Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / İCRA BAŞÇISI EYVAZ BABAYEV ƏMİR VƏ XANLAR ƏLİYEV QARDAŞLARINDAN NİYƏ QORXUR?

İCRA BAŞÇISI EYVAZ BABAYEV ƏMİR VƏ XANLAR ƏLİYEV QARDAŞLARINDAN NİYƏ QORXUR?

Azinforum.az medianın tanınan isimlərindən olan Elxan Qüdrətoğlunun  Oğuz rayonunda “at oynadan”  iki harın qardaşın sərgüzəştləri barədə qələmə aldığı yazını təqdim edir.
Jurnalist yazır ki, rayonun maliyyə şöbəsinin keçmiş rəisi və hazırkı “biznesmen” Əmir Əliyev və onun qardaşı rayonda kasıb-kusubu döyməkdən həzz alır:

“Təəssüf ki, Azərbaycanın ən kiçik, kasıb və eyni zamanda da ən füsunkar rayonlarından biri olan Oğuz rayonu da puluna güvənən birilərinin çıldırması prosesindən sığortalanmayıb. Ölkə başçısının dəfələrlə bəyan etməsinə və sözün əsl mənasında müharibə elan etməsinə baxmayaraq, burada da pulu çox, maddi imkanı yüksək olanların əhalinin kasıb təbəqəsinə divan tutması hallarına rast gəlinməkdədir. Belə bir hadisə rayonun Bucaq kənd sakininin başına gəlib. Əvvəlcə onu qeyd edək ki, sözügedən rayonda da iri fermer təsərrüfatına malik olan, adını biznesmen qoyub, əslində isə tutduğu vəzifədən yığdığı pulları leqallaşdırmaqla məşğul olan bir neçə “mötəbər” şəxs var ki, bunlardan biri də uzun illər Oğuz rayon Maliyyə Şöbəsinin rəisi işləmiş Əmir Əliyevdir. Bu şəxsin necə varlanmasının özünə görə tarixçəsi var. Bildiklərimizdən yalnız xırda bir detalı nəzərinizə çatdıraq ki, bu şəxsə aid “Uğan” MMC, asfalt zavodu və sexlərin istehsalı olan materiallardan rayonun abadlaşdırılmasında geniş istifadə olunub. Ancaq prezidentin rayona səfəri zamanı Heydər Əliyevin büstünün yerləşdiyi parkdan narazı qalmasının əsas səbəbinin də məhz həmin mötəbər cənabın müəssisələrinin istehsal etdiyi materialların keyfiyyətsizliyi olduğu bildirilir. Həmin səfərdən sonra park yenidən qurulub və burda istifadə olunan materiallar dəyişdirilib. Nə isə, Əmir Əliyevin şəxsən özünün “xidmətlərini” bir kənara qoyaraq, onun qardaşı Xanlar Əliyevin “qəhrəmanlıqlarına” dair bizə yetişən məlumatları nəzərinizə çatdıraq. Məsələ ondadır ki, həmin bu yerli oliqarx olan Əmir Əliyevin biznesinin idarə olunmasında qardaşı Xanların xüsusi rolu varmış ki, bu rol da onun qarşısına çıxan özündən kasıb, aciz və arxasız adamları döyüb təhqir etməkdən keçir. Bilinmir, Əmir müəllimin öz qardaşının bu “lotuluğundan” xəbəri var, ya yox. Ancaq hər halda, Oğuz kiçik rayondur və hamının hər şeydən məlumatı var! Əmir Əliyevin biznes sferasına öz torpaqlarını əkib-becərməyə imkanı olmayan kasıb-kusubun torpaqlarını icarəyə götürüb istifadə etmək və qazancının cüzi bir hissəsini də həmin kəndçilərə “keyfiyyətinə həsəd aparılacaq” buğda, yaxud arpa ilə ödəmək də daxildir. Bu biçarələrə “xala xətrin qalmasın” formasında taxıl verilməsinə isə qardaşını Bağdadın kor xəlifəsi, özünü də onun Oğuzdakı canişini hesab edən həmin bu Xanlar adlı şəxs həyata keçirir.

OGUZ                                                     Eyvaz Babayev

Torpağını bu “təvazökar və xeyirxah” insanlara verən rayonun Bucaq kəndinin yaşlı sakini məhsul yığımı çoxdan başa çatdığı üçün ona çatacaq cəmi 1 kisə taxılını almaq məqsədilə rayonun Malıq adlanan ərazisindəki anbara gedib. Ona çatacaq taxılı istədikdə, anbardar Xanlar müəllimdən (!) icazə alınmalı olduğunu deyib. Və binəva kəndçi bu “mötəbər şəxsə” zəng edib. Həmin bu Xanlar isə dəstəyi götürən kimi, söyüş və təhqirə başlayıb ki, bəs niyə durub anbara gəlmisən və məni narahat edirsən. Sözsüz ki, heç kim, xüsusilə də dağ camaatı bu təhqiri qarşılıqsız qoya bilməz və birincinin etdiyi kimi tərbiyəsiz formada olmasa da, ona qarşılıq verib və ağıllı olmağa dəvət edib. Ancaq kasıb birinin ona cavab qaytarması hörmətli X.Əliyevin bərk xətrinə dəyib və telefonda ona olduğu yerdən tərpənməməyi, gəlib onun “payını verəcəyini” nalayiq söyüşlərlə ifadə edib. Kifayət qədər ahıl yaşlarında olan kənd sakini “lənət şeytana” deyərək və ona çatacaq halal taxılından da imtina edərək Bucaq kəndinə qayıtmaq istəyib ki, bu zaman onun qarşısını öz ”NİVA”sında həmin bu Xanlar gətirdiyi 2 nəfərlə birgə kəsib. Adam bunlardan sıyrılıb uzaqlaşmağa çalışsa da, onu qovaraq, qabağını kəsiblər. Daha sonra, həmin bu kasıblara gücü çatan “qoçu” öz qonşu kəndlisi olan kişini yumruqlamağa başlayıb, ona olmazın söyüşlər edərək təhqir edib. Və böyük bir kişilik etdiyini düşünərək, hadisə yerindən uzaqlaşıb. Ən təəssüfedici hal isə odur ki, döyülüb təhqir olunmasına baxmayaraq, bu şəxs polisə müraciət etməyib və adının öz həmyerlisinə qarşı baiskar kimi hallanmasını istəməyib. Ancaq o, həmin şəxsin bu əməllərindən yataq xəstəsinə çevrilib və həyatına təhlükə yaranıb. Bu müddət ərzində qardaşlar gəlib döydükləri şəxslə maraqlanmayıblar da. Xanlar heç olmasa döyüb təhqir etdiyi şəxsdən üzr istəmək barədə də düşünməyib. Hər kəs Prezident səviyyəsində əhaliyə qarşı bu cür harınlıq əməllərinin necə cəzalandırıldığını gözəl bilir. Ancaq yox, bunların harınlıq səviyyəsi buna imkan vermir.

Yeri gəlmişkən qeyd edək ki, həmin bu Bucaq kəndi Oğuz rayonunun icra başçısı Eyvaz Babayevin doğulub boya başa çatdığı doğma kəndidir.

Böyük olmayan bu kənddə isə demək olar hamı bir-birinə uzaqdan-yaxından qohumdur. İnsaf naminə onu da deyək ki, kifayət qədər sadə həyat tərzinə üstünlük verən icra başçısı özü də dəfələrlə rayondakı cızığından çıxan, harınlayan, camaatı incidən bəzi yüksək ranqlı məmurları yerində oturdaraq, onlara layiq olduqları “dərsi” verib. Ancaq görünür, özünü ondan üstün tutan və ədəb-ərkandan uzaq olanlar üçün xüsusi “qulaqburmasına” ehtiyac var. Yəqin ki, qısa müddətdə bu qardaşların da öhdəsindən ən azı rayon rəhbərliyi səviyyəsində gələn tapılacaq. Ya da təqib etdiyimiz bu hadisənin ölkə rəhbərliyi səviyyəsində lazımi hüquqi və mənəvi qiymət verilməsi üçün üzərimizə düşəni etməyə çalışacağıq”

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın