Ana səhifə / Aktual / İçərişəhərdə nə baş verir? – Tanınmışlar elə şeylər yazdı ki…

İçərişəhərdə nə baş verir? – Tanınmışlar elə şeylər yazdı ki…

Bir neçə gündür sosial şəbəkələrdə İçərişəhər dövlət tarix-memarlıq qoruğu ilə bağlı böyük kampaniya başlayıb. Ölkənin tanınmış qələm adamları, media nümayəndələri bu tarixi abidənin divarlarının məhv edilməsinə, burada müxtəlif obyektlərin tikilməsinə sosial şəbəkələrdə sərt şəkildə etirazlarını ortaya qoyublar. Məsələyə hətta bəzi millət vəkilləri də münasibət bildiriblər. Xüsusən Fazil Mustafa vəziyyətin çox acınacaqlı olduğunu deyib.

Kult.az ölkənin tanınmış şəxslərinin İçərişəhərdə yaranmış vəziyyətlə bağlı sosial şəbəkədə yazdığı fikirləri təqdim edir:

Yazıçı Etimad Başkeçid:

“Bu, Buddanın heykəlini məhv edən Talibanın yox, Palmiranı yerlə yeksan edən İŞİD-in yox, heç Herostratın da əməli deyil. Bu qala divarını uçurdan TAMAH-dır. Çox şeyə dözmək, çox şeydən keçmək olar, əsas olan bu mənzərəni görəndən sonra yaşaya bilməkdir”.

Təhsil eksperti Kamran Əsədov:

“1501-ci ildə Şah İsmayıl Bakıya hücum edəndə dağılmadı, 1723-cü ildə Pyotr, 1806-cı ildə Sisyanov hücum edəndə dağılmadı, 1918-də AXC ilə BXKS-nin döyüşlərində dağılmadı, II Dünya müharibəsi illərində dağılmadı, 1990-cı ilin Yanvar hadisələri zamanı dağılmadı, amma dinc dövrdə…”

Araşdırmaçı Dilqəm Əhməd:

“İçərişəhərin Feysbuk səhifəsi mənim də şərhlərimi sildi və blokladı. Vandalizm işini səhifədə də aparırlar. Bayaq Tarix İnstitutunun əməkdaşının faktlarla yazdığı şərhi də silib, tarixçini blokladılar”.

Jurnalist Elşad Məmmədli:

“Sosial şəbəkələrdə aşağıda gördüyünüz foto yayılıb və bir qədər əvvəl onu mən də paylaşdım. Yaxın dostlarımdan biri hazırda İçərişəhər ərazisindədir və o gedib həmin yerə baxdı. Bəlli oldu ki, məhz bu fotonun göründüyü yerdə hazırda belə tikinti aparılmır, amma daha əvvəllər, aylar öncə hansısa bir iş görülüb, iş də çoxdan tamamlanıb.

Bu şəkil isə montaj olmasa belə çoxdan çəkilib, yəqin ki, həmin işlər görülən dövrdə. İndi yayılmasının səbəbi haqda bir söz deyə bilmərəm. Bu fotodakı ərazi hazırda qala divarının yanında dəmir konstruksiya quraşdırılan hissə deyil, başqa səmtdir”.

Sahib Məmmədov:

“İçərişəhərdə çox vandallıq olub, amma son günlərdə yayılanların əksəriyyəti köhnə şəkillərdir. İtlərin güllələnmə tələbindən tutmuş, bu köhnə şəkillərin yayılmasına qədər bütün kampaniyaların arxasında ancaq bir məqsəd durur. Yəqin, izah etməyə ehtiyac yoxdur. Ümumiyyətlə, Bakı şəhərində tikinti özbaşınalığı intensivləşib”.

Yazıçı Aysel Əlizadə:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”sinin 4-cü “İnşaat-təmir işlərinin aparılması” haqqında bəndində deyilir: Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır!”

Jurnalist Bahəddin Həzi:

“İçərişəhərdə – bu qədər içəridə tariximiz qarət edilirsə, görün, gözdən uzaq abidələrimizə nələr edirlər!”

Qeyd edək ki, bəzi sosial şəbəkə istifadəçiləri İçərişəhər dövlət tarix-memarlıq qoruğu ətrafında yaranmış kampaniyanın bu ərəfədə ortaya atılmasının təsadüfi olmadığını bildirirlər. Onların sözlərinə görə, Formula-1 turniri ilə əlaqədar Bakıya diqqətin bu qədər artdığı bir dövrdə belə kampaniyanın başlaması hansısa qüvvələrin maraqlarına xidmət edir.

Həmçinin oxuyun

Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası: nazir yerində yoxdur – Video

2 Saylı Uşaq Xəstəxanasında 7 aylıq körpəsi ölən Abdullayevlər ailəsi Səhiyyə Nazirliyinin binası qarşısında aksiya …