Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / İcra başçısı Bayılda evləri söküb, 10 ailəni küçəyə tökür – VİDEO, FOTOLAR

İcra başçısı Bayılda evləri söküb, 10 ailəni küçəyə tökür – VİDEO, FOTOLAR

Bu gün – martın 31-də səhər saatlarında paytaxtın Bayıl ərazisində 10 ailənin evini yıxmağa başlayıblar.
Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bayılın 6-cı mədən, Arif İsmayılov küçəsi 72 Z ünvanında yaşayan ailələr zorla küçəyə atılır. 500 kvadratmetrlik ərazidə 10 ailə məskunlaşıb. Köçürülmə prosesi dövlət ehtiyacları üçün həyata keçirilir. Bu massivdə hansı işlərin görüləcəyi isə açıqlanmır.
Müxbirimiz xəbər verir ki, hadisə yerinə polis əməkdaşları da cəlb olunub. Söküntü işlərinə isə Səbayel rayon İcra Hakimiyyətinin nümayəndəsi Qurban İsmayılov nəzarət edir.
Səbayel RİH-nin həyata keçirdiyi “evyıxma kampaniyası” nəticəsində evsiz-eşiksiz qalan sakinlər ədalətli kompensasiya tələb edirlər.
Onların sözlərinə görə, təzminat verilməsində ədalətli bölgü aparılmır. Sakinlər qeyd edirlər ki, bəzi mülklərə kvadratına görə 1000 manat, bəzilərinə 1200 manat verilib. Hətta bir neçə evə 1500 manatdan kompensasiya ödənilib.
Ancaq sözügedən ünvanda yaşayan 10 ailəyə kvadratına 800 manatdan kompensasiya ödəniləcəyi bildirilir. Sakinlər isə bu təkliflə razılaşmırlar. Ev sahibləri bildirirlər ki, bu məbləğlə başqa yerdə ev almaq mümkün deyil.
Onlar bildiriş almadıqlarını, Qiymətləndirmə Komissiyasının heç bir qərarının olmadığını söyləyirlər. Ev sahibləri deyirlər ki, icra nümayəndəsi olan Q.İsmayılov üç mənzilin üzərinə şərti olaraq, 174, 178 və 179 işarələrini qoydurub.
Bu da digər 7 ailənin qanunsuz şəkildə mənzildən məhrum olunması deməkdir. Sakinlər Prezidentin çıxışını yada salaraq, Bakıda dövlət ehtiyacı üçün sökülən mənzillərə kvadratı 1500 manatdan kompensasiya verilməli olduğunu qeyd edirlər.
Sakinlərin hüquqlarının müdafiəçisi Bəxtiyar Məmmədov musavat.com-a dedi ki, onlara heç bir sənəd təqdim olunmayıb: “Prezidentin şəxsi göstərişi var ki, qiymətləndirmə bazar qiymətinə uyğun olmalıdır. Nə vətəndaşlara, nə də mənə sənəd verilməyib. Bütün bunlar tamamilə Prezidentin daxili siyasətinə ziddir və kütləvi narazılıq yaratmaqdır”.
Söküntü ərazisində olan icra nümayəndəsi Q.İsmayılov musavat.com-a bildirdi ki, heç bir qanunsuz söküntündən söhbət gedə bilməz.
Onun sözlərinə görə, bu evlər qeyri-qanuni tikilidir: “Ancaq dövlət onlara pul verir. Ekspertlər tərəfindən qiymətləndirilib. Hər bir evin öz qiyməti var. Hər evin qiyməti tavanına, döşəməsinə qədər hesablanır, pul ödənilir”.










Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın