Şənbə , Dekabr 4 2021
Ana səhifə / Aktual / Hulusi Akarın danışarkən kövrəldiyi şəhidin evindən – Videoreportaj

Hulusi Akarın danışarkən kövrəldiyi şəhidin evindən – Videoreportaj

Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin atası İsbat kişi ilə söhbət edəndə, belə bir cümlə işlətdi – “Tank hazır tabutdur”.

Təkcə bu cümlə şəhid Valehlə yanaşı, döyüşlərdə iştirak edən digər tankçılarımızın da qəhrəmanlığının bariz nümunəsidir. Bu, adi bir cümlə deyil, bu, ölümün gözünə dik baxmaqdır, içində olduğun tankın hər an hədəfdə olduğunu bilə-bilə ölümə getmək, düşmənin üzərinə şığımaqdır!

Valehin qəhrəmanlığı təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarından kənarda olanların da diqqətini çəkir. Bunlardan biri də Türkiyənin milli müdafiə naziri Hulusi Akar olur.

Hulusi paşa növbəti dəfə Bakıda Valehdən danışır və bu an kövrəlir, göz yaşlarını saxlaya bilmir…

Bundan sonra “Qafqazinfo”nun çəkiliş qrupu Yardımlıya, Talış dağlarının Peştəsər silsiləsinin ətəyində yerləşən rayonun ən böyük kəndi Kürəkçiyə yola düşür. Kürəkçi Valehlə birlikdə, Vətən müharibəsində dörd şəhid verib, onlardan üçü tankçı olub.

Atası İsbat Məmiyev bizimlə söhbətində əvvəlcə Hulusi Akarın Valehə olan münasibətindən, diqqətindən danışır.

“Oğlum 1 il, bir aydır şəhid olub, kişinin kişiliyinə bax ki, o boyda dövlətin müdafiə naziri Valehi qəlbindən çıxarmayıb. Oğlumu yenə xatırladı, dilinə gətirdi, kövrəldi…” – deyir şəhid atası.

Anası İlhamə xanım isə, digər şəhid anaları kimi kövrəkdir. Bir ildən artıq müddət keçməsinə baxmayaraq, Valehin yoxluğu ilə barışmır. Onun sağlığında vatsapda göndərdiyi səsli mesajlarına qulaq asır, hər gün şəhid övladının hərbi formasını sığallayır, özünü digər oğlu Vüsalla ovundurur.

“Böyük qardaşı Prezident təqaüdü ilə oxudu, başımızı ucaltdı. İkinci dəfə isə Valeh Hulusi Akarın diqqətini çəkməklə başımızı uca etdi, bizi sevindirdi” – deyir şəhid anası.

Valeh Məmiyevin Hulusi Akarla olan şəklinə gəlincə, bu foto onun şəhid olduqdan sonra cibindən çıxıb. Həmin foto sonradan Müdafiə Nazirliyinin xətti ilə ailəsinə çatdırılıb. Hulusi Akara isə şəklin şəhidin cibindən çıxmasını müdafiə naziri general-palkovnik Zakir Həsənov deyib.

Şəhid baş-leytenant ölümündən sonra, Prezident İlham Əliyevin sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

İndi Valeh Məmiyevin məzarının ətrafı ailəsi tərəfindən ev formasında hazırlanıb – qapısı, pəncərəsi, pərdəsi var. İsbat dayı bunun Valehin subay ikən şəhidlik zirvəsinə ucalması ilə izah edir. Deyir, bu, onun son mənzilidir…

Həmçinin oxuyun

Deputat Vüqar İskəndərov Bakı Gənclər Mərkəzində gənclərlə görüşdü- Foto

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı …