Lerik rayonu Siyov kənd sakini Fərhad Muradov narazılıq edir. O,
deyir ki, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar
nazirliklərinə, Prezident Adminstrasiyasına, Birinci vitse-prezident
Mehriban Əliyevaya dəfələrlə evinin qəzalı vəziyyətdə olması ilə bağlı
məktub yazıb. DİA.AZ-ın məlumatna görə, naraz vətəndaşın şikayəti yerli
İH-nə yönləndirilib, amma heç bir nəticəsi olmayıb:
“1997-ci
ildə 7 bal gücündə zəlzələdən sonra ev tamamilə yararsız vəziyyətə
düşdü. Əlli ilin evidir, uçulub-dağılır, zəlzələlər, yağışlar, torpaq
sürüşmələri vəziyyəti daha da ağırlaşdırıb. İndi də evin aşağı hissəsi
sürüşərək, gedir. Bu acınacaqlı durumu Lerik Rayon İcra Hakimiyyəti
başçısının Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi də
təsdiqləyib. Amma bir çarə tapmırlar, daha ora-bura məktub yazmaqdan
yorulmuşam”.
“Lerik
Rayon İcra Hakimiyyəti mane olur, imkan vermir ki, evlərə baxış
keçirilsin. İcra Hakimiyyəti yeni evin tikilməsi üçün 2-3 min arasında
pul alır. Siyov kəndində yeddi-səkkiz ev tikilib. Evi tikilən adamlar
özləri danışır ki, pul veriblər. Burunlarından gəlsin, ev tikintisi üçün
axı pul ayrılıb. Evin birinə 65-69 min manat pul xərclənir. Tikilən
evlərə baxırsız, mənim evimdən daha yaxşı vəziyyətdədir. Elə ev var ki,
çatı yox idi. Pulunu vermişdi, sökdülər, yerində təzədən ev tikdilər.
Qonşuluqda
bir nəfər var, Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun evinin
qəzalı və təhlükəli vəziyyətdə olmasına dair rəy vermişdi. Sənədləri
əlindədir, ondan üç min manat pul istəyiblər, vermədiyi üçün evini
tikinti planına salmayıblar. Adam var, illərdir Bakıda yaşayır. Onun
evini tikiblər. Evdə yaşayış yoxdur, elə bomboş qalıb.
Bir
dəfə icra nümayəndəsini gətirdim, dedim ki, özün bax evə, gör hansı
vəziyyətdədir. O, da protokol tərtib edib, aktlaşdırdı. Məsələ ilə bağlı
bələdiyyədən tutmuş, icra hakimiyyətinə qədər yazacağını dedi. Amma akt
Lerik Rayon İcra Hakimiyyətinə gedib çatmadı”.
Fərhad
Muradov deyir ki, ildə bir dəfə özü evin qəzalı yerlərində təmir işləri
aparır: “Hər il evin çatlarını palçıqla doldururam ki, görünməsin.
Çünki evimiz qonaqlı-qaralıdır. Məcburam ki, çatların üzərinə suvaq
çəkib, rəngləyim. Evə suvaq çəkməsəm, rəngləməsəm bütün çatlar
görünəcək. Həm də ilan-çayandan qorunmağa görə bu tədbirləri görürəm.
Adam var döşəmənin rəngini sökürdü ki, evi köhnə görünsün, plana
salsınlar. Mən də hər il təmir edirəm, amma nə olsun, altda çatlar
qalır. Birinci mərtəbənin döşəməsi 20 santimetr aralanıb, taxtanı
salırsan, 2 metr yerə qədər gedir. Evin içində, hamamda nə qədər ilan
öldürmüşük”.
Həmçinin oxuyun
Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?
Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …