Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Hicran Hüseynovanın adı keçən Ceyla işində İLGİNC GƏLİŞMƏ – Müraciət

Hicran Hüseynovanın adı keçən Ceyla işində İLGİNC GƏLİŞMƏ – Müraciət

ABŞ vətəndaşı olan azyaşlı Ceylanın anasından alınaraq Azərbaycana gətirilməsi işi üzrə uzun müddətdir ki, qalmaqallı məhkəmə prosesləri davam edir. Bu işdə dövlət məmurlarının da adları keçir.

2017-ci ilin mart ayının əvvəllərindən başlayaraq “Yeni Müsavat” qəzetində, Musavat.com saytında, digər qəzet və çoxsaylı saytlarda, sonuncu dəfə “Pravdainfo.org” və “Təzadlar” saytlarında Qırğızıstan Respublikasının vətəndaşı Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadə tərəfindən məqalələrin işıq üzü görməsi öz əksini tapıb.

Hicran Hüseynovanın adı keçən Ceyla işində İLGİNC GƏLİŞMƏ
Cəmilə Bağırova (solda)

Ceylanın anası, Qırğızıstan vətəndaşı Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadə AzEuroNews.com-a göndərdiyi məktubda Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Müraciətdə Konustitusiya məhkəməsindən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadan, həmin komitənin Uşaq Problemləri Şöbəsi müdiri Cəmilə Bağırovadan, onun qardaşı Davud Bağırovdan, Davud Bağırovun vəkili olmuş Quliyev Azardan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə şikayət edilib.

Müraciətdə deyilir:

“Hörmətli Mehriban xanım!

Diqqətinizə çatdırmaq istəyirəm ki, söhbət azyaşlı – Amerika Birləşmiş Ştatlarının vətəndaşı olan Ceylanın anası, Qırğızıstan Respublikasının vətəndaşı, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Rezidenti Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının konustitusiya məhkəməsi tərəfindən kobud surətdə pozulmasından gedir. Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli Qərardadını elan etməsinə, 1 noyabr 2017-ci il tarixdə İcra Vərəqəsinin verilməsinə, həmin İcra Vərəqəsinin 20 noyabr 2017-ci il tarixdən Bakı şəhər Səbail Rayon İcra və Probasiya Şöbənin icraatında olmasına baxmayaraq, hal-hazırkı vaxta qədər Davud Bağırovun, onun bacısı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Uşaq Problemləri Şöbəsinin müdiri, Cəmilə Bağırovanın, onların havadarları tərəfindən qəsdən maneçilik törədilməklə icra olunmamışdır. Həmin İcra Vərəqəsində Davud Bağırov tərəfindən 2 noyabr 2012 il tarixdə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəki xəstəxanada anadan olan Amerika Birləşmiş Ştatlarının vətəndaşına dair əvvəlcə 16 noyabr 2012 il tarixdə doğum haqqında şəhadətnamə, 13 dekabr 2012 il tarixdə P USA seriyalı 488048595 nömrəli pasportunun sahibi azyaşlı Ceylanın anası hüquqlarını müdafiə etdiyim Merim Beishekeyevaya qaytarılması, aliment və s. ödənişlərin tutulmasına dair Qərar verilmişdir.

Hicran Hüseynovanın adı keçən Ceyla işində İLGİNC GƏLİŞMƏ

Davud Bağırovun nümayəndə və vəkili olmuş Azər Quliyev və Davudun bacısı Ailə, Qadın və Uşaq Problemlər Komitəsinin şöbə müdiri olmuş Cəmilə Bağırova 2017 ilin dekabr ayının əvvəllərindən hal-hazırkı vaxta qədər Səbail Rayon İcra və Probasiya şöbəsinin rəhbərliyini və əməkdaşlarını inandırmışdılar ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli Qərardadına qarşı konustitusiya məhkəməsinə Davud Bağırov tərəfindən şikayətini vermiş olduğuna görə konustitusiya məhkəməsi tərəfindən icraata götürülmüş olmalıydı. Onların dediyinə görə, konustitusiya məhkəmənin rəhbərliyi və digər tanışları onlara vəd vermişdilər ki, nəyin bahasına olursa-olsun Davud Bağırov tərəfindən verilmiş konustitusiya şikayətini icraata götürüləcəkdi. Bu səbəblərə görə də icra məmurları uzun müddət icra vərəqəsində göstərilənlərin icra edilməsindən əsassız olaraq yayınmışdılar. Hətta 2018 ilin fevral ayında icra məmurları onlardan konustitusiya məhkəmənin şikayəti icraata götürülmüş olması barədə qərardadı tələb etdikdə onlar bildirmişdilər ki, yaxın vaxtlarda veriləcəkdir. İcra məmurlarının 2018 ilin mart ayında verdikləri suallarına isə cavab verilmişdi ki, oxşar iddia üzrə Azərbaycan ərazisində Davud Bağırov tərəfindən 2016 ilin yazında Səbail rayon məhkəməsi vasitəsilə almış olduğu qətnamənin Bakı Apellyasiya Məhkəməsinin tərəfindən ləğv edilməsi ilə əlaqədar çıxan Qərardaddan Ali Məhkəməyə kassasiya şikayətini vermiş olduğundan konustitusiya məhkəməsi tərəfindən onlara bildirilmişdi ki, əgər Ali Məhkəmə apellyasiya instansiyasının Qərardadını ləğv etmiş olsa idi, belə halda, konustitusiya məhkəməsi Davud Bağırovun şikayətini icrata götürmüş ola bilərdi.

Məlumat üçün bir daha bildirirəm ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədovun sədrliyi ilə Davud Bağırovun Merim Beishekeyevaya qarşı “nikahın pozulmasına, uşağın atanın yanında qalmış olması” iddasına görə Səbail rayon məhkəməsi hakimi Nurəddin Bağırovun bir günün içində – yəni 28 aprel 2016 il tarixində qəyyumluq və himayəçilik komissiyasını cəlb etmədən çıxarmış olduğu qətnamənin Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Raqib Qurbanov, hakimlər: Etibar Nəbiyev və Azad İmanov tərkibdə) iş №2(103)-9285/2017 saylı 21 noyabr 2017 il tarixli Qərardadına əsasən ləğv edildiyindən həmin Qərardaddan vermiş olduğu kassasiya şikayətinə görə, 5 aprel 2018 il tarixdə baxılıb rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Qərardadını qüvvədə saxlamışdır. Abdulla Əfəndizadə 27 aprel 2018 il tarixdə Konstitusiya Məhkəməsinə ərizə yazaraq ona qoşmada Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədovun sədrliyi ilə iş №2(102)-2350/2018 saylı 5 aprel 2018 il tarixli Qərarını təqdim etmişdir. Necə ki, yuxarıda qeyd edildiyi kimi, qarşı tərəf məhz həmin Qərarın çıxmasını gözləmiş olduğunu icra məmurlarına bildirmişdilər.
Həmçinin o da diqqətə çatdırılır ki, azyaşlı Ceyla Amerika Birləşmiş Ştatlarının vətəndaşına dair doğum haqqında şəhadətnamə və pasport sahibi olduğuna baxmayaraq, Davud Bağırovun və onun bacısı Bağırova Cəmilənin saxtakarlıqları nəticəsində, Azərbaycanda Səbail rayon qeydiyyat şöbəsində saxta doğum şəhadətnaməsi almış olduqlarından sonradan bu haldan xəbər tutan Merim Beishekeyeva tərəfindən cavabdeh Səbail rayon qeydiyyat şöbəsinə və 3-cü şəxslər Bağrovlar: Davuda və Cəmiləyə qarşı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə “azyaşlıya verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılmasına və ləğv edilməsinə” dair 2017 ilin mart ayında iddia verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi tərəfindən iddia əsassız olaraq təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsində 29 avqust 2017 il tarixli məhkəmə iclasında iştirak edən Davud Bağırovun özü etiraf etmişdir ki, o özü 2012 ilin dekabr ayında Azərbaycan ərazisinə gəlməmişdir, həmçinin cavabdeh Səbail rayon qeydiyyat şöbəsinə də heç bir ərizə və sənədlər göndərməmişdir.

Sadəcə, Merim Beishekeyeva tərəfindən Nyu-Yorkdan Bağırov Davudun e-mail poçtuna azyaşlı Ceylaya Nyu-Yorkda verilən doğum haqqında şəhadətnamənin kserosurətini göndərdiyindən, Davud Bağırovun həmin sənədin fotosurətini mobil telefonuna çəkib bacısı Bağırova Cəmilənin mobil telefonuna göndərmişdi. Bacısı Cəmilə Bağırova da qeydiyyat şöbəsinə həmin fotosurəti təqdim etmişdir. Yəni Səbail rayon qeydiyyat şöbəsinin rəisi İradə İsgəndərova (Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin həyat yoldaşı) saxtakarlıq etmişdir. Necə olur, Davud Bağırovun özü həmin ərəfədə Azərbaycanda olmayıb, Azərbaycana heç bir sənəd göndərmir, sadəcə, bacısı Cəmiləyə göndərmiş olduğu fotosurətə baxmış Səbail rayon qeydiyyat şöbəsi doğum haqqında şəhadətnaməni hazırlayıb. Bakı Apellyasiya Məhkəməsi tərəfindən isə əsassız olaraq apellyasiya şikayətimiz təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinə verilən kassasiya şikayəti 14 fevral 2018 il tarixdə tam təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi hakim Həmid Həmidovun sədrliyilə 17 may 2018 il tarixində keçmiş ilk məhkəmə iclasında üçüncü şəxslərdən Bağırov Davudun nümayəndə və vəkili olmuş Quliyev Azər tərəfindən əvvəlcədən məhkəmə tərkibilə razılaşdırılmış qaydada müxtəlif bəhanələr ilə əsassız olaraq məhkəmə iclasını təxirə saldırmışdır. İlk olaraq Azər Quliyev A.H.Əfəndizadənin prosesdən kənarlaşdırılması barədə vəsatətini təqdim etmişdi. Onunla əsaslandırmışdı ki, A.H.Əfəndizadə hüquqşünas olsa da, kollegiyanın üzvü deyildi. Abdulla Əfəndizadə isə onunla məhkəmə tərkibinin diqqətinə çatdırmışdır ki, prezident fərmanına görə nümayəndəlik institutu ləğv olunsa da, həmin fərmanda bir bəndlə qeyd edilmişdir ki, həmin fərman qüvvəyə minənə qədər həmin şəxslərin icraatında olan işlər yekun nəticə tapana qədər aparıla bilər. Qeyd olunduğu kimi bu inzibati iş 2017 ilin mart ayından aparıldığından o, (yəni Abdulla Əfəndizadə) həmin işi apara bilər. Müşavirəyə gedib qayıdan məhkəmə kollegiyası Quliyev Azərin vəsatətini rədd etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli Qərardadına qarşı konustitusiya məhkəməyə vermiş olduğu şikayətin yaxın günlərdə icraata götürmüş olması mümkünlüyü olduğundan proses üzrə icraat dayanmalı idi. Abdulla Əfəndizadə tərəfindən məhkəmə tərkibinə nə qədər ki, konustitusiya məhkəmənin qərardadı yoxdur, hətta olsa da belə bu inzibati işin predmeti ayrı olduğundan icraatın dayandırılmış olmasına əsas yoxdur barədə etirazlarını diqqətə götürən apelyasiya instansiyası Quliyev Azərin bu barədə vəsatəti rədd etmişdir. Həmin iclasda Quliyev Azər daha sonra guya rəsmi şəkildə Ali Məhkəmə tərəfindən 14 fevral 2018 il tarixdə çıxan Qərarın surətini almadığını bildirmiş olub, məhkəmənin həmin Qərarın ona təqdim edilməsini və qərarla tanış olub, vəsatətini təqdim etmiş olmaq üçün məhkəmədən bir ay müddətinə təxirə salınmasını üçün növbəti vəsatətini təqdim etmişdi. Lakin Abdulla Əfəndizadə tərəfindən bildirilən iradlara əsasən apelyasiya instansiya məhkəməsi Quliyev Azərin vəsatətini qismən təmin edərək 31 may 2018 il tarixə təxirə salmışdı. Bu həmin Quliyev Azərdi ki, hələ vəkillər kollegiyasının rəyasət heyətinin yeni tərkibinə üzv seçilməmiş nümayəndəliyin ləvğinə qarşı şəxsən A.H.Əfəndizadəyə və digər hüquqşünaslara fikrini bildirmişdi. Həmçinin 2017-ci ilin 07 noyabr tarixində vaxtı uzatmış olmaq üçün özü məhkəməyə gəlməmişdir, öz yerinə müdiri olduğu məsləhətxananın vəkili Süleymanov Familə orderi vermişdi ki, həm Bakı Apellyasiya Məhkəməsində, həm də Ali Məhkəmədə iştirak etmiş olaydı. Yeri gəlmişkən, həmin “azyaşlıya verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılmasına” dair inzibati iş üzrə cavabdeh Səbail rayon qeydiyyat şöbəsinin, eyni zamanda Bakı nikah evinin rəisi olmuş İsgəndərova İradə konustitusiya məhkəməsinin sədri olmuş Fərhad Abdullayevin həyat yoldaşı idi. Bəlkə elə bu səbəblərə görə konustitusiya məhkəməsi altı aydan artıq keçmiş müddətdə iş üzrə yekun qərarı ya icraata götürülməsi və ya götürülməməsi barədə Qərardadı çıxarmamışdı. Hər bir vəchlə çalışmışdı ki, əsassız olaraq vaxtı uzatmış olub, sonda Bağırov Davudun xeyrinə qərarı çıxarmış olaydı. Çünki Bağırova Cəmilənin icraçılara demiş olduğundan məlum olur ki, Bağırov Davud tərəfindən Konstitusiya şikayətinin 2017 il noyabr ayının 13-də vermiş olub. Konstitusiya Məhkəməsi tərəfindən verilmiş sorğulara görə, Ali Məhkəmə tərəfindən göndərilmiş iş materialları 18 dekabr 2017 il tarixindən Konstitusiya Məhkəməsinə çatdırılmışdır. Bağırova Cəmilə və Azər Quliyev hələ o vaxt icraçılara bildirmişdilər ki, Bağırov Davudun vermiş olduğu konustitusiya şikayətini hakim olmuş Roşən İsmaylova həvalə etmişdilər. Görəsən onlar haradan bilirdilər ki, şikayətin araşdırılması hakim olmuş Roşən ismaylova həvalə edilmişdi?!?… Hələ 05 oktyabr 2017 il tarixdə Ali Məhkəmə tərəfindən tanınma haqqında Qərardadını elan etməmişdən əvvəl Bağırov Davudun nümayəndə və vəkili olmuş Quliyev Azarın tərəfindən Ali Məhkəməsinə təzyiq kimi bu cümlələr işlədilmişdi: “əgər Ali Məhkəmə tanınma haqqında Vəsatəti təmin etsə, onlar (yəni Bağırov Davudgil) konustitusiya məhkəməyə şikayətini vermiş olacaqdılar, necə ki, Merim Beishekeyeva Səbail rayon qeydiyyat şöbəsinin müdirindən inzibati qaydada “ azyaşlıya verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılmasına” dair iddia qaldırıb”. Hətta Quliyev Azarın bu barədə dedikləri “Yeni Müsavat” qəzetin 235(6849) saylı 13 noyabr 2017 il tarixli buraxılışın 13 vərəqindəki “ Dubaydakı uşaq oğurluğu ilə bağlı mühüm Qərar” məqaləsində də işıq üzü görüb. Fikir verin, Konstitusiya Məhkəməsi Ali Məhkəmə tərəfindən 5 oktyabr 2017 il tarixdə çıxan tanınma Qərardadını qanuni olduğundan ləğv etməyə risk etməyib. Konustitusiya Məhkəməsi Ali Məhkəmənin həmin Qərardadını ləğv etdirmək üçün Bağırov Davuda “imkan yaratmışdı” ki, Azərbaycanda gizli şəkildə 2016 ildə oxşar predmet üzrə bir günün içində Səbail Rayon Məhkəməsindən almış olduğu qətnaməni hansı ki, Bakı Apellyasiya Məhkəməsinin tərəfindən ləğv edilmişdir, Ali Məhkəmədə onu ləğv etdirmiş olaydı. Lakin yuxarıda qeyd edildiyi kimi, Bağrov Davudun bu “oyunu” da 5 aprel 2018 il tarixdə alınmadığından, sonradan çarəsiz qalıb müxtəlif yollar axtarmışdılar.

Hicran Hüseynovanın adı keçən Ceyla işində İLGİNC GƏLİŞMƏ

Sizə müraciət etməkdə məqsədi odur ki, Bağırov Davudun adamları, o cümlədən bacısı Bağırova Cəmilə və onlara havadarlıq etmiş şəxslərin vasitəsilə çalışmışdılar ki, Bağırov Davud tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli Qərardadına qarşı konustitusiya məhkəməsinə vermiş olduğu şikayətin nəyin bahasına olursa-olsun əsassız olaraq təmin etdirmiş olaydılar. Onlar ölkə rəhbərliyində təmsil olunan yüksək vəzifəli şəxslərin (bizdə həmin hörmətli şəxslərin adları var, sadəcə, indi qeyd etmirik (onlar demişdilər ki, konustitusiya məhkəməyə prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adından prezident köməkçisi olmuş Əli Həsənov zəng vurub, tapşırıq vermişdi), həmçinin Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovun, Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynovanın, konustitusiya məhkəmənin sədri Fərhad Abdullayevin, onun həyat yoldaşı, Səbail rayon Qeydiyyat Şöbəsinin rəisi İradə İsgəndərovanın, Səbail rayon İcra hakimiyyətinin başçısının müavini, qəyyumluq və himayəçilik komissiyasının sədri Bayramova Xalidənin adlarından istifadə etmişdilər.

29 may 2018 il tarixdə A.Əfəndizadə axşam saatlarında konustitusiya məhkəməsindən öyrəndikdə məlum oldu ki, Bağırov Davudun konstitusiya şikayətinə görə icraata götürülməməsinə və ya götürülmüş olması barədə heç bir qərar çıxmayıb.

A.Əfəndizadə daha sonra həmin teleqramda qeyd edib ki, ola bilsin ki, bu teleqramını alan kimi konustitusiya məhkəməsi qəsdən arxa tarixi ilə guya ki, icraata götürülmüş olması barədə qərardadı çıxarsın və elə də olmuşdu.

Bağırov Davudun xeyrinə hərəkət etməyə çalışmış şəxslərin vicdanları necə götürə bilər ki, bir gənc ananı öz uşağına qovuşdurmağa mane olaydılar. Onlar fikirləşmirlər ki, başqasına pislik etməyə çalışdıqları halda həmin pisliklər özlərinin başlarına gələr…

31 may 2018 il tarixində saat 16:30-da Bakı Apellyasiya Məhkəməsininin İnzibati İqtisad Kollegiyasının hakimi Həmid Həmidovun sədrliyilə keçirilən “azyaşlıya verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılmasına və ləğv edilməsinə” dair iddia predmeti üzrə məhkəmə iclasında üçüncü şəxslərdən Bağırov Davudun nümayəndəsi və vəkili olmuş Quliyev Azər tərəfindən məhkəməyə Konstitusiya Məhkəməsinin 24 may 2018 il tarixi ilə çıxarılmış qərardadın kserosurətini təqdim edilmişdir. Həmin qərardada görə, Bağırov Davudun konstitusiya şikayətini icraata götürmüşdülər. A.Əfəndizadə Quliyev Azərə sual verərək soruşur ki, konustitusiya məhkəməsi nədən Merim Beishekeyevaya (Beyşekeyevaya) bu barədə nə qərardadı, nə bildirişi, nə də verilmiş şikayətin surətini göndərmir, lakin Bağırov Davudun nümayəndə və vəkili kimi ona təqdim edir. Quliyev Azərin cavabı bu olmuşdur ki, guya o, 31 may 2018 il tarixində “Bakinski raboçi” qəzetində konustitusiya məhkəmənin bu barədə elanını oxuyub, saat 15:00-da konustitusiya məhkəməsinə gedərək həmin qərardadı alıb. A.Əfəndizadə isə araşdırma apararkən məlum olub ki, nə “Resbulika”, nə “Xalq”, nə də “Bakinski raboçi” qəzetlərində konustitusiya məhkəməsinin bu iş üzrə qərardadı haqqında məlumatlar çap edilməyib. Bu bir daha onu sübut edir ki, A.Əfəndizadə teleqramda qeyd etdiyi kimi, məhz teleqramı göndərəndən sonra arxa tarixlə -yəni 24 may 2018 il tarixi ilə icraata götürülmə barədə qərardad çıxarmışdılar. A.Əfəndizadənin dəfələrlə konustitusiya məhkəməsinə getməsi və zəng vurmasına, rəsmi şəkildə ərizə və teleqramlar göndərməsinə baxmayaraq, Bağırov Davud tərəfindən verilmiş konustitusiya şikayətinin surətini, nəhayət, 11 iyun 2018 il tarixində axşam saatlarında təqdim etmişlər. Lakin iş materialları ilə tanış olmağına icazə verməmişdilər. A.Əfəndizadəyə məlum olmuşdur ki, konustitusiya məhkəməsinin iclası əvvəlcə 20 iyun 2018 il tarixinə saat 15:00-a təyin edilmişdi. Burada da konustitusiya məhkəməsinin məqsədi tələm-tələsik Bağırov Davudun xeyrinə qərar çıxarmaq idi. Çünki məlum olduğu kimi 14 iyun 2018 il tarixindən 20 iyun 2018 il tarixinə kimi bayram günləridir. Lakin sonradan məhkəmə iclası 28 iyun 2018 il tarixinə saat 11:00 a təxirə salınıb.

A.Əfəndizadə Bağırov Davudun konustitusiya şikayətini alıb və onunla tanış olub. A.Əfəndizadə bildirir ki, ümumiyyətlə, həmin şikayətin icraata götürülməsinə əsas yoxdur. Belə ki, Bağırov Davud orada faktiki hallardan söhbət edir. “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 34.3 maddəsinə əsasən həmin qanunun 34.2.-ci maddəsində nəzərdə tutulmuş hallarda Ali Məhkəmə tərəfindən baxılıb qurtaran işin faktiki halların yoxlanılmasına yol verilmir. Həmin Qanunun 52.1. maddəsinə əsasən AR Konstitusiyasının 130 maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutulan məsələlərlə əlaqədar konustitusiya məhkəməyə daxil olmuş sorğu və ya şikayət, bir qayda olaraq, 30 (otuz) gün müddətində Konstitusiya məhkəməsinin palatasının iclasına çıxarılır, sorğu və ya şikayətin icraata qəbul edilməsini və yaxud qəbul edilməsindən imtina edilməsi haqqında Qərardad qəbul olunur. Həmin Qanunun 52.2. maddəsinə əsasən sorğu və ya şikayətin icraata qəbul edilmə yaxud qəbul edilməsindən imtina haqqında Qərardad qəbul edildiyi gündən ən geci 7 (yeddi) gün ərzində tərəflərə rəsmi məlumat verilməlidir. Konustitusiya məhkəməsi tərəfindən 24 may 2018-ci il tarixi ilə icraata götürülmüş olma barədə çıxarılmış qərardada nəzər yetirdikdə Bağırov Davudun şikayətinə görə iş üzrə sədrlik etmiş Kamran Şəfyev, məruzəçi-hakim Röşən İsmaylov, digər hakim Sona Salmanova idilər.

Göründüyü kimi iş materialları 18 dekabr 2017-ci il tarixində konustitusiya məhkəməsi dəftərxanasına çatdırılsa da, həmin məhkəmə tərkibi 6 (altı) aya yaxın müddət keçdikdən sonra icraata götürmüşdülər. Yəni 5 (beş) aya yaxın müddəti keçirmişdilər. Adətən konustitusiya məhkəməsi şikayət məhkəməyə daxil olduğu gündən uzağı 3 (üç) ay ərzində icraata götürüb götürməmə barədə qərardadı çıxarıb, şikayət verənə və digər tərəfə (əgər icraata götürülmüş olubsa) çatdırır. Ancaq Siz fikir verin Bağırov Davudun şikayətini 13 noyabr 2017-ci il tarixində konustitusiya məhkəməsindən qeydiyyatdan keçirmişdi. 18 dekabr 2017-ci il tarixində Ali Məhkəmə tərəfindən göndərilmiş iş materialları konustitusiya məhkəməyə daxil olur. 13 noyabr 2017-ci il tarixində şikayətin məhkəməyə verilmiş olmasını nəzərə alsaq 6 (altı) ay 10 (on) gündən sonra icraata götürülmüş olması çoxlu şübhələr yaratmışdır. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi verilmiş şikayətin surəti Abdulla Əfəndizadəyə israrlı tələblərinə əsasən 11 iyun 2018 il tarixdə axşam verilmiş olmasına baxmayaraq uzun müddət iş materialları ilə tanış olmağa imkan yaratmamışdılar. Çünki şikayətin qoşma hissəsində Bağırov Davudun tərəfindən qeyd edilirdi ki, guya onun tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icraya yönəlməsinə dair bizim tərəfdən verilən Vəsatətimizə qarşı etirazını Ali Məhkəməsinə təqdim etmişdi. Halbuki nə Bağırov Davudun özü, nə də ona nümayəndə və vəkil olmuş Quliyev Azarın tərəfindən nə məhkəmə iclasından əvvəl, nə məhkəmə iclası zamanı, nə də sonra təqdim edilməmişdir. Çünki Abdulla Əfəndizadə hər iki məhkəmə iclasında iştirak edib, həm məhkəmə iclaslarına qədər, həm də məhkəmə iclaslarından sonra iş materialları ilə tanış olurmuş, axırıncı dəfə 2017 ilin noyabr ayında da tanış olduqda Bağırov Davud, Quliyev Azar tərəfindən etirazın təqdim edilmiş olmasına rast gəlməmişdir. Görünür Bağırov Davud qəsdən belə bir görüntü yaratmağa çalışmışdı.

Bağırov Davud həmin şikayətində qeyd edir ki, Səbail rayon məhkəməsində bir günün içində çıxartdırmış olduğu qətnaməsi guya qanuni qüvvəsini aldığından Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli Qərardadına lüzum yox idi. Halbuki Səbail rayon məhkəməsinin 28 aprel 2016 il tarixli qətnaməsindən verilən Apellyasiya Şikayəti apellyasiya instansiyası hakimi Abidin Hüseynovun tərəfindən 15 mart 2017-ci il tarixində mümkünsüz sayılmış olsa da, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (sədrlik edən hakim Vəfaddin İbayev) 30 iyun 2017-ci il tarixli Qərarına əsasən ləğv edilmiş, apellyasiya baxışına göndərilmişdir. Ali Məhkəmə iş materiallarını Bakı Apellyasiya Məhkəməsinə qaytardıqdan sonra Apellyasiya İnstansiyasının hakimi Raqib Qurbanovun icraatına 11 avqust 2017 il tarixdə verilmişdir. Hakim Raqib Qurbanov və digər hakimlər Merim Beishekeyevanın (Beyşekeyevanın) Apellyasiya Şikayətinin mümkünlüyünə dair 2(103)-9285/2017 saylı 11 avqust 2017 il tarixdə Qərardad çıxarmışdır. Yəni Səbail rayon məhkəməsinin 28 aprel 2016 il tarixli qətnaməsi qanuni qüvvəsindən düşmüşdür. Konstitusiya şikayətinə nəzər yetirdikdə Bağırov Davud yenə əndazəni aşaraq Merim Beishekeyevanı (Beyşekeyevanı) guya əxlaqsızlıq etdiyi zaman polislə tutmuş olduğunu qeyd etmişdi. Halbuki A.Əfəndizadə qeyd edib ki, D.Bağırov qızı M.Beyşekeyevadan boşanmaq istəmədiyindən, ona yalvardığından, lakin Merim Beishekeyeva (Beyşekeyeva) onun burada açıqlanması mümkün olmayan qeyri insani hərəkətlərinə görə imtina cavabı verdiyindən, Davud Bağırov ondan qisas almaq üçün ona təzyiqlər etməyə başlayıb, gözdən salmağa çalışıb, əxlaqsız obrazını yaratmaq istəyib ki, məhkəmə uşağı anasına verməsin: “Davud ifadəsində qeyd edir ki, guya, Merimin Dubayda hotellərin birində əcnəbi bir kişi ilə birgə olduğu müəyyən edilib. Əcnəbi kişi ilə münasibətlərini təsdiq edən səs yazısı və polis tərəfindən həmin məsələnin araşdırılmasını təsdiq edən sənəd də var.

Davud qəsdən demir ki, o, Merimin yanına qonşu adı ilə öz yaxın “tanış qadını olmuş” Zarina Jeksenbayeva adlı yüngül əxlaqlı qadını göndərib ki, Merimi yoldan çıxarsın, əxlaqsızlığa cəlb eləsin. Bu baş tutmayanda başqa vasitələrə əl atılır. Merim 1 oktyabr 2015-ci il tarixdə, saat 16:00-dan sonra hotelə bir biznesmenlə iş ilə bağlı söhbətə gedir. Zarina dərhal gizlicə Davuda, o da polisə zəng vuraraq Merimi güdüblər. Lakin Merim vaxtilə bir bankda işlədiyi həmin biznesmenin hoteldə otağında yox, foyedə görüşərək ondan bank işinə düzəlməkdə köməklik göstərməsini xahiş edib. A.Əfəndizadə əlavə edib ki, Davudun israrlı tələblərindən sonra Dubay polisi həmin hotelin biznesmenin qaldığı otağın yanındakı foyeyə girdikdə böyük bir masanın bir tərəfində Merim, digər tərəfindəsə həmin biznesmenin oturduğunu, söhbət etdiklərini görüb. Lakin Davudun israrlı tələblərindən sonra həmin yerə müxtəlif ixtisaslar üzrə bir neçə ekspertlər dəvət olunublar. Lakin onlar da elə ilk araşdırmada həmin biznesmenlə Merim arasında heç bir yaxınlığın olmadığını müəyyən ediblər.

Lakin Davud növbəti ittihamlarla çıxış edərək Merimin guya əvvəllər müxtəlif kişilərlə münasibətlərinin olduğunu, yüngül həyat tərzi keçirdiyini, içki aludəçisi, narkoman olmasını, dəri zöhrəvi xəstəliyi olduğunu və digər sözlə deyiləsi olmayan böhtanlar atır, bu səbəblərdən 1 oktyabr 2015-ci il tarixində, saat 19:00-dan sonra Merim Beyşekeyeva polis idarəsinə aparılaraq izahatı alınır, ona 5 ekspertiza: 1) ginekoloji; 2) proktoloji; 3) dəri-zöhrəvi; 4) narkomaniya; 5) alkoqolizm təyin olunur. Həmin beş ekspertizalardan rəy gələnə qədər Merim Beyşekeyevanı ayrı bir otaqda saxlayırlar: “1 oktyabr 2015-ci il, həftənin cümə axşamı olur, BƏƏ-də cümə və şənbə günləri iş günü deyil. Bu fürsətdən istifadə edən “əsərin qəhrəmanı” Davud Bağırov anasına və bacısına (komitənin işçisi – red.) dərhal məlumat verir. Anası ilə bacısı da dərhal 2 oktyabr 2015-ci il tarixdə gecə reysi ilə Bakıdan Dubaya uçurlar. Onlar dərhal Jeksenbayeva Zarina vasitəsilə azyaşlı Bağırova Ceylanı ələ keçirirlər. 2 oktyabr 2015-ci il tarixdə axşam vaxtı isə həmin beş ekspertizaların hamısından müsbət rəy alınır. Çox üzr istəyirəm hətta ginekoloji ekspertizadan bildirilir ki, Merimin ən azı bir ildən artıq müddətdə heç bir intim münasibəti olmayıb. 2-3 oktyabr 2015-ci il tarixləri iş günləri olmadığından Merim polis idarəsində onun üçün ayrılmış hər bir şəraiti olan xüsusi otaqda qalır. Xoşbəxtlikdən 3 oktyabr tarixdə, səhər saat 08:00 radələrində prokuror idarəyə gəlib iş materialları və ekspertizaların rəyləri ilə tanış olub. Merim Beyşekeyevanı da 15 dəqiqə ərzində dinləyib, saat 08:30 üçün azad edilməsiylə əlaqədar göstəriş verir”.

A.Əfəndizadə sonrakı prosesi belə nəql edir: “Bundan xəbər tutan Davudun anası Ramidə, bacısı Cəmilə çıxış yolunu Dubaydan qaçmaqda görürlər. Buna görə onlar Azərbaycan Respublikasının Dubay Əmirliyindəki Baş Konsulu – çox yaxın qohumları olan Pərvizin yanına gəlirlər ki, viza alsınlar. Azyaşlı Bağırova Ceyla Amerika Birləşmiş Ştatlarının vətəndaşı olduğundan baş konsul onun Azərbaycana daxil olması üçün vizanın vacib olduğunu, mütləq anasının razılığı alınmasını tələb edir. Belə halda, onlar Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasında viza rejimi olmadığından istifadə edərək, tələsik 3 oktyabr 2015-ci il tarixində, saat 12:16 reysi ilə İstanbula uçurlar. Cəmilə İstanbuldan 5 oktyabr 2015-ci il tarixində gecə reysi ilə, Davud, anası və azyaşlı Ceyla isə 7 oktyabr 2015-ci il tarixində saxta sənədlər düzəltdirdikdən sonra Bakıya gəlirlər. 1 may 2018-ci il tarixdə verdiyim sorğuda DSX tərəfindən verilən 19 may 2018 il tarixli cavab məktubuna diqqət yetirdikdə onların giriş-çıxışları aydın görünür.

Hazırda D.Bağırov Dubay prokurorluğunda başlanmış 84766/2017 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınan 2 şəxsdən biridir. Azyaşlı Ceylanın oğurlanması cinayətində iştirak etmiş Qazaxıstan vətəndaşı Zarina Jeksenbayeva əvvəlcə həbs olunub, sonradan külli miqdarda girov qarşılığında məhkəmə baş tutana qədər Birləşmiş Ərəb Əmirliklərinin ərazisini tərk etməmək şərti ilə buraxılıb. Azyaşlının anası Merim Beishekeyeva zərərçəkən qismində tanınıb. Dubay Baş Prokurorluğu tərəfindən 2017-ci ilin avqust ayında mobil telefonla Bağırov Davudun Dubaya gəlib, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklifi ilə əlaqədar edilən zəngə Bağırov Davudun tərəfindən yaxın vaxtlarda gələcəyi bildirilsə də, sonradan Dubay Əmirliyinə getməkdən yayınmış, mobil telefonunu söndürmüşdü. Bu səbəblərdən Birləşmiş Ərəb Əmirliklərində Bağırov Davud barəsində axtarış elan olunmuşdur.

Merim Beishekeyeva (Beyşekeyeva) 2014-cü ildən sonra bir də 05 fevral 2017 il tarixdə Azərbaycana anası ilə gələ bilir. O, anası və hüquqlarının müdafiəçisi hüquqşünas Abdulla Əfəndizadə azyaşlı Ceylanı görmək və ona alınan hədiyyələri təqdim etmək üçün yaşamış olduğu Bakı şəhəri, Səbail rayon, Tərlan Əliyarbəyov küçəsi ev 10 mənzil 26 ünvanına gəlirlər. Lakin baxmayaraq ki, Cəmilə Bağırova hələ gündüz vaxtı Abdulla Əfəndizadəyə və Merim Beishekeyevanın (Beyşekeyevanın) anası Baktigül xanıma vəd verir ki, axşam saat 17:00-dan sonra görüşməyə imkan yaradacaq, vədinə əməl etməyib azyaşlı ilə görüşə imkan verməmiş, axşam saat 23:00-a qədər uşaqla görüşü uzadıb, sonda Merim Beishekeyevanı (Beyşekeyevanı) çox ağır pis ifadələrlə təhqir edib, bildirmişdilər ki, uşağı ona göstərməyəcəkdilər, azyaşlı Ceylanı Azərbaycandan qaçırmış olacaqdılar. Bu səbəblərdən həmin söhbətin sabahsı günü Merim Beishekeyeva (Beyşekeyeva) Dubay məhkəməsinin qərarlarının icra edilib qurtaran müddətinə qədər, həmçinin azyaşlı Ceylanın Azərbaycandan qaçırılmaması üçün (yəni azyaşlı Ceyla anasına təhvil verilənə qədər) Səbail rayon məhkəməsinə cavabdeh Bağırov Davuda qarşı “Pozulmuş valideynlik hüquqlarının bərpası, uşaqla ünsiyyət hüququn tanınmasına” dair İddia Ərizəsi ilə müraciət edir. Həmin İddia Ərizəsinə qoşmada iddianın təmin-tədbiri kimi azyaşlı Ceylanın Azərbaycan Respublikasının Ərazisindən kənara çıxmasına qadağa qoyulması barədə Ərizə də əlavə edir. Bakı şəhər Səbail rayon məhkəməsinin (hakim Elmar Rəhimov) iş №2 (009)-1424/2017 saylı 09 fevral 2017 il tarixli Qərardadına əsasən İddianın təmin-tədbiri barədə Ərizə təmin olunaraq azyaşlı Ceylanın anası Merim Beishekeyevanın (Beyşekeyevanın) icazəsi olmadan Azərbaycandan kənara çıxmasına QADAĞA qoyulur. Vaxtı qəsdən uzatmaq, Merim Beishekeyevaya (Beyşekeyevaya) uşağını görməyə imkan yaratmamaq üçün Bağırov Davud nümayəndə və vəkili olmuş Quliyev Azarın “tövsiyyəsi” ilə Qərardaddan şikayətini təqdim etmişdi. Bakı Apellyasiya Məhkəməsinin (Sədrlik edən N.Cəfərov) 27 mart 2017 il tarixli Qərardadına əsasən Bağırov Davudun şikayəti təmin edilmir. Onlar yenə də vaxtı uzadaraq (yəni qəsdən qərardadı gec alıb, qəsdən şikayətivermə müddətinin sonuncu gününə salmış olub) AR Ali Məhkəməsinə kassasiya şikayətini təqdim etmişdilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin (sədrlik edən İ.Dəmirov, hakimlər T.Qoldman və Ə.Rüstəmov tərkibdə) 06 iyul 2017 il tarixdə Bağırov Davudun şikayətini rədd edirlər. İş materialları 2017 il sentyabr ayında Səbail rayon məhkəməsinə qaytarıldıqdan sonra yenə nə Bağırov Davud, nə onun bacısı olmuş Bağırova Cəmilə, nə anası olmuş Əhmədova Ramidə, nə də nümayəndə və vəkili olmuş Quliyev Azar Merim Beishekeyevaya (Beyşekeyevaya) öz azyaşlı qızı Ceyla ilə görüşməyə icazə verməyəcəklərini bildirmişdilər. Məhkəmə rəy almaq üçün iş materiallarını Səbail rayon Qəyyumluq və Himayəçilik Komissiyasına göndərir. Lakin iş materialları uzun müddət Qəyyumluq və Himayəçilik Komissiyasında saxlanılmışdı. Qəsdən Abdulla Əfəndizadəyə məlumat vermədən 30 yanvar 2018-ci il tarixində rəy vermişdi ki, azyaşlı Ceyla anası ilə həftədə 3 (üç) gün yox, ancaq 10 (on) saat, özü də atasının (yəni Bağırov Davudun) iştirakı olmadan qala bilər. İş materialları Qəyyumluq və Himayəçilik Komissiyasına getdikdən sonra Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin (sədrlik edən Əsəd Mirzəliyev) iş №10(102)-80/2017 saylı 05 oktyabr 2017 il tarixli Qərardadını aldıqdan, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi Səbail rayon məhkəməsinə qayıtdıqdan sonra Ali Məhkəmə tərəfindən verilən Qərardadını Abdulla Əfəndizadə həmin mülki işin icraatına xitam verilməsinə dair Vəsatət ilə Səbail rayon məhkəməsinə təqdim edir. Səbail rayon məhkəməsinin (hakim Elmar Rəhimov) 10 aprel 2018 il tarixli Qərardadına əsasən işin icraatına xitam verilir.

Yuxarıda qeyd edilən iddia məhkəməyə təqdim ediləndən, KİV-lərdə məqalələrin işıq üzü görməsindən sonra Davud Bağırov hər vasitə ilə ailə qadın və uşaq problemləri komitəsində işləmiş bacısı olmuş Bağırova Cəmilənin, həmin komitənin sədri olmuş Hüseynova Hicranın vasitəsilə Abdulla Əfəndizadəyə təzyiq göstərmək üçün AR DİN Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinə “çağırdırmışdı”. 13 mart 2017 il tarixdə A.Əfəndizadə həmin idarəyə getmişdir. Həmin idarənin əməkdaşları A.Əfəndizadə ilə profilaktik söhbət aparmışlar. Sonra həmin idarədə Davud Bağırov “peyda olmuşdu”. Yeri gəlmişkən, 13 mart 2017-ci tarixində Davud Bağırov A.Əfəndizadəni “Billur” restoranına dəvət edir. Həmin restoranda Davud Bağırovdan başqa nümayəndə və vəkili olmuş Quliyev Azar da iştirak edir. Abdulla Əfəndizadədən məqalələrin mətbuatda dərc edilməməsi barədə xahiş edirlər və söz verirlər ki, 15 mart 2017 il tarixdə Bakı Apellyasiya Məhkəməsində Səbail rayon məhkəməsinin 28 aprel 2016-ci il tarixili qətnaməsindən verilən Apellyasiya Şikayəti üzrə işə mahiyyəti üzrə baxılacaq. Həmçinin hər ikisi and-aman edib, kişi kimi söz verirlər ki, azyaşlı Ceylanı anası Merim Beishekeyeva (Beyşekeyeva) ilə görüşməsinə həftədə 3 gün müddətində imkan yaradacaqlar, Merim Beishekeyevanın (Beyşekeyevanın) Azərbaycana gəlib getməsi ilə əlaqədar təyyarə biletlərinin, Azərbaycanda kirayə və ya oteldə qaldığı ünvanlar üçün yer pulu ödəyəcəklər. Davud Bağırov Abdulla Əfəndizadəyə Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarını müdafiə etməməsi, yaxud edərsə görünüş üçün etməsini, əslində isə Merim Beishekeyevanı (Beyşekeyevanı) aldadaraq səhv yola yönləndirməsini, Merim Beishekeyevanın (Beyşekeyevanın) valideynlik hüquqlarından məhrum edilməsi, həbs edilməsi üçün ona (yəni, Bağırov Davuda) yardım etmiş olmasını, bütün bunların müqabilində ona (yəni A.Əfəndizadəyə) 30.000 (otuz min) ABŞ dolları məbləğində (mükafat) vermiş olacağını bildirmişdir. Bağırov Davudun özü etiraf etmişdir ki, onun ancaq bir məqsədi var bacardıqca, imkan düşdükcə Merim Beishekeyevaya (Beyşekeyevaya) pislik etmək, daima onu stressdə saxlamış olmaq, onun barəsində əxlaqsız qadın obrazını yaratmaq olmuşdur. Davud Bağırov Abdulla Əfəndizadəyə daha sonra bildirmişdi ki, Qırğızıstanda Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı planlarını hazırlamışdı, belə ki, əxlaqsız qızların köməyi ilə şər, böhtan atdırmış olub cinayət işinin başlanmış olmasına nail olmalı idi. Hətta Davud Bağırov A.Əfəndizadəyə etiraf edib ki, Səbail rayon məhkəməsində gizli şəkildə 2016-cı ilin aprel ayında qətnamənin çıxarılmış olması üçün məhkəmənin sədrinə 7000 (yeddi min) manat pul çatdırıb. Abdulla Əfəndizadə isə bu iyrənc təklifə və ona təklif olunan 30.000 (otuz min) ABŞ dolları məbləğində “mükafata” yox demişdir. Ancaq iki gündən sonra – yəni 15 mart 2017-ci il tarixində yuxarıda qeyd edildiyi kimi Bağırov Davudun nümayəndə və vəkili olmuş Quliyev Azarın tərəfindən Səbail rayon məhkəməsinin 28 aprel 2016-ci il tarixli qətnaməsindən verilən Apellyasiya Şikayətinin mümkünsüz sayılması barədə vəsatətini təqdim etmiş, məhkəmənin tərəfindən də mümkünsüz sayılmışdı.

“Davudla vəkili dedi ki, nahaq pulu götürmədin”

Abdulla Əfəndizadə qarşı tərəfin onunla danışıqlara getməsinin detallarını da açıqlayıb: “17 aprel 2017-ci il tarixdə vəkili Quliyev Azər Səbail Rayon Məhkəməsinin binasında mənimlə açıq söhbət etdi ki, nahaq yerə mənə təqdim edilən “pul mükafatlarını” almamışam, Davud da bilir ki, haqsızdır. Ancaq bununla belə o, uşağı heç cür vermək fikrində deyil. Mənə də məsləhət bilir ki, özümü yormayım, onsuz da onlar yuxarı şəxslərin vasitəsilə məhkəmələrlə “anlaşmış olaraq” məsələni öz xeyirləri üçün həll etməli idilər. Daha sonra mənə təklif etdi ki, Merim Beyşekeyevanı qorxudum ki, bu fikirlərindən əl çəksin. Belə halda Davud Bağırov Merim Beyşekeyevaya yol pulu verər ki, o, on gündən bir, bir günlüyə gəlib Ceylanı görüb, getsin. Təbii ki, mən bu qanunsuz və təhdid fikirlərlə razılaşmadım”.

Merimin anası dayədir, yoxsa…?

İşin maraqlı məqamı həm də budur ki, Davud Bağırov qayınanası Baktıgül xanım haqda nalayiq ifadələr səsləndirməklə yanaşı A.Əfəndizadəyə deyib ki, guya qadın xaricdə dayə işləyib.

Abdulla Əfəndizadə bu söhbəti araşdırdıqda məlum olub ki, Merimin anası qırğız, atası qazax millətinin nümyəndələridirlər. Eyni zamanda atasının anası isə rus və yəhudi millətinin nümayəndələrindəndir.

Maraqlısı odur ki, Merimin anası Baktıgül xanım 90-cı illərin əvvəllərində Qırğızıstanın Müdafiə Nazirliyində məsul vəzifələrdə, daha sonra Qırğızıstanın Prezident Administrasiyasında, 90-cı illərin sonlarında XİN-də məsul vəzifələrdə, 2000-ci illərin əvvəlindən Qırğızıstan Miqrasiya Xidmətinin rəis müavini, sonra isə rəisi vəzifəsində çalışıb.

Ölkə rəhbərliyi tərəfindən yüksək mükafatlara layiq görülüb, diplomatik kanallara sahibdir, hazırda Fransada yaşayır.

Hicran Hüseynovanın Milan xahişi

Maraqlı məqam həm də ondan ibarətdir ki, Baktıgül xanım Fransaya köçməzdən əvvəl İtaliyada yaşayarkən Davudun bacısı Cəmilə Bağırova ona zəng edib.

O, işlədiyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın İtaliyanın Milan şəhərində yaşayan qızının körpəsi üçün dayə tapmaqda Davudun qayınanası Baktıgül xanımdan köməklik göstərməsini xahiş edib.

A.Əfəndizadənin sözlərinə görə, bu faktın özü komitə sədri H.Hüseynova ilə işçisi C.Bağırova münasibətlərin nə dərəcədə yaxın olduğunu ehtiva edir:

“Hicran Hüseynova Cəmiləni işində saxlayır və uşaq oğurluğu barədə münasibət bildirmir. Ona görə də Cəmilə Bağırova imkanlarından istifadə edərək qardaşı qızının anasında qalmasına imkan verməmişdi”. Təsadüfi deyildi ki, məhz 2018-ci ilin aprel ayında president seçkiləri bitdikdən, Hicran Hüseynova təkrar həmin vəzifəyə təyin edildikdən sonra konustitusiya məhkəməsi Bağırov davudun şikayətini icraata götürmüşdü. Yeri gəlmişkən hələ 2015-ci ildə Hicran Hüseynovanın yaxın qohumu, komitənin aparat rəhbəri olmuş Səfər İmanov öz yerliləri Eynur Kərimov adlı şəxsin 170.000 (yüz yetmiş min) ABŞ dolları məbləğində pulunu rüşvət kimi alaraq onu komitədə gəlirli vəzifəyə qoyacağı barədə vəd verməsinə baxmayaraq, sonradan sözünü tutmamış, hətta Hicran Hüseynovanın köməkliyi ilə Azərbaycan ərazisini tərk edib, İtaliyaya-Milan şəhərinə getmişdir. Qeyd edildiyi kimi Hicran Hüseynjovanın qızı da Milan şəhərindədir.

Abdulla Əfəndizadə həm də uşağın vətəndaşı olduğu ABŞ-nın ölkəmizdəki səfirliyindən, beynəlxalq təşkilatlardan məsələyə reaksiya gözləyir: “Pisi odur ki, bir-iki dələduza görə dövlətimizin adı bədnam olacaq. Mən hələ keçən ildən deyirəm, bir neçə vaxtdan bu adamlarla bağlı dəhşətli faktların şahidi olacağıq. Davud Bağırov və digərləri bir neçə xarici ölkələr tərəfindən barələrində cinayət işləri başlanaraq, beynəlxalq axtarışa veriliblər, onların ekstradisiyası tələb olunacaq”.

28 iyun 2018 il tarixdə Konstitusiya Məhkəməsində keçiriləcək məhkəmə iclasında Amerika Birləşmiş Ştatlarının səfirliyinin əməkdaşları da iştirak edəcəklər.

Hörmətli Mehriban xanım!

Sizdən xahiş edirəm ki, bu işin ciddi nəzarətə götürəsiniz, Konustitusiya Məhkəməsindən işə qanunla, vicdanla, ədalətlə, obyektiv və hüquqla yanaşmasına dair tövsiyənizi verməklə Merim Beishekeyevanın (Beyşekeyevanın) öz altı yaşlı qızı Ceylaya qovuşmasına köməklik edəsiniz”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …