Cümə axşamı , İyul 18 2019
Ana səhifə / İLHAMƏ QULİYEVAYA SUİ-QƏSD CƏHDİ – Köməkçisi Xalq artistini öldürmək istəyib!

İLHAMƏ QULİYEVAYA SUİ-QƏSD CƏHDİ – Köməkçisi Xalq artistini öldürmək istəyib!

Bir neçə gün öncə xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Bəylərqızını (Hüseynova) işdən uzaqlaşdırması ilə bağlı məlumat yayıldı.Mətbuat katibi Faiq Ələkbərlinin yaydığı açıqlamada bir məqam xüsusilə diqqət çəkirdi:

“Xalq artisti sənət adamlarının, KİV nümayəndələrinin nəzərinə çatdırır ki, M.Hüseynovanın ona heç bir aidiyyəti yoxdur. Onun köməkçi kimi bütün səlahiyyətləri əlindən alınıb. M.Hüseynovanın işindən uzaqlaşdırılmasının səbəbləri yaxın günlərdə ətraflı şəkildə açıqlanacaq”.

Görəsən niyə İlhamə Quliyeva ilyarım işlədiyi köməkçisini işdən uzaqlaşdırmaq qərarına gəlib? Sənətkar Ölkə.az-a müsahibəsində bu barədə şok açıqlamalar verib.

– İlhamə xanım, köməkçinizi niyə işdən uzaqlaşdırdınız, səbəb nə idi?

– Ağır və təhlükəli bir həyat yaşayıram. Çünki ilyarımdır Mehriban Bəylər qızı Hüseynova mənim evimdə köməkçi kimi çalışıb. Bu yaxınlarda məlum olub ki, köməkçi Mehriban mənim adımdan vəsiyyətnamə yazdırıb, imza çəkib. Evimi, əmlakımı, hər şeyimi öz əlinə keçirmək istəyən bir vəsiyyətnamə ilə tutulub. O, məni zəhərləmək, damarıma zəhərli iynə vurdurmaq, huşumu dağıtmaq üçün psixotrop dərmanlar sifariş verib. Həmçinin evimdən külli-miqdarda zinyət əşyalarını oğurlayıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi surətdə müraciət etmişəm, faktları, səs yazılarını təqdim etmişəm. Evimdə cürbəcür xoşagəlməz, biabırçı düyünlər, fal zir-zibilləri var. Guya bu kartabaxandır. Bizdə onun səs yazmaları var. O səs yazmalarında məni öldürmək üçün dərmanlar istəyir. Evimdən də xeyli zəhərli dərmanlar tapılıb və polisə təhvil verilib. Dəfələrlə polis əməkdaşları gəlib məndən izahat alıb. Bildirdilər ki, guya onu həbs edib Kürdəxanası həbsxanasına göndəriblər. Mən də rahat oturmuşam ki, bu həbs olunub. Bilirəm ki, bu gözəl dövlətimin vətəndaşıyam, ödüllərimin, zəhmətimin çox sağ olunu görən adamam. Arxayınam ki, dövlətim məni qoruyur. Ancaq belə olmadı. Dünən gecə bağdan qayıdanda 99 cj-832 dövlət nömrə nişanlı ağ “Chevrolet” maşında Xatirə adlı rəfiqəsiylə qarşıma çıxdılar. Biz onları saxladıq ki, onu maşından düşürək. Ancaq səs-küy salıb bütün insanları ora yığdılar. Bu məqamda Mehribanın həyat yoldaşı olduğu deyilən Tofiq adlı bir şəxs üstümüzə hücum çəkdi. Dedim sənin şərəfsiz arvadın həbsxanada olmalıdır, o burada nə gəzir? Dedi ki, mən buraxdırmışam. Ardınca 90 zs-433 dövlət nömrə nişanlı qara “Ford” markalı avtomobili üstümüzə sürdülər. Həmin maşın da onlardan idi. Mehriban həmişə deyirdi ki, Tofiq heç vaxt heç yerdə işləməyib, alfonsdur. Ailəmin üstünə hücum çəkirdilər ki, hüquq-mühafizə orqanlarındanıq. Məni görən kimi başladılar üzr istəməyə. Maşınlara minib qaçdılar. Gecə “102” xidmətinə zəng vurduq. Orada heç kim heç kimi döymədi. İstəyirdim ki, onu polisə təhvil verim.

– Bu hadisədən sonra polis gəlib sizdən izahat alıbmı?

– Bəli, üç dörd-dəfə məndən izahat alıblar. Bakı Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin müstəntiqlərinə bir neçə dəfə izahat vermişəm. Oktyabrın 7-də Mehriban Hüseynovanı evimə çağırtdırdım. Əməliyyat qrupu da evimdə gözləyirdi. Onu elə evimdən götürdülər. Necə ola bilər ki, polis işçiləri mənim başımın altına yastıq qoyurlar ki, biz onu Kürdəxanıya göndərmişik. Cənab prezidentə, Bakı Şəhər Prokurorluğuna, digər hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşıram.

– Nədən hiss etdiniz ki, o sizə xəyanət edir, həyatınıza qəsd etməyə hazırlaşır?

– Hər şey oğlumun dostunun sayəsində açıldı. Oğlumun dostuna çox inanıb, bütün sirlərini açıb. Oğlumun dostu isə onun bütün dediklərinin səsini yazıbmış. Yenicə işə başlayan vaxtlarında onu bir qulluq üçün göndərmişdim. Gedib həmin oğlanla görüşüb, deyib ki, zəhər axtarıram. Oğlan deyib zəhəri neyləyirsən? Barəmdə xoşagəlməz ifadələr işlədib və deyib ki, onu zəhərləyib öldürmək istəyirəm.

– Oğlunuzun dostu olduğunu bilmirdi?

– Bilib, amma oğlan özünü ona elə göstərib ki, bu inanıb. Deyib İlhaməni öldürən kimi maşının açarını sənə verəcəyəm, bağı, evləri bizim olacaq, böləcəyik. Oğlan görüb ki, bu cəfəng şeylər danışır, hamısını yazıb. Hüquq-mühafizə orqanlarının qarşısına bütün bu faktları qoymuşuq. Oğurluq, dələduzluq, qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılmalıdır. Deməli, bu vəsiyyətnaməni hazırlayıb, qalıb mənim imza atmağım. İmzaya görə evdəki pulumdan 2500 manat götürüb aparıb ki, saxta imzanı ora yazdırsın. Bu məqamda həmin işə baxan qadın bizə gəldi və dedi ki, bu belə işlər görür. Polisə hazır məsələni açıb vermişəm. Necə olur belə bir dövlətdə yaşayıram, bu qədər fəxri adlarım, ödüllərim var, amma mən qorunmuram, təhlükəsizliyim təmin olunmur? Məni bütün dərmanlarla pis günə qoyub, əl-ayağım yer tutmurdu. Gedib özümü müalicə elətdirəndən sonra deyirmiş ki, gündən günə yaxşılaşır, superləşir. Deyib İlhaməni əl-ayağından yox, ürəyindən öldürəcəyəm, yatan yerdə damarına hava buraxıb öldürəcəyəm.

– Hansı halda Mehriban Hüseynovanı bağışlamağınız mümkündür?

– Burada ölüm söhbəti olub, siz nə danışırsınız? Onu bağışlasam, Allah məni bağışlamaz. O məni öldürüb, xəstə salıb, canıma dərmanlar yeridib. Bu ilyarımda həmişə halsız olmuşam. On gündür onu evdən rədd edib, indi gözümü açmışam, adam olmuşam. Bu dəqiqə evimdən cadu təmizləyirlər. Divardakı şəkillərin arxası, yatağım içi… Bütün dostlarımı məndən uzaqlaşdırıb keyləşdirmişdi. On gündür özümü çox yaxşı hiss edirəm. Bir daha Bakı Şəhər Baş Polis İDarəsi barədə fikirlərimi demək istəyirəm.Məni aldadıblar. Vəkilimlə və ailəmlə mətbuat konfransı keçirəcəyəm. Bizim dövlətimizə, dövlət başçımıza, polis orqanlarımıza, baş prokurora müraciət edirəm. O oğrunu, dələduzu, yerində oturtmaq lazımdır. Hansı haqla, hansı qanunla onu sərbət buraxıblar? Bu işin obyektiv həll olunmasını istəyirəm və dövlətimə inanıram. Ölənədək əl çəkən deyiəm. İlyarım ölümlə çarpışmışam, əzrayılı sinəmin üstündə saxlamışam. Bu iş belə qala bilməz.

Qeyd edək ki, Bakı Şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Abbas olayla bağlı musavat.com-a açıqlama verərək, müğənninin dediklərini təkzib edib:

“Bakı Şəhər Baş Polsi İdarəsində nəinki İlhamə Quliyevanın, ümumiyyətlə, hər hansı bir xalq artistinin şikayət ərizəsi yoxdur. Tam əminliklə deyə bilərəm ki, İdarənin Təhqiqat Şöbəsinə belə bir ərizə daxil olmayıb”.

İlhamə Quliyeva bu rəsmi açıqlama ilə əlaqədar danışarkən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarını hədələyib:

“Mənim bütün sənədlərim, o cümlədən də səs yazıları, saxta vəsiyyətnamə idarədədir. Yəqin onlar mənim şikayətimi qeydə almayıblar. Bu, onlara böyük zərər vuracaq. Çünki, Ramil Usubov da məsələdən agahdır, bilir hər şeyi… Prezidentə, birinci xanıma, şəhər prokurorluğuna teleqram göndərmişəm. Bir sözlə, hamı xəbərdardır, hamı ayaq üstədir”.

Müğənni yaranmış qalmaqalla bağlı oktyabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) geniş mətbuat konfransı keçirəcəyini də deyib:

“Bütün jurnalistləri dəvət edirəm, gəlib hər şeyi orada aşkar edin”.

***
Oktyabrın 15-i, saat 02:00 radələrində xalq artisti, Şöhrət ordenli İlhamə Quliyeva qalmaqal yaşayıb. “AZƏRFAX”ın əməkdaşı təsadüfən hadisənin şahidi olub.

8-ci mikrorayon ərazisində yerləşən Tenis Akademiyasının qarşısında xalq artisti və iki kişinin olduğu “Hyundai Sonata” markalı avtomobillə, içərisində iki xanım olan “Chevrolet” markalı avtomobil üz-üzə gəlib.
İ.Quliyeva avtomobildən düşərək, xanımların ünvanına belə deyib: “Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?” Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib.

İttiham tərəflərindən biri – “Chvrolet”in sərnişini də İlhamə xanımın ona xələl yetirmək, bıçaqlatdırmaq istədiyini deyib.

Qarşılıqlı ağır ittihamlarla müşahidə olunan mübahisə zamanı hər iki tərəf “102” polis xidmətinə zəng edib.

Məhz bundan sonra tərəflər hadisə yerindən uzaqlaşıblar.

 

Həmçinin oxuyun

Ermənilər sərhəd döyüş məntəqəsini atəşə tutub, bir əsgər yaralanıb

Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yember­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla …

Bir cavab yazın