Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / İlqar Məmmədov addım-addım azadlığa doğru…

İlqar Məmmədov addım-addım azadlığa doğru…

Natiq Cəfərli: “İlqar Məmmədov ya əfv sərəncamı, yaxud qəbul ediləcək amnistiya aktı ilə azadlığa çıxacaq”

Avropa İnsan Hüquqları Məhkəməsi 2016-cı il avqustun 12-də həbs edilən və bir ay sonra azadlığa buraxılan REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlinin işi üzrə kommunikasiyaya başlayıb. Məhkəmə REAL funksionerinin şikayətini Konvensiyanın 3, 5, 11 və 18-ci maddələr üzrə qəbul edilən sayıb və Azərbaycan hökumətinə müvafiq suallar ünvanlayaraq, onların bu ilin iyul ayının 5-nə kimi cavablandırılmasını istəyib.

Məlumat üçün bildirək ki, N.Cəfərli Cinayət Məcəlləsinin 308.2 və 192.1 maddələri ilə ittiham elan olunaraq həbs olunub, sonradan həbs-qətimkan tədbiri ləğv edilib.

N.Cəfərlinin Azərbaycan hakimiyyətindən hansı məbləğdə təzminat tələb etdiyi məlum deyil. Bununla bağlı “Yeni Müsavat”a açıqlama verən REAL funksioneri bunları deyib: “Barəmdə həbs-qətimkan qərarı seçilən kimi vəkilim Cavad Cavadov tərəfindən çox operativ və keyfiyyətli şəkildə Avropa Məhkəməsinə müraciət hazırlandı və göndərildi. Avropa Məhkəməsinin işləmə metodlarına baxdıqda kifayət qədər ağlabatan müddətdə şikayətə baxıb, kommunikasiya mərhələsinə başladılar. Azərbaycan hökumətinə iyul ayına qədər möhlət verilib. Orada təzminatla bağlı standart prosedur qaydaları var. Təzminat tələbi 20 min avroya qədərdir. Onun təqribən 10%-ə qədəri vəkil xərcləridir. Həmin standart prosedur qaydalarına görə müraciət olunub. Qərarda təzminatın nə qədər olacağını demək indidən çətindir. Çünki Avropa Məhkəməsinin özünün işlək mexanizmləri, hesablama qaydaları var. İyul ayının sonuna qədər Azərbaycan hökuməti göndərilən suallara cavab verməlidir. Bundan sonra təqribən 6 ay müddətinə cavab çıxacaq. Ehtimal ki, bu ilin sonu, ən gec halda isə gələn ilin əvvəlləri qərar çıxacaq. Təbii ki, təzminatın həcmi önəmlidir. Amma təzminatın həcmindən əlavə, çox güman ki, qeyri-qanunu həbs olunmağımla bağlı qərar verənlərin inzibati qaydada cəzalandırılması da qərarda əks olunacaq. Biz yaxından izləyəcəyik ki, qərarın ikinci hissəsi, yəni qeyri-qanuni həbslə bağlı qərar vermiş insanların şəxslərin inzibati qaydada cəzalandırılmaları həyata keçirilsin. Səhv etmirəmsə, göndərdiyimiz şikayətdə 20 min təzminat tələb etmişik. Vəkillər standart olaraq, qeyri-qanuni şəkildə seçilən həbs-qətimkan tədbiri ilə bağlı Avropa Məhkəməsinin qaydalarına uyğun məbləğ qoyurlar. Məhkəmə özü sonda qərar verir. Tələb olunan məbləğ heç də sonda qərara salınmır, yəni özləri qərar verirlər”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

N.Cəfərli REAL-ın həbsdəki rəhbəri İlqar Məmmədovun işi ilə bağlı son yeniliklərdən də söz açdı: “Martın 6-da İlqar Məmmədovla bağlı qərar qüvvəyə mindi. Artıq bütün prosedur qaydaları bitib. Azərbaycana qərarın yerinə yetirilməsi üçün 3 ay vaxt verilib. Bu müddət də iyun ayının 6-na qədər bitir. Ümid edirik ki, İlqar Məmmədov bu müddətə qədər, ən nəhayət, haqq etdiyi azadlığına qovuşacaq, Avropa Məhkəməsinin qərarı yerinə yetiriləcək, Avropa Şurası ilə Azərbaycan arasında yaranan gərginlik də sona çatacaq. Bu gərginliyin sona çatması hər iki tərəfin xeyrinədir. Azərbaycanın Avropa institutlarına inteqrasiya etməsinin zamanıdır. Dünyada gedən proseslər Azərbaycanın Avropa ilə daha sıx əməkdaşlıq etməsini tələb edir. Buna görə ümid edirik ki, verilmiş müddət başa çatana qədər İlqar Məmmədov azad olunacaq, ailəsinə, dostlarına qovuşacaq. Çox böyük ehtimalla İlqar Məmmədov may ayında veriləcəyi deyilən əfv sərəncamı, yaxud qəbul ediləcək amnistiya aktı ilə azadlığa çıxacaq. Avropa Məhkəməsinin qərarında hansı prosedur qaydaları ilə İlqar Məmmədovun azad edilməsi göstərilməyib. Tələb yalnız azad edilmə yönündədir. Hansı formada İlqarın azad edilməsi, açığı, Avropa institutlarını maraqlandırmır”.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …