Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / “İCRA BAŞÇISI SÜPÜRGƏÇİNİN MAAŞINI OĞURLAYIR…” – “Kadrlardan çox şey asılıdır”

“İCRA BAŞÇISI SÜPÜRGƏÇİNİN MAAŞINI OĞURLAYIR…” – “Kadrlardan çox şey asılıdır”

Keçmiş deputat, “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Həsənoğlunun “AzPolitika.info”-ya müsahibəsi

– Alqış bəy, indi hamını bir sual düşündürür. Koronavirus həyatımızı necə dəyişdi…

– Birmənalı cavab vermək çətindı. Sözsüz ki, həyəcanlı günlər yaşayırıq. O da var ki, hər bir hadisənın həmişə iki – mənfi və müsbət tərəfi olur. Koronavirusun mənfi tərəfi bəllidir. Bu virus insan sağlamlığına, həyatına təhdiddir. Arzulara, istəklərə, ömürlərə son qoyur. Ölüm gətirir. Eyni zamanda koronavirus heç bir siyasi gücün, ictimai qınağın, inzibati resursun görə bilmədiyi bir işi görür: Cəmiyyəti təşkilatlandırır, ekstremal sınaqlardan çıxarır, dövlətləri, hökumətləri testdən keçirir. Hər kəsi, uşaqdan böyüyə, gigiyenik qaydalara düzgün və vaxtında əməl etməyə vadar edir. Adamlar vaxtlı-vaxtında evlərinə dönür, bir-birlərinə, doğmalarına daha çox vaxt sərf edirlər. Evdə oturub mütaliəyə zaman ayıra bilirlər…

– Təəəsüf ki, heç də hər yerdə belə deyil. Sosial izolyasiyanın tələblərinə əməl etmək istəməyənlər kifayət qədərdir. Koronavirus da sanki bəzi vətəndaşlarımıza məsuliyyət hissini aşılamaqda acizdir…

– Belə məqamlar təkcə bizə məxsus milli cizgilər deyil. Karantin pozuntularını yalnız məsuliyyətsizliklə izah etmək düzgün olmazdı. Bəşəri xarakterdən törəyən incəliklər var. İnsanın naturası çox mürəkkəbdir və bu mürəkkəblik bütün xalqların timsalında, hər yerdə eynidir. Nəzərə alaq ki, koronavirus təkcə insan sağlamlığına təhlükə törətmir, taleləri hədələmir, həm də bu virusdan başqa bir təhdid də doğur. Təsəvvür edin, insan illər, onilliklər, qərinələr boyu eyni qaydalarla işləyir, istirahət edir, idarə edir, idarə olunur. Oturuşmuş vərdişlər qazanır. Bəzi şablonlar yaradır və ona itaət edir. Birdən-birə bir virus çıxıb deyir ki, ey insan övladı, sən öz vərdişlərindən əl çəkməlisən. Koronavirus bu gün insanlara vərdiş etdikləri kimi yaşamağa mane olur. Vərdişləri tərgitmək isə çox çətindir. Farsların bir deyimində ifadə olunduğu kimi, tərki adəti beməvaci mərəzəst, – adəti tərk etmək xəstələndirər. İnsan xisləti onun vərdişlərinə, normalaşmış həyat tərzinə yönələn təhdidi səhətinə olan təhdiddən qat-qat ağır, aqresiya ilə qarşılayır. Bu həqiqətdir. Yəqin ki, müşahidə edirsiniz, böyük əksəriyyət virusun qarşısını almaq üçün vaksinin nə vaxt tapılacağından daha çox karantin müddətinin haçan bitəcəyi ilə maraqlanır…

– Özünüz karantin günlərini necə kecirirsiniz, nə mütaliə edirsiniz, hansı telekanalları izləyirsiniz?…

– Doğrusu, karantin rejimi həyat tərzimə elə bir xüsusi düzən gətirmədi. Bircə həmişəki kimi piyada gəzə bilmirəm. Qalan hər şey əvvəlki ahəng və qaydalarla davam edir. Mən həmişə mütaliəyə meyilli olmuşam. Amma bu günlər, daha çox təbiətə aid, vəhşi heyvanlara həsr edilmiş verilişləri, sənədli filmləri izləyirəm. Əvvəllər də bu məzmunlu verilişlərə baxırdım, hazırda isə belə verilişlərə bir az da üstünlük verirəm. İndi təbiətə fərqli bir baxışla yanaşmaq imkanı yaranıb. Təbiət həmişə, bütün stixiyasında ədalətlidir. Vəhşilik öz yerində, amansız rəqabət var, yaşamaq uğrunda gərgin mübarizə gedir. Amma hər şey bir ədalət çərçivəsində baş verir. Hansı fakt diqqətimi çəkib? Şir ovladığı qəniməti yeyən zaman tülkü, çaqqal, canavar kənardan oğrun-oğrun müşahidə edir ki, şir nə vaxt çıxıb gedəcək, onlar da həmin qənimətin qalıqlarından dada bilsinlər. Ancaq şir heç vaxt özündən zəif heyvanların qənimətinə göz dikmir. Təəssüf ki, insan cəmiyyətində belə bir mükəmməl ədalət yoxdur. Müqayisə köntöy səslənə bilər. Bunu necə izah edəsən ki… baxın, ali təhsilli, uzun müddətli karyeralar keçmiş icra başcıları yaşamaq, dolanışığını təmin etmək üçün böyük və geniş imkanlara malik olduğuna baxmayaraq, sosial ranqına görə ondan çox-çox zəif olan süpürgəçinin maaşını oğurlayır. Bu dəhşətdir. Görünür, bizim başımıza gələn problemlərin bir səbəbi də odur ki, biz təbiətdən gen düşmüşük. İnsanın xoşbəxtliyi, özünüdərki cəmiyyətlə yox, təbiətlə bağlıdır.

– Bəzən insanları koronavirusun mövcudluğuna inandırmaq da olmur. Hətta belə fikirlər dilə gətirilir ki, belə şey yoxdur, uydurmadır və sair…

– Yəqin ki, bu da insanın xislətiylə izahını tapa bilən bir məsələdir. Şübhə etmək insanın təbii hüququdur. Cünki hər gün nə qədər yalanla üzləşirik? Çevrəmizdə nə qədər adam var ki, gözümüzün içinə baxa-baxa yalan danışır. Atasının, övladının adına yalandan and içir. Yalan arayışlarla özünə imtiyazlar əldə edir və s. Mövcud olduğumuz mühiti təkcə həqiqətlər idarə eləmir axı. Şübhəçilik, hər şeyə şübhəylə yanaşması insanın fitrətindədir. İndi bu əsas deyil. İndi əsas odur ki, bu prosesdən sağ-salamat, ən az itkilərlə çıxa bilək.

– Alqış müəllim, bu dövrdə sosial şəbəkələrin rolunu necə qiymətləndirirsiniz. Görünən budur ki, sosial şəbəkə yenə diktə edən tərəf kimi çıxış edir…

– Məncə, problemi yalnız sosial şəbəkələrə yükləmək düz olmazdı. Bu uzun müdət davam etmiş bir xəttin nəticəsidir. Biz informasiya erasında yaşayırıq. İnsanın, xüsusilə də 21-ci əsrin sakini olan insanın informasiyaya olan münasibəti aclığa, susuzluğa qarşı olan tələbatı qədərdir. Belə bir analogiya aparaq: Tutaq ki, mən sizdən su istəyirəm. Siz məni Bakının ən məşhur restoranlarına aparıb, ən ləziz yeməkləri sifariş verirsiniz. Düşünürsünüz ki, bahalı restoran, yüksək kalorili qidalar mənim susuzluğumu unutduracaq. Bu mümkünsüzdür. Yaxud, mən deyirəm ki, acam, siz mənə ən sərin bulaqların suyunu tapıb gətirirsiniz. Və hesab edirsiniz ki, yemək mənim yadımdan çıxacaq. Bu necə ola bilər? Belə cəhdlərlə vaxti bir müddət uzatmaq olar. Bir az gec, bir az tez, sonda susuz adamın suyunu, ac adamın yeməyini vermək lazım gələcək. İnformasiyaya tələbat da belədir. İnformasiyaya olan ehtiyacı ancaq informasiyanın özüylə qarşılamaq yeganə həll variantıdır. İnformasiya əvəzinə informasiyaya oxşayan nəsə təqdim edəndə, KİV ictimai etimadı itirir. Nəticədə insanlar sosial şəbəkəni alternativ informasiya mənbəyi kimi qəbul edirlər. Ac adam çörəyə daraşan kimi, informasiyasiz adam da sosial şəbəkələrdə yazılan, deyilən, göstərilən hər şeyi, hər yalanı, uydurmanı həqiqi informasiya kimi az qala gözünə təpir…

– Bəs çıxış yolunu nədə görürsünüz?

– Kompleks tədbirlərə ehtiyac var. Hər şeydən əvvəl informasiya resurslarına inam olmalıdır. Bunsuz dönüş yaratmaq çətindir. KİV-lərə olan ictimai etimadı təmin edən vacib şərtlərdən birincisi isə alternativ fikirdir. Bunsuz KİV-lərin yeni dövrə reablitasiyası alınmayacaq. Təbii ki, KİV-lərin bir sosial institut kimi özünü yaşatması üçün çoxsaylı şərtlər tələb olunur. Bir sıra – mənəvi-əxlaqi, hüquqi, iqtisadi əsaslar olmadan uğur qazanmaqdan danışmaq mümkün deyil.

– Son günlər hakimiyyətin bu sahəylə bağlı atdığı addımları necə dəyərləndirisiniz? KİV-ə Dəstək Fonduna, MTRŞ–na yeni rəhbərlət təyin olundu…

– Məşhur bir fikirdə deyildiyi kimi, kadrlardan çox şey asılıdır. Hər bir sahədə yenilənmənin ilk əlamətlərindən biri yeni simaların idarəçiliyə cəlb edilməsidir. Yəqin ki, yeni təyinatlar prosesə impuls verə biləcək. Hər halda biz ümid edirik. Eyni zamanda deyim ki, informasiya məkanının idarə edilməsi həddindən artıq həssas bir mövzudur. Bu sahənin problemlərinə münasibətdə iki fərqli baxış var.

Birinci baxış – bu sahəni təmsil edənlərin mövqeyini ifadə edən peşəkar yanaşmadır. Peşəkarlıqda güzəşt yoxdur. KİV üçün, KİV təmsilçisi üçün informasiya yalnız informasiyadır. Peşəkarlıq informasiyaya bir istiqamətli yanaşma tələb edir.

İkinci baxış – siyasi baxışdır. Siyasətci üçün informasiya reytinqdir, iqtisadiyyatdır, seçiciyə, elektorata təsir vasitəsidir. Peşəkar redaktordan, jurnalistdən fərqli olaraq siyasətçi, dövlət məmuru informasiyaya bir neçə istiqamətdən (dövlətçilik, idarəçilik, milli maraqlar və sair) yanaşır. Ona görə də informasiya məkanının idarə edilməsində peşəkar münasibətlə siyasi yanaşma heç də həmişə üst-üstə düşmür. Əslində, bu iki fərqli yanaşmanın uzlaşmasını təmin etmək, kənardan göründüyü qədər asan deyil. Burada yüksək peşəkarlıq və siyasi müdriklik tələb olunur.

KİV-lərin perspektivi bu iki amildən birbaşa asılıdır.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni təyinat – Kamran Əliyevi o əvəz etdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevin yerinə təyinat olub.“BakuPost”un …