Ana səhifə / Aktual / “İnanıram ki, əli azərbaycanlı qanına batmış digər “yanlar” da cəzalarını alacaq”- Firdovsi Umudov

“İnanıram ki, əli azərbaycanlı qanına batmış digər “yanlar” da cəzalarını alacaq”- Firdovsi Umudov

Bu gün Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən,Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. 

Azinforim.az xəbər verir ki, bunu əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli tanınmış mütəxəssis Firdovsi Umudov feysbuk hesabında yazıb.

O qeyd edib ki, bu xəbər özlüyündə bir çox mətləblərə aydınlıq gətirir:

“Ali Baş Komandan, cənab Prezident İlham Əliyev azərbaycanlılara qarşı törədilən soyqırımıları ilə bağlı danışarkən hər dəfə bu cinayətlərin cəzasız qalmayacağını, cinayətkarın cəzalandırılacağını bəyan edirdi, özü də xüsusi vurğu ilə qeyd edirdi. Sözü imzası qədər böyük olan müzəffər Ali Baş Komandanımız bir daha sübut etdi ki, o, beynəlxalq hüquq çərçivəsində hər bir Azərbaycan vətəndaşının haqqını, hüququnu qoruyur, müdafiə edir. 

Erməni terrorizmi və vəhşətinin qurbanı olmuş soydaşlarımızın qanı yerdə qalmır, qalmayacaq da. Azərbaycana düşmən kəsilən ölkələr və qüvvələr də görməli, bilməli və nəticə çıxarmalıdırlar  ki, özləri ədalətli olmasalar da, ilahi ədalət deyilən bir anlayış var və zaman yetişir ilahı ədalət bərpa olunur. Bir zamanlar Azərbaycan erməni cinayətkarlara törətdikləri qanlı əməllər görə cinayət işi açanda çoxları düşünürdü ki, bu, sadəcə sənəd olaraq qalacaq. Azərbaycan onları tapa bilməyəcək. Amma bu gün Azərbaycan iradə və əzmini ortaya qoyaraq, həmin qüvvələrə də yanıldıqlarını isbatladı. Hər kəs törətdiyi əməlin bumeranqını yaşayacaq. İnanıram ki, əli azərbaycanlı qanına batmış, digər “yanlar” da saxlanılacaqlar və Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklər.

Onu da qeyd etmək yerinə düşər ki, Xaçaturyan kimi, cinayətkarların Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə adı altında Ermənistana aparılmasına cəhd təəssüf doğurur. Gərək beynəlxalq təşkilatlar da öz ədalət hislərini itirməsinlər. Axtarışda olan bir canini, qəssabı ən müxtəlif yollarla qanun qarşısında cavab verməkdən yayındırmağa çalışmasınlar. Bu, təəssüf doğurur. Amma Azərbaycan hüquqi dövlətdir, bütün addımlarını beynəlxalq hüquq çərivəsində ölçüb-biçir və ona müvafiq qərarlar verir. 

Bəzi beynəlxalq təşkilatlar erməni vəhşiliyinə susur, ədaləti bərpa etmək istəmir, amma biz özümüz o ədaləti bərpa edirik, edəcəyik, necə ki, bunu 44 günlük Vətən savaşında etdik. Dövlət Sərhəd Xidmətinin zabiti olaraq özümün və daim üçrəngli şanlı Azərbaycan bayrağını beynəlxalq idman arenalarında dalğalandıran sərhədçi idmançılar adından bu işdə göstərdiyi ayıq-sayıqlığa və bizə bu qüruru yaşatdıqlarına görə “Laçın” postunda, eləcə də digər postlarda şərəfli xidmət aparan DSX əməkdaşlarına dərin təşəkkürlərimi izhar edirəm. Sərhədçi idmançılar olaraq, Azərbaycan sərhədlərinin keşiyində inamla dayanıb, müqəddəs xidmətlər aparan bütün sərhədçilərimizlə qürur duyuruq və onlara uğurlu xidmətlər arzu edirik. 44 günlük savaşda olduğu kimi, indi də sərhədçi idmançılar daim Vətən keşiyində möhkəm dayanan cəsur sərhədçilərimizin yanındadırlar.  

Yaşasın Ali Baş Komandan, Yaşasın müstəqil Azərbaycan, yaşasın sərhədçilərimiz!”

Həmçinin oxuyun

İbrahim Rəisinin Tehranda dəfn mərasimi keçirilir – FOTO

İranın paytaxtı Tehranda helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən …