Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / I Avropa Oyunlarından sonra kimlər cəzalandırılacaq?

I Avropa Oyunlarından sonra kimlər cəzalandırılacaq?

Sonu aydın görünməyən yola davam?
I Avropa Oyunlarından sonra kimlər cəzalandırılacaq?

Son zamanlar ölkəmizdə bəzi anormal hadisələr geniş müzakirə mövzusuna çevrilib. Kimlərinsə tamahı üzündən bina yanır və 16 günahsız insan həyatını itirir. Axıdılan göz yaşlarıyla yanaşı, ölkəyə milyonlarla zərər vurulur… Və günah “keçi”sinin axtarışına çıxılır ki, nəticədə iqtidar komandasında bir çoxlarının simasızlığı aşkara çıxır.
Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar ölkə prezidentinin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının mayın 19-da keçirilən ilk iclasında bir çox qaranlıq məqamlara aydınlıq gətirilsə də, görünən odur ki, əsil günahkarların cəzalandırılması I Avropa Oyunlarından sonraya saxlanılıb. Zənnimcə, Binəqədi rayonu İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov baş vermiş faciə ilə bağlı xeyli sualları cavablandırmalı olacaq. Baxmayaraq ki, cənab “başçı” elə ilk gündən məsuliyyəti öz üzərindən atıb və açıq-aşkar günahı ölkənin digər nüfuzlu məmurlarının üzərinə atmaq çabalarını nümayiş etdirməkdən çəkinməyib. Reallıq isə bunu söyləmir, axı kim bilmir ki, rayonların icra hakimiyyəti başçılarının razılığı, (həmin razılıq necə və nəyin bahasına verilir, onu izah etməyə ehtiyac duyulmur-R.T.) “xeyir-dua”sı olmadan həmin rayonların ərazilərində daş daş üstünə qoyula bilməz. O ki, qala böyük bir binanın təmirinə “başçı” icazə verməsin, bunu heç bir diletanta inandırmaq mümkün deyil. “Başçı”ların rəhbərlik etdikləri ərazilərdə baş verən hər şeydən –qanunsuz tikilən iri ticarət obyektlərindən tutmuş, səkiləri yarımcan hala salmış, şəhərin baş planına uyğun gəlməyən, Bakının arxitekturasına xələl gətirən “hadı-bıdı” dükanlarına qədər xəbərləri var. Yaşıllıq sözün əsil mənasında qəddarlıqla məhv edilir, yerində, əhalinin narazılığına səbəb olan, qeyd etdiyim kimi, biri hündür, biri gödək ticarət “obyektciyəz”ləri tikilir. Bunları müşahidə etməmək üçün gərək kor olasan.
Bəli, cənab X.İsgəndərov bəlkə də faciə yaşanmış binaya üzlük çəkilən zaman dəfələrlə ora təşrif buyurub, qürurla “baxın, görün, başçı necə gözəlliklər yaradır” deyibmiş. İşin, istifadə olunan materialın keyfiyyəti isə onları düşündürməyib. Axı, nəyinə gərəkdir, özünə villa tikdirmir ki, azacıq keyfiyyətsiz iş görən kimi iş icraçılarını danlayıb, görülən işin bir andaca sökülməsinə sərəncam versin. Bax belə, yanan günahsız insanlar, batan isə ölkənin milyonlarla vəsaiti…Günahkarın isə hələ peşindəyik. Əcəba, tapa biləcəyikmi? Bildiyim, gördüyüm hələlik Hacıbala Abutalıbovun zurna-balaban çaldırmasıdır.

Bu “çal-çağır” kimə lazım?
I Avropa Oyunlarından sonra kimlər cəzalandırılacaq?
“Dostluq” parkı,o park ki, ölkə prezidenti keçirdiyi müşavirədə həmin parka yaxın ərazidə, dağın yamacında tikilmiş qanunsuz villaların sökülməsi ilə bağlı tapşırıq vermişdi. Əlbəttə, ölkəni idarə edən prezidentdir və verdiyi tapşırıqların icrası şəxsən özünün nəzarətində olur. Ancaq nə etməli, Hacıbala müəllim bu dəfə də qeyri-adi təşəbbüsdə bulunub, villaları zurna-balabanla sökdürməyə qərar verib. Nə bilim, bəlkə, o, düşünüb ki, bu qeyri-adi söküntüsüylə faciə yaşamış binanın sakinlərinə təskinlik verəcək? Təbii ki, bu mümkün deyil. İndi onların gözünə nə milyonlar görünür, nədə ki, qulaqları çal-çağır eşitmək istəyir. İtirdiklərini onlara qaytarmaq əsla mümkün deyil…
Bəs, həmin villalar necə tikilmişdi? Xəbərsiz, filansız? Belə olmur axı… Yenə qeyd edirəm, məmləkətimizdə imkansız bir kasıb başını soxmaq üçün koma tikmək istəyəndə, dahi Cəfər Cabbarlının təbirincə söyləsək, “uçur fəqirlərin evi, dum əhli hər gün, hər səhər, qapıb gülüngünü gəlir, uçuq komanın üstünə”…İndi kimi inandırmaq olar ki, “gözlərə girən” villaların tikintisindən müvafiq icra strukturlarının məlumatı olmayıb?
İllərlə müzakirə olunan mövzulardan biri də gəlir deklarasiyası barədədir. “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlıq mexanizmlərin yaradılması” barədə dəfələrlə müzakirələr aparılsa da, təəssüf ki, hələlik bu sahədə atılmış addımlar görüntü xarakteri daşıyıb. Belə ki, yalnız seçkidən seçkiyə namizədlər şablon hesabatlar verirlər. Əlbəttə, ölkəmizdə hər bir vətəndaşın villalarda yaşamaq haqqı var. Ancaq həmin villaların halal zəhmətlə qazanılan vəsaitlər hesabına inşa edilməsi qanuni sayıla bilər. Ölkəmizdə inşa edilmiş on minlərlə villanın yalnız cüzi bir hissəsinin halal zəhmətin bəhrəsi olduğunu əminliklə söyləyə bilərəm. Bununla yanaşı, ərsəyə gətirilmiş, sənədləşdirilmiş, mülkiyyətə çevrilmiş hər hansı villanın sökülməsinin tam əleyhinəyəm. Üstəlik də, həmin söküntü işlərinin çal-çağırla aparılmasını tamamilə anormallıq hesab edirəm. İndiki zamanda həmin anormallığın dünyaya nümayiş etdirilməsinə isə ad qoymaq mümkün deyil. Təəssüf ki, bir çoxları villaların söküntüsünü alqışlayır, bunu ölkədə aparılan islahatların tərkib hissəsi kimi təqdim etməyə çalışır. Əfsuslar olsun ki, belə deyil, söküntü beynəlxalq konvensiyalara tam uyğun gəlmir. Yaxşı olardı ki, ciddi məhkəmə araşdırılması aparılar, villaların kimlərin tərəfindən və hansı vəsaitlə inşa edilməsi aşkarlanaraq, qanuni və yaxud qanunsuz olduğu müəyyən edildikdən sonra qərar verilərdi. Bütün hallarda həmin villaların inşasına sərf edilən vəsaitin Dövlətimizə, Millətimizə məxsus olması şübhəsizdir. Zənnimcə, Dövlətə, Millətə məxsus olan milyonlarla vəsaitin sərf edildiyi villaların çal-çağırla uçurulması, necə deyərlər, milyonların havaya sovrulmasının, özü bir qanunsuzluqdur.
Düşünürəm ki, faciə yaşamış bina sakinlərinin həmin villalara yerləşdirilməsi daha məqsədəuyğun olardı. Nəzərə alsaq ki, onların kirayə mənzillərlə təmin edilməsinə milyonlarla vəsait sərf olunacaq, həmin vəsaitlə onlar yeni mənzillərlə və eləcə də villalarla təmin edilə bilərdi. Digər tərəfdən, zənnimcə nəzərə alınmalı idi ki, həmin binada faciə yaşamış, doğmalarını itirmiş insanlar üçün orda yaşamaq bundan sonra heç də rahat olmayacaq…

Yoxa çıxan milyonlar və doldurulan zindanlar…
I Avropa Oyunlarından sonra kimlər cəzalandırılacaq?
Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sabiq sədri Cahangir Hacıyevin hazırda nə işlər çevirdiyi barədə məlumatlı olmasaq da, bir müddət əvvəl onun milyonları və hətta milyardları istədiyi kimi, istədiyi istiqamətə çevirə bilməsi artıq danılmaz faktdır. C.Hacıyevin ölkənin bank sektoruna ölümcül zərbə vurması da təsdiq olunub. Düzdür, bir sıra iş adamı maliyyə fırıldaqlarıyla əlaqədar müvəqqəti olaraq saxlanılsalar da, görünən odur ki, milyonların, milyardların taleyinə deyəsən, az bir zamanda “aydınlıq” gətirildi. İnkar etmirəm və etiraf edirəm ki, failiyyətindən, siyasi mövqeyindən, vəzifəsindən asılı olmayaraq kimsənin həbs edilməsinə sevinməmişəm. Əlbəttə, söhbət quldurdan, qatildən, namussuzluqdan gedə bilməz. Ancaq indi məni başqa bir sual düşündürür; görəsən, ölkənin milyardlarını sağa-sola “səpən” xüsusi imtiyazlar saxlanılsalar da, çox keçmir ki, azadlığa qovuşur, lakin vergidən yayındıqları iddia edilən bir çox hüquq müdafiəçilərinin isə, türk qardaşlarımızın təbirincə desək, “tutuksuz yarqılanma”larına belə şərait yaradılmır. Sirr deyil ki, iqtidarlı, müxalifətli hamımız beynəlxalq aləmin ölkəmizə ikili standartlarla yanaşmasından haqlı olaraq narazılıq edirik… Və belə mövqe sərgiləməyimiz səbəbsiz deyil. Bunun acısını çəkirik, işğal olunmuş torpaqlarımızın düşmən tapdağında qalmasına beynəlxalq aləmin biganəliyi əsəblərimizi tarıma çəkir. Buna dözmək çox çətindir, nə qədər dözümlü xalq olsaq belə…Ölkənin sıravi vətəndaşlarının acısı daha böyükdür. Belə ki, bizlərə ikili standart yanaşma mövcuddur. Necə deyərlər, həm dışarıdan, həm də içdən. Beynəlxalq Bankın milyardlarını tar-mar edib, dədələrinin malı kimi istənilən lazımsız projelərə yönəldənlər, xarici ölkələrdə mal-mülkə yatıranlar cəzasız qalır, əvəzində isə “xaricdən qrant almısınız və vergisini ödəməmisiz” ittihamlarıyla hüquq müdafiəçilərinə həbsxanalarda zülm çəkdirirlər. Bu ikili standart deyilmi?
Tanınmış jurnalist Şəmsiyyə Bəylərqızının həbsedilmə motivi bəllidir. İranın ölkəmizdəki sabiq səfiri Əfşar Süleymaninin şikayəti əsasında həbs edilib. Sabiq səfirin “aydan arı, sudan duru” biri olduğunu söyləmək düzgün olmazdı. Sirr deyil ki, o, qanuna hörmət bəsləmədən, diplomatik fəaliyyəti zamanı başqa ölkənin vətəndaşıyla nigaha girib və nəticədə Ş.Bəylərqızı ilə nigahından bir oğlu dünyaya gəlib. Diplomatla indi həbsxana həyatı yaşayan jurnalist xanımın arasında baş verənləri ailə münaqişəsi hesab etmək daha düzgün olmazdımı? Nəzərə alsaq ki, Şəmsiyyə xanımın azyaşlı övladı kimsəsiz qalıb, onda onun həbsxanada saxlanılmasının qanunlarımıza nə qədər uyğun gəldiyini hüquqşünaslar araşdırsınlar.
Dəfələrlə qeyd etmişəm, ölkə həbsxanalarında saysız-hesabasız günahsız məhbus cəza çəkir. Onların əksəriyyəti məmur ozbaşınalığının, qoluzorluğun, qisasçılığın qurbanlarıdır. Humanistlik göstərməyin isə tam zamanıdır. Qoy, bütün dünya görsün ki, Azərbaycan dövləti öz vətəndaşlarına humanist yanaşmaq gücündədir.

Müxaifətimiz iqtidardan daha amansızdır

Son aylar ölkə müxalifətinin iç üzü tamamilə aşkarlanıb söyləsək, yanılmarıq. Pafosla demokratiyadan “dəm” vuranlar, partiyadaxili diktaturanı “pik” həddinə çatdıra biliblər. Ölkənin aparıcı müxalifət partiyaları sayılan Müsavat və AXCP-də vəziyyət daha dözülməzdir. Sanki həmin partiyalar da ötən əsrin dəhşətli repressiyası-1937-ci ildə tüğyan etmiş Stalin repressiyasına bənzər proseslər gedir. Ölkə iqtidarını asanlıqla tənqid edə bilən, onun əleyhinə təşkil edilmiş mitinqlərdə fəallıq göstərən müxalifətçilər, öz partiyalarının liderlərini tənqid etmək hüquqlarından məhrum edilmiş kimi görünürlər. Məsələn, AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdəki statuslarını bəyənməyən cəbhəçilər təqib edilir, onun çuğulları tərəfindən izlənilir və nəticədə müxtəlif şər-böhtanla partiya sıralarından xaric edilirlər. Ömürlərini AXCP-yə sərf etmiş, sirr deyil ki, əvəzində işlərini, vəzifələrini itirmiş azadlıq fədailərini bir anda düşmənə çevirib, onların barəsində şər-böhtan yağdırmaq AXCP sədrinin köhnə şakəridir. Mənimlə birgə çay süfrəsi arxasında əyləşdiklərinə görə, son bir neçə gündə AXCP sıralarında canlarını fəda etmiş Ağaşirin Tanrıverdioğlu, Dəyanət Babayev, Cavid Musazadə, Ehtiram Mehdiyev AXCP-dən çıxarılmışlar. Diqqət yetirin, ölkəyə rəhbərlik etmək iddiasını gizlətməyən Əli Kərimlinin düşüncə tərzinə, insanlığına və demokratiya anlayışına!
İqtidarda yaltaqların, satqınların olduğunu zaman-zaman özləri də etiraf edir və bu barədə mətbuata açıqlama verməkdən çəkinmirlər. Əli Kərimlinin ətrafına sığınmış bəziləri isə yaltaqlığı əndazədən çıxarıb, demək olar ki, onu da hörmətdən salmağa nail olublar. Axı, bu Əli Kərimli nə xariqələr yaradıb, nə kimi qəhrəmanlıqlar göstərib ki, onun tərifini göylərə qaldırırsınız?! Bu bədbəxt birdən hər hansı təsadüf nəticəsində prezident olsa nə edəcəksiniz?
Mənim Avropaya, “qoca qitə”nin bir çox demokratik ölkələrinə münasibətim müsbətdir. Avropaya sözün əsil mənasında inteqrasiyanın tərəfdarıyam. Ancaq onu da təəssüflə qeyd etməliyəm ki, bir çox Avropa ölkələrinin Ə.Kərimli kimilərinə dəstək verməsindən heç də məmnun deyiləm.
Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steinar Gilin bir deyimini xatırlatmaq yerinə düşərdi; ”Azərbaycanda iqtidarın da, müxalifətin də dəyişilməsinə ciddi ehtiyac duyulur”. Razıyam və bu yöndə fəaliyyətimiz davam edir. İqtidarı ölkədə keçiriləcək seçkilərlə dəyişə biləcəyimizə böyük ümid bəsləsəm də, ölkədə demokratik proseslərin inkişafına əyləc təsiri göstərən ənənəvi müxalifətin dəyişməsi barədə isə düşünmək, tədbir görmək həmin təşkilatların üzvlərinin üzərinə düşür…

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın