Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Hökumət məhbusları buraxır, Milli Şura mitinq keçirmək istəyir…

Hökumət məhbusları buraxır, Milli Şura mitinq keçirmək istəyir…

23 sentyabra təyin edilən mitinqə fərqli reaksiyalar var
Son vaxtlar siyasi məhbuslar məsələsində hakimiyyətdə bir yumşalma hiss olunur. Mehman Əliyev, nardaranlı məhbuslar, Faiq Əmirov azad olundu. Prosesin davam edəcəyi deyilir. Milli Şura isə sentyabrın 23-nə “Məhsul” stadionuna mitinq təyin edib. Bəs əslində belə vəziyyətdə müxalifət düşərgəsi necə davranmalıdır? Mitinqin məhz indi keçirilməsi zamanlanma baxımından nə dərəcədə doğru addımdır?
Yeni AXCP-nin sədri Razi Nurullayev bildirdi ki, müxalifət hər şeyi çox düzgün ölçüb-biçməli, təkrar səhvlərdən çəkinməli və fəaliyyətinin sonrakı fəlakətlərə yol açmamasının fərqində olmalıdır: “Hakimiyyət yumşalıb deməzdim, sadəcə, günün tələblərinə uyğun planları üzrə hərəkət edir. Azərbaycan hakimiyyəti beynəlxalq təzyiqlərə də maraqları çərçivəsində müsbət reaksiya verir. Son zamanlar həyata keçirilən həbsdən azadetmələrdə beynəlxalq təzyiqlərin müəyyən əhəmiyyəti olub. Bu azadetmələr hazırda hakimiyyətin maraqlarına cavab verir və onun üzərindən müəyyən təzyiqləri də götürüb. Hakimiyyət daxili təzyiqlərə görə heç zaman güzəştlərə getməyib. Çünki daxili təzyiqlər o qədər də güclü olmur. Daxili təzyiqlər, mitinqlər o qədər güclü olmalıdır ki, hakimiyyəti geri çəkilməyə vadar etsin. Əksi olduqda, hər şey elə müxalifətin ziyanına işləyir”.

Hazırkı vəziyyətdə mitinqlərin keşçirilməsinə gəldikdə, R.Nurullayev mitinqlərin keçirilməsinin tərəfdarıdır, amma hesab edir ki, bu, hər kəsin istədiyi və iştirak etdiyi mitinq olmalıdır: “Mitinq adı altında başqa məqsədlərə qulluq etmək ziyandır. Əgər təyin edilən mitinq zəif olarsa, bu, nəinki həbsdə olanlara kömək etməyəcək, həm də müxalifəti gözdən salacaq. Xalqı günahlandırmaq olmaz ki, mitinqə gəlmir, xalq aksiya təşkil edənlərə inanmır. Biz də mitinqlərin lehinəyik, amma bir şərtlə ki, o, ümumi işimizə xidmət etsin. Məhbusların azad edilməsi üçün mitinq keçirmək şüarı gülüncdür. Çünki bələkdəki uşaq da bilir ki, mitinq keçirməklə onlar azadlığa buraxılmayacaq. Demək, mitinqin təşkil olunmasında və elanında böyük qüsurlar var. Ümumxalq mitinqinin çağırılmasına ehtiyac var və bütün siyasilər də bu məsləhətləşmələrdə iştirak etməlidir. Əgər çağırılan mitinq müxalifətarası vəziyyəti daha da gərginləşdirəcəksə, bu, xalqa xidmət yox, ona qarşı yönəlik addımdır”.

AMİP katibi Əli Orucov isə qeyd etdi ki, son dövrlər Qərbin qətiyyətli mövqeyi hökuməti düşünməyə vadar edib və bəzi məhbuslar buna görə azadlığa buraxıldı. Bununla belə, hələ də siyasi məhbusların olması narahatvericidir: “Ümid edirik ki, İlqar Məmmədov və Əli İnsanov da azad ediləcəklər. Onların azad olunmaları üçün Avropa İnsan Haqları Məhkəməsinin qərarı var və bunun icrası məcburi xarakter daşıyır. İndiki vaxtda mitinq keçirilməsinə gəldikdə, Azərbaycan müxalifəti hökumətin tətbiq etdiyi və açıq şəkildə bəyan etdiyi müxalifəti məhv etmə siyasəti qarşısında çox humanistlik göstərib. Kritik məqamlarda və milli məsələlərdə dəstəyini də ifadə edib. Mitinq keçirmək, sərbəst toplaşmaq hər bir şəxsin doğal haqqıdır. Onsuz da bunu da keçirməyə hakimiyyət hər cür maneçilik törədəcək”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov isə bildirib ki, Milli Şura antimilli bir qurumdur. Onlar Azərbaycan əleyhinə iş aparırlar və bir mərkəzdən idarə olunurlar: “Erməni lobbilərinin, Soros Fondunun qaldırdığı məsələlər bunların gündəliyindədir. Bu cür mitinqlərin əhəmiyyəti yoxdur. Sentyabrın 14-də ”Əsrin müqaviləsi\”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Böyük dövlətlər, şirkətlər bu məsələdə yaxından iştirak edirlər. Müqavilə növbəti müddətə Azərbaycan üçün ən əlverişli şərtlərlə imzalanıb. 1994-cü ildən fərqli olaraq, müqaviləyə əsasən gəlirlərin, istehsal olunan neftin böyük hissəsi Azərbaycanın payına düşür. Belə olan halda, bu, Ermənistanı, erməni lobbilərini narahat edir. Çünki bu, Azərbaycanın inkişafı, müstəqilliyin zəmanəti deməkdir. Yalandan müxtəlif bəyanatlar ortaya atırlar ki, guya Azərbaycan 2,9 milyard xərcləyərək lobbi təşkilatlarına sərf edib. Milli Şuranın ermənilərin əleyhinə bir dəfə bəyanatını eşitmisinizmi? Xeyr! Belə bir şey olmayıb. Çünki bunlar ermənilərin pulu ilə fəaliyyət göstərirlər. Ona görə də yalnız anti-Azərbaycan mövqedən çıxış edirlər. Bəzi beynəlxalq təşkilatların Azərbaycan hökumətini korrupsiyada ittiham etməsi iddiası dəstək qazanmadı. Ona görə də bu məsələni daxildə alovlandırmağa çalışırlar. Sonra da desinlər ki, görürsünüz, Azərbaycanın özündə bununla bağlı aksiyalar keçirilir\”.

S.Novruzov vurğulayıb ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq, istənilən təşkilat qanunu pozmadan aksiya keçirə bilər: “Onların mitinqi dəstək qazanmayacaq. Bu, aydın məsələdir, çünki onların sosial bazası, elektoratı yoxdur. Gürcüstan ərazisində aldıqları təxribat xarakterli təlimatları Azərbaycanda tətbiq etmək istəyənlər bu cür mitinqlər təşkil etməyə çalışır. Bundan başqa, belə mitinqlərlə onların hesabına ayrı-ayrı dövlətlərin kəşfiyyat orqanlarının köçürdüyü pulları mənimsəyə səy göstərirlər”.

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …

Bir cavab yazın