Ana səhifə / Aktual / İLK HƏRBİ NAZİRİMİZ XOSROV BƏYİN MƏZARINI KİM TAPIB? – BƏXTİYAR QARACA, YOXSA… (ZİDDİYYƏT)

İLK HƏRBİ NAZİRİMİZ XOSROV BƏYİN MƏZARINI KİM TAPIB? – BƏXTİYAR QARACA, YOXSA… (ZİDDİYYƏT)

Son günlər bəzi KİV-lərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov Paşa bəy oğlu Sultanovun məzarı tapılması ilə bağlı məlumatlar yayılıb. Həmin məlumatlar  Xosrov bəy Sultanovun mənsub olduğu nəslin nümayəndəsi, araşdırmaçı, doktor Orxan Cəbrayıla istinadən tirajlanır. Sanki belə təəssurat yaranır ki, məzar yenicə tapılıb. Azinforum.az olaraq bildiririk ki, Azərbaycan xalqının qeyrətli övladının məzarının kimin tərəfindən tapılmasından asılı olmayaraq, bu xəbərə ürəkdən sevinirik. Lakin kiminsə çəkdiyi  əziyyətin də kölgədə qoymasının  əleyhinəyik.

Azinforum.az-ın apardığı araşdırmalardan sonra məlum olub ki, məlum məzarı ilk dəfə tanınmış jurnalist Bəxtiyar Qaraca tapıb və bu barədə 2015-ci ildə rəsmi dövlət qəzeti olan “Azərbaycan”da  “Taleyin didərgin saldığı vətən övladı” adlı məqalə də yazıb.

Məsələyə aydınılıq gətirmək üçün tanınmış jurnalist Bəxtiyar Qaraca ilə əlaqə saxladıq. O, Azinforum.az-a açıqlamasında bildirdi ki, bu hadisə Mətbuat Şurasının dəstəyi ilə çəkdikləri film vaxtı olub: “Biz Azərbaycanın tarixi şəxsiyyətləri barədə sənədli film çəkirdik.  Mən, Türkiyədə Əhməd bəy Ağaoğlunun nəfəsi ilə görüşdüm. Biz görkəmli şəxsiyyətin məzarını ziyarət etməyə getdik. Orada məzar daşlarının üzərində “Azərbaycan mücahidi” yazılan qəbirlərə rast gəldim. Həmin vaxt Xosrov bəyin məzarı diqqətimi cəlb etdi. Onun barəsində məqalələr yazdığıma görə, ad mənə tanış idi. Bakıya qayıdanda isə, sizin qeyd etdiyiniz məqaləni yazdım. Buna görə Xosrov bəyin Azərbaycanda yaşayan qohumları mənə təşəkkür etdilər. Bir faktı da qeyd edim ki, Xosrov bəyin ölüm tarixi ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Bəziləri onun 1941-ci ildə, bəziləri isə,1945-ci ildə dünyasını dəyişdiyini deyir. Ancaq məzarının üstündə ölüm tarixi kimi 1943-cü il yazılıb”.

Azinforum.az mövzuya yaranmış marağı nəzərə alaraq,  Bəxtiyar Qaracanın müəllifi olduğu məqaləni yenidən təqdim edir:

“Həqiqətən, o, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə aşina olan bu zat sağlam bir vücuda malik olan kimi sağlam və salamat politika yerindən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olmasa idi, burası – Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital olmuşdu.
Üzeyir bəy HACIBƏYLİ

Onunla İstanbulda isti yay günlərinin birində rastlaşdıq. İstanbulun səs-küydən uzaq, hündür, yaşıl guşələrindən birində yerləşən Fəriköy məzarlığında. Bilmək olmurdu bu görüşə sevinəsən, ya qəmlənəsən? Başdaşında doğum tarixi, yeri göstərilməsə də, ölən günü dəqiq yazılıb: 07.01.1943-cü il. Burada həm də dövrü, ömrü və taleyi əksini tapıb: “Sabiq Azərbaycan Milli Hökumətinin naziri doktor Xosrov bəy Sultanzadə”. Taleyin hökmünə bax! Qarabağda doğulub, ictimai-siyasi fəaliyyətinin əsas dövrü Azərbaycanla, eləcə də Qarabağla bağlı olub, uyuduğu son məkan isə İstanbulda, bu sonsuz göylər altındadır. Amma yəqin ki, bütün ruhu ilə öz yurdundadır, Qarabağın xaraba qalan şəhər və kəndlərini gəzib dolanmaqdadır. Təəssüf ki, hər dəfə əvvəlki Qarabağı görə bilmir. Artıq onun gördüyü Qarabağ yoxdur. Neçə illərdir düşmən tapdağı altındadır. Hünərlə, cəsarətlə qarşıladığı erməni hiyləsi, deyəsən, artıq baş tutub. Bu dərd onu yurddan uzaq torpaqlarda da rahat yatmağa qoymur…
Ötən əsrin əvvəllərində min bir hiylə ilə Azərbaycanın tarixi torpaqlarında özlərinə yuva quran ermənilər bununla kifayətlənməyərək 1918-ci il iyulun 22-də Qarabağın dağlıq hissəsində yeni bir erməni dövləti yaratmağa cəhd etdilər. O dövrün tədqiqatçılarından tarixçi Firdovsiyyə Əhmədova qeyd edir ki, “iyulun 31-də Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski İstanbulda olan Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə yazırdı ki, əgər ermənilər Qarabağa iddia ilə çıxış etsələr, o zaman İrəvan və Qazax qəzasının bir hissəsini onlara güzəştə getməkdən imtina etsin. Ermənilərin Ənvər paşaya təqdim etdikləri xəritəyə görə, onların iddia sərhədlərinə Sürməli, Naxçıvan, Axalkələk, Eçmiədzin, İrəvan, Borçalı, Qazax, Qarabağ, Zəngəzur, Ordubad qəzaları daxil edilmişdi”.
1918-ci ildə Bakı bolşevik-daşnak qüvvələrindən azad edildikdən sonra Qarabağa üz tutan qoşunların qarşısında davam gətirməyən erməni yaraqlıları türk hakimiyyət nümayəndələrindən əfv diləyərək silahlarını təhvil verirdilər. Onlar Qarabağın şəhər və kəndlərində Azərbaycan qoşunlarını duz-çörəklə qarşılayır, mərkəzi hökumətin bütün sərəncamlarına tabe olmağa hazır olduqlarını bildirirdilər. Ancaq tezliklə Qafqaz İslam Ordusunun dünya müharibəsinin son nəticələrinə əsasən regionu tərk etməsi və V.Tomsonun başçılığı ilə ingilis hərbçilərinin Cənubi Qafqazda yerləşməsi, Bakıda ingilis hərbi general-qubernatorluğunun yaradılmasından sonra, xüsusilə 1918-ci ilin dekabrında erməni silahlılarının, xüsusilə Andronikin fəallığı artmağa başlayır. O, hətta ingilislərin Qarabağı onun ixtiyarına verməsi haqqında şayiələr yaymağa başlayır. Azərbaycan hökumətinin təzyiqi ilə dekabrın 22-də general V.Tomson bu şayiəni təkzib etməli olur.
1918-ci ilin payızından başlayaraq erməni separatçıları azərbaycanlılara qarşı etnik təmizləmə – soyqırımı əməliyyatını davam etdirdilər. Əhalinin kütləvi məhvinin qarşısını almaq məqsədilə Azərbaycan Cümhuriyyətinin Daxili İşlər Nazirliyi 1919-cu il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluğun yaradılmasını təklif edir. Həmin qəzalarda müvəqqəti general-qubernatorluğun yaradılması haqqında Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də qərar verir: Xosrov bəy Sultanov yanvarın 29-da Qarabağa general-qubernator təyin olunur və beləliklə, bu həssas bölgədə xüsusi statuslu inzibati təsisat təcrübəsi tətbiq edilir.

qara
Belə bir şəraitdə Ermənistan Qarabağın dağlıq hissəsinə açıq iddia ilə çıxış etdi və bu, Azərbaycan hökuməti üçün gözlənilməz olsa da, onu tamamilə əsassız hesab edərək yanvarın 31-də verilən cavab notasında Qarabağın tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirdi və Ermənistanın Qarabağ general-qubernatorluğunun yaradılmasına etirazını Azərbaycanın suverenliyinə qəsd, onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi.
Bunun ardınca 1919-cu il aprelin sonunda erməni separatçıları keçirdikləri qurultayda Qarabağ general-qubernatorunun hakimiyyətini tanımaqdan imtina etdilər. Belə qərarların qəbul olunmasında Ermənistan hökuməti və onun Dağlıq Qarabağdakı nümayəndələrinin pozuculuq fəaliyyəti mühüm rol oynayırdı. Yenə Azərbaycan hökumətinin təkidi ilə general V.Tomson 1919-cu il mayın 5-də separatçı şəxslərin Qarabağdan çıxarılması haqqında sərəncam verdi və iyunun 5-də onlar ingilis nümayəndələrinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildilər. İyunun 6-da isə Şuşanın ermənilər yaşayan hissəsində keçirilən mitinqdə ermənilər növbəti dəfə Azərbaycan hakimiyyətini tanıdıqlarını bildirdilər.
Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğunun yaradılması həqiqətən mühüm rol oynadı. Tarixə nəzər salaq: Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də keçirilən iclasında Qarabağda vəziyyət haqqında daxili işlər naziri X.Xasməmmədovun məruzəsini dinləyərək Zəngəzur, Şuşa, Cavanşir, Cəbrayıl qəzaları hüdudlarında müvəqqəti general-qubernatorluğun yaradılması və bu vəzifəyə general-qubernator təyin olunması məsələsini təsdiq edir. Azərbaycan hökumətinin bu qərarı əsaslı faktlara söykənirdi – Andronikin hərbi hissələrinin Qarabağa və Zəngəzura soxulması nəticəsində həmin ərazilərdə 150-dən çox kənd dağıdılaraq əhalisi qətlə yetirilmiş, böyük bir qaçqın ordusu yaranmışdı.
General-qubernatorun vəzifələri də dəqiq və konkret idi: erməni hərəkatına qarşı mübarizə və onun tamamilə ləğv edilməsi; bu qəzalarda qəti qayda-qanun yaradılması; yerli hakimiyyətin təşkili; qaçqınların ərzaqla təchiz olunması, onlara kömək göstərilməsi və əvvəlki yaşayış yerlərinə qaytarılması. Bu işlərin görülməsi məqsədilə general-qubernatorun yanında, ona kömək üçün, özünün sədrliyi ilə xüsusi şura yaradılması nəzərdə tutulurdu. Şuranın tərkibinə Hərbi, Ərzaq, Himayəçilik və Səhiyyə nazirliklərindən məşvərətçi səsi olan nümayəndələr daxil olması, habelə 3000 nəfərə qədər xalq milisinin formalaşdırılması nəzərdə tutulurdu.
O dövrdə Qarabağın Erməni Milli Şurasının Xosrov bəyin təyinatına etiraz olaraq tərtib etdikləri məktubda yazılırdı: “Qarabağın erməni milli yığıncağı Azərbaycan hökuməti tərəfindən təyin olunan general qubernatorla bağlı bildirir ki, onlar heç vaxt bu faktla barışmayacaqlar”. V.Tomsonun 1919-cu il yanvarın ortalarında Qarabağın və Zəngəzurun Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti idarəçiliyinə verildiyini bəyan etməsi, həmin bölgələrdə müvəqqəti general-qubernatorluğun yaradılmasına obyektiv münasibət bəsləməsi də Ermənistan rəhbərliyinin narazılığını bir az da artırdı. General V.Tomson ermənilərin bununla bağlı etirazlarına cavab olaraq deyirdi: “Məsələ bundadır ki, bəzi ermənilər Azərbaycanın Britaniya tərəfindən tutulmasından intiqam məqamı kimi istifadə edə bilmədiklərindən çox mütəəssir olmuşlar. Onlar başa düşməyə borcludurlar ki, məsələni hərbi qüvvələr deyil, sülh konfransı həll edəcək”.
Azərbaycan hökumətinin Qarabağ general-qubernatorluğunun yaradılmasına dair mövqeyi odövrkü mətbuatda, xüsusilə “Azərbaycan” qəzetinin səhifələrində də geniş işıqlandırılıb. Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetinin 1919-cu il 24 iyun tarixli sayında bu barədə böyük şövqlə məlumat verərək Azərbaycanın bu qəhrəman övladından – Qarabağın general-qubernatoru Xosrov bəy Paşa bəy oğlu Sultanovdan bəhs edirdi…
Xosrov bəy Paşa bəy oğlu 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı (Qasımuşağı obasında) kəndində, indiki Laçın rayonunda dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi bəyannaməsinə imza edən 26 nəfərdən biri də Xosrov bəy idi. Xalq Cümhuriyyətinin həmin gün təşkil edilən Birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutub, sonra Azərbaycan parlamentinin üzvü olub. 1919-cu ilin yanvarında Qarabağın general-qubernatoru təyin olunduqdan sonra daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilərək Xankəndi və Şuşadan qovulub.
1923-cü ildə, cümhuriyyətin başqa liderləri kimi, general Xosrov bəy Sultanovun da həyatında mühacirət dövrü başladı. O, Türkiyədə, İranda, daha sonra Fransada yaşadı, Almaniyada tibb universitetində professor kimi çalışdı. Daha sonra – 1936-cı ildə yenidən Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşdı, 1943-cü ildə orada vəfat etdi. Bir faktı da qeyd edək ki, əksər mənbələrdə onun ölüm tarixi səhvən 1947-ci il kimi göstərilir. Xosrov bəy adı və qəhrəmanlıqları dillərdə əzbər olan, Zəngəzurda erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşmuş, xalq arasında “laçınlı Sultan bəy” kimi tanınan məşhur Sultan bəy Sultanovun kiçik qardaşı idi. Hər iki qardaşın Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və qorunması yolunda müstəsna xidmətləri vardır.
Bütün bunlar hazırkı işğaldan doğan acılar fonunda çox ibrətamiz faktlar, öyrəniləsi və qürur duyulası bir tarixdir. Qəhrəmanlıqla dolu bu tarixin bir daha təkrarlanacağına isə ümidimiz sönməyib. Bunu bizdən həm də uzaqlardan boylanan narahat, qərib məzarlar daha çox gözləyir”.
Bəxtiyar QARACA,
“Azərbaycan” (20 Sentyabr 2015)

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın