Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / İki aylıq karantin rejimində ölkəmizin qazancı və itkiləri – ŞƏRH

İki aylıq karantin rejimində ölkəmizin qazancı və itkiləri – ŞƏRH

Azərbaycanda iki aydır ki, koronavirus pandemiyası ilə bağlı karantin rejimi tətbiq edilib. Getdikcə karantin rejimi yumşaldısa da, hələ də bəzi sahələrin fəaliyyətindəki məhdudiyyət, iri şəhərlər – o cümlədən Bakıya giriş-çıxışa qadağa tətbiqi davam edir. Həmçinin hələ ki sərhədlər də açılmayıb.  Azərbaycanla birlikdə ötən iki ay ərzində demək olar ki, dünya ölkələrinin hamısında bu və ya digər formada karantin tətbiq edildi, sərhədlər qapadıldı, xarici vətəndaşların ölkəyə buraxılmasına məhdudiyyət tətbiq edildi.

Bəs ötən iki ay ərzində tətbiq edilən karantin rejimi Azərbaycana nə qazandırdı, nə itirdik?

Tibb sahəsi üzrə mütəxəssislər bildirirlər ki, Azərbaycanın zamanında karantin rejimini tətbiq etməsi ölkədə fəlakətli yoluxma hallarının qarşısını aldı. Eyni zamanda hökumətin operativ qərarlar verməsi nəticəsində zəruri tibbi ləvazimatların alınması, əhaliyə çatdırılması çox tez bir zamanda həyata keçirildi.

Musavat.com-a açıqlamasında Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm bildirib ki, koronavirus infeksiyasına qarşı mübarizə Azərbaycan səhiyyəsinin gücünü göstərdi:

“Həkimlərin birliyini, könüllü olaraq prosesə qoşulmağını hər kəs gördü. Müsbət nəticə onunla bağlıdır ki, Azərbaycan vaxtında proses qoşulub, sosial izolyasiya tətbiq etdi. Düzdür, biz həkimlər sərhədlərin bağlanmasını yanvar ayında istəyirdik. Lakin 1 ay gecikmə də olsa sərhədlər qapandı. Bütün bunlar isə hadisələrin kütləvi şəkildə genişlənməsinin qarşısını aldı. Azərbaycan vaxtı-vaxtında normadan dəfələrlə artıq tibbi avadanlıqlar alıb. Bu gün bizim xəstəxanada ən azı 40 süni tənəffüs aparatı var. Onların əksəriyyəti isə bu günə qədər istifadə edilməyib və buna zərurət yaranmayıb. Azərbaycanda ECMO adlı qiyməti 6 milyon dollar olan aparat da var. Bu da ən ağır xəstələrə istifadə edilir. Hələ ki həmin aparatlara da qoşulan olmayıb. Çünki bu qədər ağır xəstəmiz yoxdur”,- deyə həkim bildirib.

Tibb sahəsində çalışanlar bildirirlər ki, bütün bunlar, dövlətin vətəndaşın həyatını qoruması, Azərbaycanın bu  ağır vəziyyətdən az itki ilə çıxması ən böyük qazancımızdır. Eyni zamanda sosioloqlar bildirirlər ki, bu dönəm ərzində insanların bir-biriləri ilə yardımlaşması halları müşahidə edildi və hətta bu hal kütləvi xarakter daşıdı. Bildirilir ki, bu, cəmiyyətdə mənəvi dəyərin önə çıxmasıdır ki, bu da ümumən cəmiyyətlər üçün müsbət haldır.

Lakin koronavirus pandemiyası dünya iqtisadiyyatı ilə yanaşı, Azərbaycan iqtisadiyyatına da zərər vurdu. Ekspertlər bildirirlər ki, ən böyük itkimiz elə bununla bağlıdır.

Natiq Cəfərli: “Venesuella neft istehsalı həcmini artıra bilər”

“Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli bildirib ki, Gömrük Komitəsi rəqəmləri açıqlasa da, aprel ayı üçün hələ ki, Statistika Komitəsi tərəfindən göstəricilər açıqlanmayıb:

“Ötən ilin eyni dövrü ilə müqayisədə aprel ayı üçün ÜMD-nin həcmi təqribən 20 faizə yaxın azalıb. Bu, çox ciddi göstəricidir. Təbii ki, bu, təkcə pandemiyanın təsiri deyil. Azalmaya həm də neftin qiymətinin aşağı düşməsi də təsir edir. Turizm sektoru da pandemiya dövründə itirdi. Xüsusilə də mart ayında ən böyük itki oldu. Çünki Azərbaycan turizm sektoru hər il mart ayında illik dövriyyəsinin təqribən 20-25 faizini qazanırdı. Çünki qonşu ölkələrdən, əsasən də İrandan turistlərin gəlməsi gözlənilirdi. Hər il turizm sektoru mart ayında xeyli canlanıb. Bu günə qədər də turizm sektorunun açılması müzakirə edilmir. Yəqin ki, bu il həm dünyada, həm də Azərbaycanda turizm itirilmiş il kimi yadda qalacaq. Xidmət sahəsinin də ümumdaxili məhsulun formalaşmasında böyük yeri olmasa da, işçi tutumunda böyük rolu var. İki aydan çox idi ki, ictimai-iaşə sektorunda işlər dayanmışdı. Bu gündən etibarən isə müəyyən aktivlik olacaq. Ancaq bu da xidmət sektorunun kifayət qədər çevik formada bu şəraitə uyğunlaşacağını deməyə əsas vermir. Bu isə işçi tutumuna ciddi təsir göstərdi. On minlərlə insan heç bir yerdə qeydiyyatda olmadan bu sahələrdə çalışırdılar. Onların işsiz qalması, işsizliyin artmasının şahidi olduq. Bu, həm də 190 manat birdəfəlik ödənişin verilməsində özünü göstərdi. Belə ki, 190 manatın verilməsi sonradan 600 min nəfərə qədər artırılmalı oldu. Düşünürəm ki, kifayət qədər kənarda qalan insan var. Yəni həm işsizlik, həm ümumdaxili məhsul, ticarət dövriyyəsi, həm də xidmət sahəsində böyük itkilər var. Bu itkilərin qısa zamanda geri dönüşü hələ ki mümkün görünmür. Çünki karantin rejimini yumşaldan ölkələrin də timsalında görürük ki, insanlar heç də köhnə davranış qaydalarına dönmürlər. Yəni bunun üçün zaman lazım olacaq ki, insanlar pandemiyadan öncəki davranış qaydalarına dönə bilsinlər. Bu da həm ticarət dövriyyəsinə, xidmət sahəsinə və ümumilikdə iqtisadi aktivliyə mənfi təsir göstərən amillərdən biridir”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …