Ana səhifə / Aktual / Hikmət Həsənov generallarla görüşdə niyə yox idi?

Hikmət Həsənov generallarla görüşdə niyə yox idi?

Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsində döyüşlərə rəhbərlik edən generallar – Kərim Vəliyev, Hikmət Mirzəyev, Mais Bərxudarov, Ramiz Tahirov, Namiq İslamzadə iştirak etsə də, 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun görüşdə yer almaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Hikmət Həsənov 2020-ci il oktyabrın 3-də Suqovuşanın azad edilməsinə görə Ali Baş Komandan İlham Əliyevin zəng edərək təbrik etdiyi ilk general olub.

Daha sonra isə generalın adı mediada “Tərtər işi” ilə bağlı hallanıb. Bir çox ictimai şəxslər həmin zaman hərbçilərə işgəncə verilməsinə Hikmət Həsənovun rəhbərlik etdiyini, yaxud məlumatlı olduğunu iddia ediblər.

Hərbi prokuror Xanlar Vəliyev bir neçə gün öncə mediaya açıqlamasında bildirmişdi ki, hərbi hissələrin birində istintaqdan öncəki bir neçə gün dövlətə xəyanətdə şübhəli bilinən ayrı-ayrı şəxslərə qarşı qanundankənar çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilib: “Nəticədə biz cinayət işi başlayanadək bir nəfər şəxs vəfat etmişdi. Mən şəxsən özüm, eləcə də baş prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Prokurorun müavini Şəfahət İmranov, idarə rəisi, baş prokurorun köməkçisi ilə birlikdə həmin hərbi hissəyə getdik.

Biz müəyyən etdik ki, həmin hərbi hissədə kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilir. İşgəncə faktı ilə bağlı cinayət işi başlandı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi”.

Məlumata görə, həmin hərbi hissə Hikmət Həsənovun rəhbərlik etdiyi Birinci Ordu korpusuna tabe olub.

Digər bir iddiaya görə isə Hikmət Həsənov səhhətinə görə aktiv fazada görünmür. Onun müharibə vaxtı infarkt keçirərək ürək əməliyyatı olunduğu bildirilir. Həmçinin müharibə ərəfəsində generalın olduğu zirehli maşının minaya düşməsi haqda məlumat da yayılmışdı.

Vətən müharibəsindəki Zəfərdən sonra ilk Silahlı Qüvvələr günündə təltif edilən hərbçilər, generallar arasında Hikmət Həsənovun adının olmaması da diqqət çəkdi. Təxminən bir ay sonra, avqustun əvvəlində artıq onun Birinci Ordu korpusu komandiri vəzifəsindən çıxarıldığı haqda məlumatlar yayılsa da, Müdafiə Nazirliyi nə təsdiq, nə də təkzib etmişdi.

Hazırda general haqqında açıq mənbələrdə formalaşdırılan informasiyada onun Hərbi Akademiyanın rəis müavini kimi xidmət etdiyi bildirilir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …