Ana səhifə / Aktual / İlham Əliyevin mədəniyyət siyasəti

İlham Əliyevin mədəniyyət siyasəti

“Qafqazinfo” politoloq, Mədəniyyət kanalının direkroru Ramil Qasımovun “Diplomatiyaya xidmət edən mədəniyyət (Prezident İlham Əliyevin mədəniyyət siyasəti)” yazısını təqdim edir: 

Geosiyasi maraqların tez-tez toqquşduğu, katakilizmlərin cövlan etdiyi qloballaşan dünyada, ictimai-siyasi formasiyaların əvəzlənməsindən tutmuş iqtisadi tənəzzüllərə qədər narahatlıq yaradan bu dünyanın bir hissəsi olaraq milli mənafeləri qorumaq ağır missiyadır. Bundan ötrü qətiyyətli və ardıcıl mübarizə lazımdır. Və bu mübarizədə hər zaman hədəfi sərrast nişan alan bir silah var: həqiqətin özü! Təbii ki, bir gerçəklik də sözünü deyir: həqiqət barının tamını daddıranacan, qarşı tərəfi xeyrin lehinə yönəldənəcən dərin zəka, dəmir məntiq, siyasi-fəlsəfi mühakimə qabiliyyəti, milli təəssübkeşlik, alovlu vətənpərvərlik zirvəsindən doğruya işıq salmaq labüddür.

Prezident İlham Əliyevin dövlətçilik və ictimai-siyasi fəaliyyətində parlaq səhifələrə nəzər salsaq yenə bir həqiqətə şahidlik etmiş olarıq: dövlət başçısı zəkası ilə bütün sferaları aydınlatmışdır. İctimai-siyasi sabitlik, yeni iqtisadi modelin uğurları, mükəmməl diplomatiya, çevik və balanslaşdırılmış xarici siyasət kursu, daxili əmin-amanlıq, humanizmə söykənən sosial siyasət prezidentin gerçəkləşdirdiyi ağır, fəqət şərəfli və taleyüklü missiyanın uğurlu taleyindən xəbər verir.

Əlbəttə, sadaladığımız istiqamətlərlə bərabər bir önəmli sahə də var: mədəniyyət. Milli mədəniyyət tarixinin araşdırılması, təşəkkülü və təbliği ulu öndər Heydər Əliyevin fəaliyyətində önəmli yer tuturdu. Bu ənənə bu gün də prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, milli mədəniyyətin təbliği beynəlxalq münasibətlərin tənzimlənməsinə, diplomatiyaya da xidmət edir.

Əlbəttə, 2003-cü ildən bəri gerçəkləşən mədəniyyət layihələrini bir yazıya sığışdırmaq qeyri-mümkündür. Ancaq bəzi məqamlara nəzər salmaqla görülən işlərin miqyasına və tarixi- siyasi əhəmiyyətinə bir daha diqqət yetirə bilərik.

2004-cü ilin yanvarında YUNESKO-nun iqamətgahında “Dədə Qorqud” dastanının 1500 illiyinə həsr olunmuş möhtəşəm tədbir də, Brüsseldə “Dədə Qorqud” abidəsinin açılış mərasimi də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin layiqli təbliğinə bariz nümunə idi. Elə həmin ildə Fransa senatının muzeyində 20 Azərbaycan rəssamının 70-dən çox əsəri nümayiş etdirildi. Salonlardan ucalan milli musiqimiz Fransa tamaşaçılarının könüllərini ehtizaza gətirdi. Aprelin 8-də Bakıda Türkiyə ilə dostluq, qardaşlıq münasibətlərinin, ədəbi əlaqələrin gücləndirilməsində əvəzsiz rol oynayacaq Atatürk mərkəzinin açılışı oldu.

“Azərbaycan Milli Ensklopediyası redaksiya heyətinin tərkibinin və Əsasnamənin təsdiq edilməsi haqqında” Prezident fərmanı imzalandı. Martın 15-də Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyini qəbul edən dövlət başçısı milli ədəbiyyatın inkişaf perspektivləri və dünya ədəbiyyatına inteqrasiya ilə bağlı tövsiyələrini verdi.

Xarici İşlər Nazirliyində respublikanın xarici ölkələrdəki diplomatik nümayəndələrinin rəhbərliyi ilə görüşdə prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin təbliğat mexanizmləri ilə bağlı öz fikirləri bəyan etmişdi: “Azərbaycan haqqında reallıqlar, həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Ümumiyyətlə, mən xarici mətbuatı mütəmadi qaydada izləyirəm. Azərbaycanı yalnız neft ölkəsi kimi təqdim edirlər, yaxud da ölkə haqqında erməni-azərbaycanlı münaqişəsi ilə bağlı məlumat verilir. Amma Azərbaycanın qədim tarixi var, mədəniyyəti var, mədəni irsi var. Bu gün mətbuat dünyada çox böyük rol oynayır. Biz istərdik ki, Azərbaycan haqqında gedən məlumat reallığa əsaslansın”.

2004-cü il sentyabrın 9-da Azərbaycan mədəniyyəti üçün ən yaddaqalan hadisə baş verdi. Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçildi. Prezident İlham Əliyevin mədəniyyət sferasına xüsusi diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri sayəsində milli mədəniyyətimiz özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.

2008-ci ildə cəsurluq rəmzi olan Cavad xanın qəbri üzərində məqbərə ucaldıldı. Mərdəkanda 16-cı əsrə aid “Pir Həsən” ziyarətgahı, Binədə “Möhsün Səlim” məscidi, Buzovnada “Cümə” məscidi, Bakıda “Müqəddəs Məryəmin miladı” kilsəsi əsaslı təmir olundu. Tiflisdə Azərbaycan aydınları Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən düzəldildi.

2013-ci ildə Paris və Strasburqda Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı konsert və sərgilər reallaşdı. Romada mütəfəkkir şairin abidəsi ucaldıldı.

Muğam öz yaşından ulu, mənəvi-ruhi duyğuların simsarı olan, fəlsəfi təməl üzərində qərar tutmuş möhtəşəm sənət növüdür. Əksər türk-müsəlman dövlətlərində muğam sənəti intişar tapsa da, hər ölkənin muğamı ifa manevrinə, boğaz tərzinə görə fərqlənir. Amma dünyada ilk dəfə məhz Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəz – muğam ocağı yaradıldı. Mehriban xanım Əliyevanın təşəbbüsü, prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin avqustunda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu. 2008-ci il dekabrın 27-də 7500 kv. metrlik sahədə qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin açılış mərasimi keçirildi.

Azərbaycan musiqisi beynəlxalq konsert salonlarında əcnəbiləri heyrətə gətirir. Bakıda və regionlarda beynəlxalq musiqi festivalları keçirilir.

Prezident İlham Əliyevin mədəni irsimizə göstərdiyi diqqət, Mehriban Əliyevanın davamlı təbliğatı sayəsində muğam, aşıq sənəti, Novruz bayramı ənənələri, xalçaçılıq sənəti, tar ifaçılıq sənəti, çovqan oyunu, kəlağayı düsəldilməsi sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Azərbaycanın monumental tarixi abidələri, maddi mədəniyyət ocaqları, müasir standartlara uyğun şəkildə bərpa və təmir olunub. Bakı şəhəri özünün unikal memarlıq palitrası ilə qonaqları heyrətləndirir. Dünyanın nadir memarlıq inciləri siyahısında yer alan Heydər Əliyev Mərkəzi, Üç alov qüllələri ilə bərabər müxtəlif dövrlərin memarlıq məktəblərinin nümunələri də bir vəhdət tablosu yaradır.

Bakı beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilib. 2003-cü ildən bəri Azərbaycanda Beynəlxalq incəsənət, Beynəlxalq milli rəqs və musiqi, Beynəlxalq Mstislav Rastrapoviç, Gəncə Beynəlxalq musiqi, Qəbələ Beynəlxalq musiqi, Beynəlxalq caz, Avropa Tolerantlıq festivalları, Beynəlxalq Azərbaycan xalçası simpoziumu, Bakı Beynəlxalq memarlıq müsabiqəsi, kitab sərgisi, kino və teatr festivalları, idman və musiqi yarışmaları mütəmadi keçirilir.

Dövlət başçısının sərəncamı ilə Keşikçidağ, Yanardağ, Xınalıq, Atəşgah tarixi-mədəni qoruq kimi elan olunub. 2012-ci ildə Qobustan qoruğunun yeni inzibati binasının və müasir texnoloqiyalarla təchiz edilmiş ekspozisiyasının açılışı oldu. Qobustan qoruğunun ABŞ Dövlət Departamentinin “Museum Contest-2012” layihəsinə daxil etməsi qürurverici haldır. Eyni zamanda “Qala” Dövlət Qoruğunun bazasında Qala Etnoqrafik Muzey Kompleksi yaradılmışdır.

Azərbaycan Dövlət İncəsənət muzeyi əsaslı təmir olunmuş, müasir incəsənət muzeyi fəaliyyətə başlamışdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu tikilib istifadəyə verilmişdir.

Prezident bütün çıxışlarında dönə-dönə söyləyir ki: “Kitabxanalar Azərbaycan xalqının milli sərvətidir”. Bu milli sərvətin müasir texnoloji tələblərə uyğunlaşdırılmasından ötrü dövlət başçısının 20 aprel 2007-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı” elan olundu.

Mədəniyyətin önəmli qolu olan kinonun inkişafı da dövlətin və dövlət başçısının diqqət mərkəzində olan məsələlərdəndir. 2007-ci il fevralın 23-də “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalandı. 2008-ci il avqustun 4-də “Azərbaycan kinosunun 2008-2018-ci illərdə inkişafı üzrə Dövlət proqramı” qəbul olundu. Azərbaycan Dövlət Film Fondunun yeni inzibati binası tikilib istifadəyə verildi. “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazası yaxşılaşdırıldı. “Nizami” kinoteatrı əsaslı şəkildə təmir olundu.

Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli sərəncamı ilə bu ilin avqustunda milli kinomuzun 120 illiyi təntənəli şəkildə qeyd olunacaqdır.

Prezidentin 15 fevral 2013-cü il tarixli fərmanı ilə “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu” qüvvəyə minmişdir.

Dövlət başçısının digər bir fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası üzrə Milli Fəaliyyət Qrupu yaradıldı. “Azərbaycan 2020: mədəni irs üzrə prioritet inkişaf istiqamətlərindən biri kimi” devizi ilə keçirilən beynəlxalq konfransda daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi, istifadəsi, təbliği sahəsində mövcud problemlərin və perspektivlərin müzakirəsi qabardıldı.

Ölkəmizdə mədəniyyətin siyasətinin əsas istiqamətlərindən biri teatr sənətinin inkişaf etdirilməsidir. 2006-cı ilin dekabrında MDB ölkələrində ilk dəfə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” qanun qəbul olundu. 18 may 2009-cu ildə isə “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət proqramı” təsdiq edildi. 2012-ci ildə Bakı II Beynəlxalq Teatr Festivalina ev sahibliyi etdi. Prezidentin 1 mart 2013-cü il tarixli fərmanı ilə martın 10-u “Milli Teatr günü” elan olundu.

Ötən il Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək ümumdünya sərgisinə (EXPO 2025) ev sahibliyi etmək üçün Bakının namizədliyi irəli sürülüb. Tarixi 1851-ci ilə gedib çıxan Ümumdünya sərgisi ən böyük və davamlı qlobal tədbir sayılır. Qeyd edək ki, ölkəmiz sözügedən sərgidə 2000-ci ildən iştirak edir.

Vaxtaşırı Azərbaycanda keçirilən Ümumdünya mədəniyyətlərarası dialoq Forumu da mədəniyyətlər, sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı təşviq edir. 2008-ci ildən Mədəniyyətlərarası dialoqun qurulması məqsədilə Azərbaycan tərəfindən “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. “Bakı prosesi” və ümumdünya mədəniyyətlərarası Dialoq Forumu sülhün və əməkdaşlığın qorunmasına xidmət edir.

BMT Baş Assambleyasında qəbul edilmiş “Sülh naminə” dinlərarası və mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi” adlı qətnamədə Bakıda 2 ildən bir reallaşan Ümumdünya mədəniyyətlərarası dialoq Forumuna istinadən bu tədbir mədəniyyətlərarası dialoqun təşviqi üçün aparıcı qlobal platforma kimi təsvir olunur. Bu platforma çərçivəsində “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 10-cu konfransında qəbul edilən qərara görə 2020-ci ildə Qəbələ İslam dünyasının turizm paytaxtı olacaq.

Mədəniyyət – xalqın təfəkkür tərzinin göstəricisidir. Ədəbiyyat – etnofəlsəfi düşüncənin təcəssümüdür. Və ədəbiyyatın, mədəniyyətin təbliği milli tanıtıma, dövlətçiliyə, diplomatiyaya xidmət edir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və I vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi önəm verirlər.

Mədəniyyət tarixində iz qoymuş, incəsənətə töhfə vermiş görkəmli sənətkarların yubileyləri ən yüksək səviyyədə təşkil olunur. Bədii-estetik zövqün formalaşmasında xidməti olan sənətçilər fəxri adlara, Prezident təqaüdünə layiq görülür.

Qürur duyuram ki, çalışdığım Azərbaycan Televiziyası, habelə Azərbaycan Televiziyasının Mədəniyyət kanalı dövlət başçısının mədəniyyət siyasətini layiqincə təbliğ edir və tamaşaçılara çatdıra bilir. Azərbaycan dilinin saflığının qorunmasında, ədəbi dilin qanunlarına riayət olunmasında, ədəbiyyat, incəsənət tariximizin araşdırılmasında Azərbaycan Televiziyası önəmli rol oynayır.

Prezident İlham Əliyev milli mədəniyyətin təşəkkülü ilə bərabər, mədəniyyət tariximizi yaradan insanlardan da qayğısını əsirgəmir. Mən də fəxrlə söyləyə bilərəm ki, o qayğıdan bəhrələnən gənclərdən biriyəm. Əməkdar artist fəxri adına, Prezident mükafatına, Azərbaycan Televiziyasının Mədəniyyət kanalının rəhbərliyi etimadına layiq görülmüşəm.

Aprel ayının 11-də keçirilən növbəti seçkilərdə Prezident İlham Əliyev daha bir inamlı qələbə qazandı. Xalqımız böyük ruh yüksəkliyi ilə seçkilərə qatıldı və öz səsini haqqın qalibiyyətinə, dövlətçiliyin qarantına, siyasi sabitliyə verdi. İlham Əliyev növbəti dəfə prezident seçildi. Bütün bunlar onu deməyə əsas verir ki, milli mədəniyyətin inkişafının miqyası daha da böyüyərək geniş vüsət alacaq, ölkəmizin beynəlxalq siyasi və mədəni nüfuzunun möhkəmlənməsi prosesi davam edəcək.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …