Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / İki anti-Ermənistan qətnaməsindən birini qəbul edən AŞPA-nın şübhəli balansı

İki anti-Ermənistan qətnaməsindən birini qəbul edən AŞPA-nın şübhəli balansı

Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayıb. Əvvəlcədən də bilindiyi kimi, budəfəki müzakirələrin gərgin keçəcəyi gözlənilən idi. Belə ki, yanvarın 26-da Ermənistanla bağlı iki qətnamənin gündəliyə salınması rəsmi İrəvanı çətin duruma salmışdı.
Bütün diplomatik rıçaqları işə salan Ermənistan hər vəchlə bu sənədlərin qəbul edilməməsinə çalışırdı.
Hesabatlardan biri – Böyük Britaniyadan olan parlamentari Robert Volterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı sənəd cüzi səs fərqi ilə keçməsə də, Bosniya və Herseqovinadan olan xanım parlamentari Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı ikinci sənəd Avropa Şurası tərəfindən qəbul edildi.
Yekunda Azərbaycanı qane edən cəmi bir qətnaməyə münasibət bizim istədiyimiz kimi oldu. AŞPA-nın 1-1 nisbətli yanaşmasını tərəflərə balanslı münasibətin təzahürü saymaq olar, yoxsa bu, Azərbaycana qarşı növbəti qərəzdir?

shahidov
AŞPA-nın qış sessiyasında yaxından iştirak edən hüquq müdafiəçisi, ADİHİ rəhbəri Əhməd Şahidov “Bakı-Xəbər”ə açıqlamasında budəfəki müzakirələri Azərbaycan üçün uğurlu hesab etdiyini bildirdi:

“Budəfəki müzakirələr əslində Azərbaycan və Ermənistan arasında diplomatik savaş idi. İki sənədin eyni gündə müzakirəyə çıxarılması rəsmi İrəvan üçün gözlənilməz və şok effektli idi. Odur ki, son aylar erməni mətbuatında Ermənistan hakimiyyətinin uğursuz xarici siyasəti sərt tənqid olunurdu. Bütün imkanlarını səfərbər edən erməni hakimiyyəti və lobbisi bu sənədlərdən yalnız birini neytrallaşdıra bildi ki, o da cüzi səs fərqi ilə baş tutdu. İkinci sənəd isə qəbul edildi və bunu Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirmək lazımdır. Çünki Avropadakı din faktorunu da nəzərə almaq yerinə düşər. AŞPA-da əyləşən parlamentarilərin böyük əksəriyyəti xristiandır və təbii ki, xristian Ermənistanın əleyhinə səs verməkdən çəkinirlər. Buna baxmayaraq, Ermənistanın Dağlıq Qarabağ və digər əraziləri işğalda saxladığı faktının AŞPA-da növbəti dəfə səsləndirilməsi və bu faktların hesabat şəklində avropalı parlamentarilərə çatdırılması böyük işdir. Bu faktları qəbul edib-etməmək isə artıq Avropanın ikili standartlarının təzahürüdür ki, bu gün Azərbaycan bir daha bu məsələ ilə qarşılaşmış oldu. Bir hesabatı qəbul edib, digərini qəbul etməmək əslində AŞPA-nın tərəflər arasında guya balans saxlamaq niyyəti kimi də yozula bilər. Bütün hallarda, Azərbaycan AŞPA-nın budəfəki sessiyasında qarşı tərəfə bir qol vura bilib. Ötən sessiyalardan fərqli olaraq, Azərbaycan budəfəki müzakirələrdə daha güclü çıxış edib”.

fazil
Millət vəkili Fazil Mustafanın fikrincə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını sənədlərlə təsdiqləyən Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul olunması ciddi uğur sayıla bilər:

“Bu məsələdə Bosniya və Herseqovinadan olan məruzəçi M.Markoviç xanımın qətiyyətli mövqeyini xüsusi olaraq vurğulamaq istərdim. Bununla belə, Volterin hazırladığı Dağlıq Qarabağla bağlı qətnamənin qarşısının alınmasında əksər Avropa ölkələrinin prezidentləri, Minsk Qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransanın bütün strukturlarının təhdid və təzyiqləri çox ciddi rol oynadı. Həmin ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etməməsinə səbəb oldu. Bununla belə, ürək yanğısı ilə bir epizodu bölüşmək istəyirəm. Bildiyiniz kimi, hansısa kiçik detallara görə heç vaxt Türkiyəni qınamamışam və hər zaman bu qardaş ölkənin Azərbaycanda nüfuzdan salınmasına qarşı ən sərt formada çıxış etmişəm. Bundan sonra da həmişə belə olacaq, çünki yenə də o düşüncədəyəm ki, ən ağır zamanlarda ölkəmizin yanında duracaq tək ölkə Türkiyə olacaq. Ona görə də bu söyləyəcəklərim qətiyyən göz bəbəyimiz olan Türkiyənin əleyhinə mövqe kimi anlaşılmasın. Sadəcə qısa bir epizod olaraq türk məsuliyyətsizliyindən yazmaq istəyirəm. Demək, Volterin məruzəsində 66 lehimizə, 70 əleyhimizə oldu. Dörd səs olsaydı, yenə də qətnamə qəbul olunurdu. Türkiyə nümayəndə heyəti 18 nəfər əsas heyətdən ibarət idi. Bunlardan 2 nəfər PKK-nı dəstəkləyən partiyadan olduğuna görə ermənilərə simpatiya duymaları təbii qarşılanmalıdır. Qaldı 16 nəfər. Məhz 16 nəfərin hamısı səs versəydi, bərabərlik olurdu və qətnamə qəbul edilirdi. Cəmi 12 nəfər lehimizə səs verdi. AKP-dən 2 nəfər, CHP-dən də 2 nəfər səsvermədə iştirak etmədi. Bu 4 səs nəticəyə ciddi təsir etdi.
Maraqlıdır ki, ikinci qətnamənin səsverməsində Türkiyədən olan 16 nəfər lehimizə səs verdi. İkincidə səfərbər olurdularsa, demək, birincidə də bunu edə bilərdilər. Çox üzücüdür, ancaq bunları bölüşmək türk milləti olaraq nöqsanlarımızı görmək baxımından faydalıdır deyə düşünürəm”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın