Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Heydər və İlham Əliyevin verdiyi çörək burnunuzdan töküləcək”

“Heydər və İlham Əliyevin verdiyi çörək burnunuzdan töküləcək”

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, polkovnik Eldar Sabiroğlu “Hürriyyət” qəzetinə müsahibə verib.  Azinforum.az  həmin müsahibəni təqdim edir:

-Eldar müəllim, qarşıdan parlament seçkiləri gəlir. Mandat marafonuna qoşulacaqsınızmı?

-İstəməzdim indidən bu haqda danışaq. Vaxta hələ xeyli var. Zamanı gələndə bu sualınıza cavab tapacaqsınız. Əslində bəziləri üçün də çox qıcıq yaradan sual verirsiniz. Siz nəyi qoyub, nəyi axtarırsınız? Mətbuat səhifələrində adi bir görüntümüz bir çoxlarının əhvalını pozur, özlərini narahat hiss etməyə başlayırlar. Hətta iqtidar haqqında hər hansı müsbət fikir söyləməmiz də süngüylə qarşılanır.

-Nədən qaynaqlanır bu münasibət?

-Onu demək mənim üçün çətindir. Bu millətin həmişə evini paxıllıq yıxıb. Belələri yalnız özlərini rəhbərə yaxın adam hesab edirlər. Başqalarının yaxınlığını həzm edə bilmədiklərindən hər vəchlə ölkə rəhbərini sanki blokadada, izolyasiyada saxlamaq üçün əllərindən gələni əsirgəmirlər.amma bunu da bacarmırlar Bu azmış kimi sənin bir balaca səhv, hətta ehtiyatsızlıq etməyinə bənddirlər. Dərhal sənə qarşı elə bir qaralama kampaniyası körükləyərlər ki, dəhşətə gəlirsən. Mən bunu gerizəkalılıq kimi qiymətləndirirəm. Onlar bununla çox da fərəhlənməsinlər. Amma neynəmək olar? Bu da onların xislətidir. Pislik etməyə, ürək bulandırmağa öyrəşiblər, ona görə də yerlərində dinc otura bilmirlər.

-Siz ki, bəziləri kimi sonradan YAP-a gəlməmisiniz. Hakim partiyanın təbliğat sisteminin formalaşmasında xidmətlərinizi danmaqla nəyə nail olmaq istəyirlər?

-Mənə qarşı zamanında da kampaniyalar baş qaldırdı. Nəinki partiyanın təbliğat sisteminin inkişafındakı xidmətlərimi danmağa çalışdılar, hətta biriləri partiya biletimin olmadığı kimi çirkin dezinformasiyalar yaydılar. Təsəvvür edirsinizmi, nə dərəcədə məsuliyyətini itirəsən ki, partiyadan deputat seçiləsən, 10 ilə yaxın partiyanın qərargahında məsul vəzifə tutasan, YAP-ın birinci qurultayında Siyasi Şuranın üzvü seçiləsən, amma haqqında bu cür yanlış fikirləri mətbuat səhifəsinə ötürsünlər. Bu zavallılar adama heç olmasa elə yarlıq yapışdırmırlar ki, azca da olsa inandırıcı olsun.

-Deməli, hələ o vaxtlar sizə qarşı kampaniya aparılırmış?

-Bəli. Bir xatirəni oxucularınızla paylaşmaq istəyirəm. 1998-ci ildə Ulu Öndər Heydər Əliyev kiçik müşavirə otağında iclas keçirirdi. Hüquq-mühafizə orqanlarının rəhbərləri, yüksək vəzifə sahibləri orda idi. Mən də dəvətlilər arasında idim. Hələ iclas başlamamışdı, keçmiş xüsusi idarənin rəisi general Elman Qəmbərov mənə yaxınlaşaraq “hazır ol, Kişi sənin haqqında danışacaq” dedi. Təəccübləndim, ondan nə məsələ olduğunu soruşsam da cavab verməyib bir qədər də ciddi görkəmlə pəncərənin qarşısına çəkildi. Doğrusu, narahat oldum ki, görəsən nə olub, harda ehtiyatsızlığa, səhvə yol vermişəm? Çox düşünsəm də ağlıma bir şey gəlmədi. Nəhayət, müşavirə başladı, 2 saata yaxın davam edən müşavirədə sanki iynənin üstündə oturmuşdum. Müşavirənin sonunda prezident Heydər Əliyev mənimlə bağlı danışmağa başladı: “Mən son günlər ANS-in “Nəzər nöqtəsi”ndə bizim Sabirlə 2-3 müxalifət fəalının debatına baxdım. Sizə deyim ki, Sabir fakt və arqumentlərlə onların nəyə qadir olduğunu, hansı siyasi fəaliyyətə söykəndikərini çox gözəl açıb göstərdi. Bax belə çıxışlar etmək gərəkdir.” Dünya miqyaslı böyük bir şəxsiyyətin, peşəkar dövlət xadiminin mənim kimi gənc bir adamın haqqında dediyi bu sözlərdən sanki qanad açıb uçmaq istəyirdim. Heydər Əliyevin bu sözləri mənim az-çox xidmətlərimə verilən çox böyük qiymət, Heydər Əliyevin kimsəyə bənzəməyən qədirbilənliyi, haqqı nahaqqa verməməsi idi. Fürsətdən istifadə edərək bu gün də Ulu Öndərin ruhu qarşısında səcdə edirəm. Həmin müşavirədə milli təhlükəsizlik naziri Namiq Abbasov və baş prokuror Eldar Həsənovun arxasında hörmətli Bəylər Əyyubovla yanaşı oturmuşdum. Heydər Əliyevin bu sözlərindən sonra o mənim əlimi sıxıb təbrik etdi. İnsaf naminə deməliyəm ki, rəhbərin barəmdə dediyi xoş sözlərə görə o da çox sevinmişdi. Müşavirə qurtardı və mən evə tələsərək rəhmətlik atamla sevincimi bölüşmək istədim. Hardan biləydim ki, sevinməyimə məni peşman edəcəklər. Səhər tezdən əhvalım tamamilə korlandı. Demək olar ki, ölkə mətbuatının manşetini bəzəyirdim. Barəmdə elə iftiralar, elə uydurmalar yazılmışdı ki, adamın damarlarında qan donurdu. Atamın zəng vurub “oğlum, bu nə biabırçılıqdır, bütün qəzetlər səndən yazıb” deyərək dəstəyi asması məni lap hövsələdən çıxardı. Mən fikir burulğanının içərisində neynəyəcəyimi götür-qoy edirdim. Bu zaman prezidentin köməkçisi hörmətli Taryel Ağayev mənə zəng edərək yerimdə olmağımı, prezidentin mənimlə danışacağını bildirdi. Təxminən saat yarımdan sonra Taryel müəllim təkrar zəng edərək məni prezident Heydər Əliyevlə telefona qoşdu. Salam-əleykdən sonra “Sabir, sən neçə yerə işləyirsən?” sualıyla məni şoka saldı. Nə deyəcəyimi bilmədim. Susmağımı görüb yenidən soruşdu ki, niyə susmusan, niyə danışmırsan? Bu nə məsələdir? Cavab verdim ki, cənab prezident, bir söz demək istəyirəm, amma qorxuram. Baltanı kökündən vurub dedi ki, bu cür əməl sahibləri gərək heç nədən qorxmasın, danış, dinləyirəm səni. Əhvalım daha da pisləşdi ki, deməli, prezident barəmdə yazılan bu iftiralara inanıb. Özümü toparlayıb Ulu Öndərdən xahiş etdim ki, bir daha məni tərifləməsin. Yenə ağzımdan vurdu ki, sən mənə yol göstərirsən? Susdum. Azca pauzadan sonra qayıtdı ki, Sabir, sən qəti narahat olma, mən bilirdim ki, bu cür böhtanlar indi səni üzür, ona görə sənə telefon açdım. Qətiyyən ruhdan düşmə və işlərini davam etdir. Bilirəm ki, bu yazıları kimlər və niyə yazdırıb. Bunu deyib xudahafizləşdi. Elə bil üstümdən dağ götürüldü. Rahat nəfəs alıb qəzetləri bir daha vərəqlədim. Biri Vəzirova, o biri Mütəllibova, başqa biri Etibar Məmmədova, hətta Müsavata və Xalq Cəbhəsinə işlədiyimi yazırdı. Dərd burasındadır ki, həmin yazıları yazdıranlar indi də bu əməllərindən əl çəkməyiblər. Ona görə də bu xatirəni söylədim. Yeri gəlmişkən, barəmdə bu günədək ölkə rəhbərliyinin və cəmiyyətin qarşısında ardıcıl qarayaxmalarla məşğul olanların özləri barədə çox dolğun siyasi portret hazırlamışam, bitirib elə sizin sayta təqdim edəcəm. Bu adamlar ya öz əməllərindən əl çəkməlidirlər, ya da mən də onlara qarşı bildiklərimi açıqlayacam. Özü də mənim deyəcəklərimin çoxsaylı şahidləri var və şükr Allaha ki, hamısı sağdır, əksəriyyəti də yüksək postlarda oturub. Deyim ki, həmin portretdə bəziləri özünü görəcək və Heydər Əliyevin vaxtilə həmin personalarla bağlı dediyi fikirlər də olduğu kimi yer alacaq. Adamın bir insafı olar, elədiyinizi elədiniz, daha bəsdir, əl çəkin bu işlərdən…

-Eldar müəllim, oxu atıb yayı niyə gizlədirsiniz? Sizə qarşı bu cür kampaniyanın müəlliflərini tanıyırsınızsa niyə adlarını açıqlamırsınız?

-Hələlik bu qədər yetər. Söz yerinə düşdüyünə görə həmin epizodlardan birini dedim. Bilənlər bilir mən kimləri nəzərdə tuturam. Təbii ki, bu ittihamlarım hamıya aid deyil. Amma burdan həmin şəxslərə səslənirəm-İlham Əliyev təkcə sizin prezidentiniz deyil. Təkcə siz ona sadiqlik göstərmirsiniz. O sizlərin deyil, xalqın prezidentidir və sizlərdən fərqli olaraq o kimsəyə zərər vermədən, dostları xərcləmədən, tərəfdarlarının və pərəstişkarlarının qəlbini qırmadan kişi kimi siyasət aparır, təkcə dövlətçiliyi, hakimiyyəti deyil, elə sizlərin özünü də bəlalardan qoruyur. Heydər Əliyevin və İlham Əliyevin portretlərini başınızın üstündən asaraq müxtəlif qaranlıq işlərlə məşğul olursunuz, ev yıxırsınız, camaata pislik edirsiniz, bu əməllərinizinsə bədəlini hakimiyyət və onun rəhbəri ödəməli olur. Doğrudanmı sizlər bunun fərqində deyilsiniz? Təbii ki, prezident İlham Əliyevin mənim müdafiəmə qətiyyən ehtiyacı yoxdur. Onu Allah müdafiə edir. Amma axı ölkədə gedən inkişafdan, həyata keçirilən möhtəşəm layihələrdən bir qələm əhli kimi bizlərin də yazmağına niyə qısqanclıqla yanaşılır? Qəzet səhifələrində şəklimizi görüb niyə yuxuları ərşə çəkilir? Dərhal adamı gözümçıxdıya salırlar ki, deyəsən nəsə umacağı var, buna görə yarınır, hətta yaltaqlanır. Məni tanıyanlarsa bilir ki, yaltaqlanmaq xarakterimə yaddır və kimlərsə sədaqəti, dönməzliyi öz arşınlarıyla ölçərək insanlara haqq etmədiyi yarlıqları yapışdırmağa çalışmasınlar. İnanın ki, heç bir vəzifədə və ya mandatda gözüm yoxdur, rahat olun. Qoy bütün vəzifələr, yağlı postlar sizin olsun, amma heç şübhə etmirəm ki, Heydər Əliyevin və İlham Əliyevin verdiyi çörək bir zaman burnunuzdan töküləcək. Buna əmin ola bilərsiniz.

-Sizin bu cür sərt açıqlamanız müxalif mətbuata bir neçə günlük mövzu vermiş oldu…

-Zənn etmirəm. Çünki müxalifət mətbuatı deyilən bir şeyi qəbul etmirəm. Onsuz da heç kimə sirr deyil ki, həmin adamlar əllərindəki vəsaitlərin hesabına əks düşərgənin təbliğat ruporlarına da yol taparaq onları öz çirkin maraqlarına xidmətə yönləndirə biliblər və bu vəsaitdən özlərinin tam toxunulmazlığı üçün məharətlə istifadə edirlər. İnanmırsınızsa 5-6 ayın informasiya məkanını monitorinq edin görün həmin adamların əleyhinə bircə cümlə yazılıbmı? Təsəvvür edin ki, prezident İlham Əliyev barədə saymaqla qurtarmayan haqsız, əsassız, qərəzli materiallar olsa da bunlar haqqında bir cümlə də tənqidi materialla rastlaşa bilmərsiniz. Bax budur bu insanların mahiyyəti. Prezidenti qərəzli olsa belə tənqid edə bilərlər, təki onlara dəyib-dolaşan olmasın.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …

Bir cavab yazın