Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / İcra başçılarının səfərbərlik şöbələrində nə işi var? – “Kim inanar ki, tutulan memar xanım icra başçısından xəbərsiz iş görüb?”

İcra başçılarının səfərbərlik şöbələrində nə işi var? – “Kim inanar ki, tutulan memar xanım icra başçısından xəbərsiz iş görüb?”

Tovuz istiqamətində baş verənlərin insanlarımızın içində Qarabağın işğalı, xalqımıza qarşı törədilən qətliamlar səbəbindən illərdən bəri yığılıb qalmış qəzəb, intiqam hislərini alovlandırması təbiidir. Əsasən gənclərdən ibarət vətəndaşlarımızın paytaxtda baş tutan məlum aksiyası və torpaqlarımızın azad edilməsi üçün səfərbər olmaları da bunun davamı hesab edilməlidir.

Qısa müddətdə minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə gedərək, könüllü kimi qeydiyyatdan keçiblər. Lakin təəssüf ki, bəziləri bu işi də illərdən bəri öyrəşdiyimiz növbəti süni, şit bir kampaniyaya çevirməkdədirlər. Xüsusilə də icra başçılarının bu prosesdə “boy göstərməsi” insanlarda qıcıq və məyusluq hissi yaradır.

Artıq Göyçayın və Abşeronun icra başçıları yerli səfərbərlik şöbələrinə gedib, adlarını siyahıya yazdırıb, pozlar verərək, şəkillərini mətbuatda yaydırıblar. Yəqin ki, başçıların başlatdığı və özlərindən başqa heç kimə lazım olmayan bu kampaniyanın davamı gələcək və digər rayonların rəhbərləri də bu prosesə qoşulacaqlar.

Məlumat üçün bildirək ki, Göyçayın icra başçısının yaşı 65-i ötüb. Abşeronun icra başçısı isə qadındır. Yəni dünya dağılsa, bu adamları heç kim savaşa-filana aparan deyil. Bəs belə olan halda, bu nə artistlik, nə əttökənlikdir görəsən? Guya insanlar bilmir ki, istənilən, xüsusilə də “köhnə uklad”dan olan icra başçısı onun canına iynənin ucu qədər, yaxud milyonlarına bircə qəpiklik ziyan dəyə biləcəyindən şübhələnsə, səfərbərlik xidmətinin heç qapısına, həndəvərinə də yaxın getməz? İndi də bilirlər ki, siyahıya yazılmağın onlara zərrə qədər də təhlükəsi yoxdur. Əksinə, növbəti dəfə xalq üçün hansısa vacib, əhəmiyyətli bir işin içinə etmək fürsəti yaranıb ki, bunu da edirlər…

Əslində, bu adamların səngəri başçılıq etdikləri rayonlardakı şəhid, əlil ailələrinin qapısı olmalıdır. Vətənə xidmət etmək istəyirlərsə, o qapılarda xidmət etsinlər. Ancaq hansını tərpətsən görərsən ki, hərəsinin tək bir villasının dəyəri həmin rayondakı bütün şəhid ailələrinin daxmalarının dəyərinin cəmindən qat-qat çoxdur.

Belələrinin vətənpərvərliyi, könüllülüyü də ölkə rəhbərliyinin ünvanına söylədikləri təriflər, mədhiyyələr kimi saxta, yalançıdır. Keçirdikləri tenderlərdən tutmuş verdikləri torpaq, tikinti icazələrinə qədər hər şeyi korrupsiya, rüşvət mənbəyinə çevirənlərin, vətəndaşın salamını da pulsuz almayanların vətən, torpaq, millət sevgisinə, fədakarlığına kim inanar?!

Qısa müddət bundan əvvəl DTX Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirdi. İcra başçısı İradə Gülməmmədovanın özündən başqa qurumun az qala bütün vəzifəli şəxsləri istintaqa cəlb olundu, baş memar da daxil olmaqla, bir neçə nəfər həbs edildi. İndi kimsə inanarmı ki, bütün rayonlarda başçıların 1 nömrəli pulyığanı olan baş memar Abşeronun xanım icra başçısından xəbərsiz bu işlərə qol qoyub? Guya kim bilmir ki, istənilən icra hakimiyyətinə rüşvət kimi daxil olan hər qəpiyin başçıya hesabatı verilir? Bütün bunlardan sonra bu başçının səfərbərlik xidmətinə gedib reklam şəkilləri çəkdirməsinin adı nədir?

Yaxud olsun fəaliyyətindən ən çox narazılıq, şikayət daxil olan başçıların sırasında yer alan Göyçayın icra başçısı.

Sıravi vətəndaşdan şəhid ailəsinə, iş adamından fermerə kimi Mehdi Səlimzadədən şikayət etməyən yoxdur. Onunla bağlı mətbuatda yayılan korrupsiya iddialarının da sayı-hesabı yoxdur. Kreslosundan bərk-bərk yapışan bu adam ötən il 65 yaşı ötmüş məmurların işdən çıxarılması ilə bağlı sərəncamlardan sonra necə küyə düşübsə, hətta “Wikipedia”dan və İcra Hakimiyyətinin rəsmi saytından təvəllüdünü də sildirib. Bu “fərasət”in, dərrakənin, dünyagörüşünün sahibi səfərbərlik şöbəsində könüllü yazılsa nəyə, yazılmasa nəyə yarayar?

Bir sözlə, bu və digər buna bənzər icra başçıları dövlətin icra orqanlarını gözdən saldıqları bəs deyil, insanların qəlbən qoşulduqları könüllü səfərbərlik prosesini, vətənpərvərlik, fədakarlıq hislərini də öz yersiz “təşəbbüsləri”lə aşağılamaqla məşğuldurlar.

Bəli, kimsə deyə bilər ki, biri yaşı 65-i keçmiş, digəri isə qadın icra başçılarının özlərini könüllü yazdırması simvolik xarakter daşıyır və məqsədləri gəncləri ruhlandırmaqdır. Amma vallah da, billah da belə “təşəbbüslər” əks effekt verir. Çünki istənilən rayonun nəinki gənci, qocası da və hətta məktəbə gedən uşağı da gözəl bilir ki, başçı nəylə məşğuldur, hansı əməllərin sahibidir. Onu da bilir ki, bir çox məmurlar əgər təslimçilik təbliğatına dair göstəriş verilsə, erməniyə gülə atanları vətən xaini çıxarmağa belə hazır olan mənəviyyata malikdirlər.

Odur ki, saxta vətənpərvərlik görüntüsü üçün növbəyə duran icra başçıları, məmurlar bu işdən nə qədər uzaq dursalar, bir o qədər yaxşıdır. Ondansa gedib bacardıqları işlə məşğul olsunlar, çünki bu, onlara daha çox yaraşır…

“AzPolitika.info”

img

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …