Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / “Hotellər və obyektlər gəlirlərinə uyğun cərimələnməlidir”

“Hotellər və obyektlər gəlirlərinə uyğun cərimələnməlidir”

Bütün dünyada olduğu kimi, ölkəmizdə də, sosial həyatı demək olar ki, iflic vəziyyətə gətirən pandemiya ilə mübarizə prosesi davam etməkdədir. Bununla bağlı müxtəlif praktiki tədbirlərlə yanaşı, həm də qanunvericilik aktlarına müxtəlif dəyişikliklər edilir, yeni karantin qaydalarının müəyyən olunması ilə əlaqədar müxtəlif məsuliyyət normaları müəyyənləşdirilir.

Virusa yoluxmanın qarşısının alınması, onunla mübarizənin aparılması vasitələri olan tibbi spirtin, ölkə üzrə tələbi artıqlaması ilə qarşılayacaq miqdarda və kifayət edəcək qədər tibbi maskaların istehsalını təmin edən operativ addımlar atıldıqdan sonra bu cür vasitələrin qanunla müəyyən olunmuş hallarda və yerlərdə istifadə edilməməsi ilə bağlı bir sıra digər məsuliyyət tədbirləri ilə yanaşı, cərimələrin miqdarı da artırıldı. Təbii ki, bütün bu işlər ölkəmizdə virusun yayılmasının qarşısının alınmasına və ölkəmizin mümkün qədər tez bu bəladan xilas olunmasına yönəlmiş addımlardır. Ümumilikdə ölkə üzrə insanların böyük əksəriyyəti bu məsələlərdə dövlətin səsinə səs verərək, qoyulan tələblərə riayət etsə də, təəssüflər olsun ki, pozuntu hallarına da rast gəlmək mümkündür.

Koronavirusun yayıldığı ilk günlərdən başlayaraq, əsasən pandemiya ilə mübarizə üçün müxtəlif növ əhəmiyyətli obyektlərin, o cümlədən də, çoxsaylı tibb müəssisələrinin açılışı ilə bağlı tədbirlərdə iştirak edən və müntəzəm qaydada xalqımıza və cəmiyyətimizə müraciət edən Prezident İlham Əliyev, bütün məsələlərdə olduğu kimi, karantin qaydalarına riayət edilməsində də, hamının qanun qarşısında bərabər olduğunu, bütün tələblərə riayət edilməsinin vacibliyini və kimliyindən asılı olmayaraq qaydaları pozacaq hər bir şəxsin məsuliyyətə cəlb olunacağını dəfələrlə qeyd edib. Deyilənlərin əməli təzahürü kimi, Prezidentin və Birinici vitse-prezidentin iştirak etdikləri bütün dövlət tədbirlərində tibbi maskadan istifadə etmələrini nümunə gətirmək olar.

Bundan başqa, qanunun hamı üçün bərabər məsuliyyət yaratdığını fakt olaraq, ölkədə dövlət rəhbərinin yerlərdə nümayəndəsi olan rayon icra hakimiyyəti başçısının, daha sonra məhkəmə sədrinin və daşıdıqları vəzifədən asılı olamayaraq digər şəxslərin də müəyyən olunmuş karantin qaydalarını pozmalarına görə cəzalandırılması hallarının timsalında görmək mümkündür. Məlum olduğu kimi, ölkənin və şəhərimizin bir sıra məşhur iaşə obyektlərində, o cümlədən də, aparıcı hotel və restoranlarında da bu cür pozuntulara yol verilməsinə də, müvafiq qurumlar tərəfindən dərhal sərt reaksiya verilir ki, bu cür hallardan biri ilə, bir neçə gün öncə rastlaşdıq.

Şəhərimizin məşhur hotellərindən birində baş verən qanunsuzluqla bağlı hal dərhal ictimailəşdirilərək, oradakı insanlarla yanaşı, obyekt rəhbərləri də məsuliyyətə cəlb olundu. Bu baş verənlərlə bağlı dövlət başçısı da, Xətai rayonunda yeni modul tipli hospitalın açılışı zamanı özünün çıxışında mövqeyini bildirdi və həmin hadisəni kəskin şəkildə pislədi. Koronavirusa qarşı atılan addımlar çərçivəsində təqdir olunmalı nüanslarla yanaşı, onu da qeyd etmək lazımdır ki, dövlətin və müvafiq qurumların bu planetar bəla ilə mübarizəsinə öz töhfələrini vermək və dəstəyini göstərmək əvəzinə, çox geniş büdcəyə sahib olan bir çox obyektlərin, belə qanunsuzluqlara yol vermələrinin müəyyən səbəblərinin olduğunu düşünürəm.

Karantin qaydalarının pozulmasına dair hazırkı məsuliyyət tələblərinə görə, gəlirindən və büdcəsindən asılı olmayaraq, hətta qanunla müəyyən olunmuş minimum əmək haqqını alan şəxslər də, fiziki şəxs qismində 200 manat, yəni aylıq gəlirinin 80 faizi miqdarında cərimələndiyi halda, milyonlarla büdcəyə sahib olan ayrı-ayrı obyektlərə, aylıq gəlirlərinin çox cüzi miqdarında cərimələrin tətbiq edilməsi, onların bu məsələyə laqeyd və etinasız yanaşmalarını şərtləndirir. Hesab edirəm ki, karantin qaydalarına etinasız yanaşmaqla özünün və hazırkı izolyasiya tədbirlərinin mövcudluğu şəraitində yaxınlarının yoluxmasına səbəb ola biləcəyi ehtimalı ilə hər hansı fiziki şəxsin 200 manat cərimə olunması müqabilində, çox geniş büdcəyə malik olmaqla yanaşı, qaydaları pozması ilə çoxsaylı insanların və ailələrin yoluxmasına səbəb ola biləcək hotellərə və digər obyektlərə gəlirlərinə uyğun olaraq daha böyük miqdarda cərimələrin tətbiq olunması, bu məsələdə problemin həllinə böyük köməklik göstərəcək.

Siyasi şərhçi Xəyal Bəşirov

Həmçinin oxuyun

Daxili İşlər Nazirliyindən karantin rejimi ilə bağlı əhaliyə – Xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edərək xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırıb. …