər metropolitenlərində quraşdırılmış şüşə arakəsmələri misal kimi göstərən sosial şəbəkə istifadəçiləri ölkəmizdə də bu kimi qoruyucu tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar.

“Qafqazinfo” bu məqamda “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə “Ulduz” metrostansiyasında olub və sözügedən şüşə lövhələrin quraşdırılmasının mümkün olub-olmamasını müzakirə edib.

Nəsimi Paşayev bildirib ki, sözügedən arakəsmə dünyada cəmi bir neçə şəhərdə quraşdırılıb:

“Dünyada, elə Stokholmun özündə belə cəmi bir neçə stansiyada həmin arakəsmələr qoyulub. Kənardan sadə görünə bilər, ancaq həmin şüşə lövhələrin qoyulması üçün stansiyalar demək olar ki, yenidən tikilməlidir. Bu işin maddi tərəfindən daha çox digər məsələlər var. Adicə bağlanmalı olan vaqonların qapısını sərnişinlər açmağa və yaxud açıq saxlamağa çalışdığı üçün gündə nə qədər qatar təmirə göndərilir. İndi siz təsəvvür edin, bu insanlar şüşə qapılara nə edər.

Hər dəfə bu kimi hadisələr yaşananda maşinist aylarla özünə gələ bilmir. Çox pis psixoloji gərginlik yaşayır. Bir var ki, platformanın girişində özünü qatarın altına atmaq… Bu zaman maşinistin edə biləcəyi bir şey yoxdur. Bi də var ki, nisbətən uzaqda. Bu halda maşinist qatarı dayandıra bilər. Bu ay baş verən hər iki intiharda sərnişin düz platformanın girişində özünü atıb.

İntiharlara səbəb metrodursa, biz girişləri bağlayaq, heç kimi buraxmayaq. Onda da insanlar özünü dənizə atacaq, körpüdən tullanacaq və sairə”.

 

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …