Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “HEYDƏR ƏLİYEVİN CƏLAL ƏLİYEV KİMİ QARDAŞI OLMASAYDI…”

“HEYDƏR ƏLİYEVİN CƏLAL ƏLİYEV KİMİ QARDAŞI OLMASAYDI…”

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyev akademik Cəlal Əliyevlə bağlı xatirələrini bölüşüb. AZİNFORUM.AZ moderator.az-a istinadən həmin müsahibəni təqdim edir.

Əli Nağıyev öncə Cəlal Əliyevin qardaşı Heydər Əliyevin yolunda göstərdiyi misilsiz xidmətlərindən danışıb: “Azərbaycanda “Heydər Əliyevi hakimiyyətə mən gətirmişəm” deməyə yalnız bir nəfərin, Cəlal Əliyevin haqqı çatırdı. Cəlal Əliyev Heydər Əliyevin Moskvadan qayıtdıqdan sonra hava limanında qarşılanmasından tutmuş bütün digər məsələlərdə, o cümlədən, Heydər Əliyevə Ayaz Mütəllibov tərəfindən edilən hücumlarda sanki qardaşının cangüdəni idi. O zamankı hadisələrdə Cəlal Əliyev Ali Sovetin qapısında durub gözləyirdi ki, Heydər Əliyev iclasdan çıxsın və onu müşayiət eləsin. Cəlal Əliyev həm də boksçu idi, tələbəlik illərində boksla məşğul olmuşdu və arxayın idi ki, Heydər Əliyevi həm də fiziki tərəfdən qoruya bilər. Ardınca heç kimin getməyə cəsarət etmədiyi zamanlarda Heydər Əliyevi müşayiət edən, onu bağrına basan, evində yer verən məhz Cəlal Əliyev oldu. Cəlal Əliyevin Heydər Əliyevin yolunda etdiyi xidməti heç kim etməyib və mən bunu cəsarətlə deyirəm”.

Sabiq nazir daha sonra Cəlal Əliyevin Yeni Azərbaycan Partiyasının yaranmasındakı rolundan bəhs edib: “Cəlal Əliyev Yeni Azərbaycan Partiyasının qurulmasında da birbaşa xidməti olan şəxsdir. Demək istəyirəm ki, müəllimim olmasa belə məni Leninqrada aspiranturaya oxumağa Cəlal Əliyev göndərmişdi. Ona görə də Cəlal Əliyevlə yaxın münasibətim var idi. Ancaq 1985-ci ildə həmin münasibətlərimiz qırılmışdı, çünki mən onun yanından çıxıb Kosmik Tədqiqatlar İnstitutuna işləməyə getmişdim. Həmin vaxtdan 1992-ci ilə qədər onunla görüşməmişdim. 1992-ci ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlı məsələyə görə Cəlal Əliyevlə görüşməli oldum. Öz istəyimlə onun o vaxt oturduğu “Bioçentr”ə getdim və niyyətimi açıqladım ki, siz Heydər Əliyevlə danışın. Bildirin ki, Heydər Əliyev Azərbaycana qayıtmaqdan imtina etmirsə, mən gedib Əlincə cəmiyyətinin iclasını keçirim və onun namizədliyini irəli sürüm. Həmin gün Cəlal Əliyevin mənə qarşı olan hirsi, hiddəti götürüldü, ipək kimi oldu və orada bir xeyli söhbət etdik. Düzdür, o, Heydər Əliyevlə həmin anda danışıb mənə bir xəbər demədi, ancaq Cəlal Əliyevin danışığının tonundan mən qərara gəldim ki, bunu etməliyəm və bu lazımdır. Həmin vaxtdan Cəlal Əliyevlə münasibətlərim yenidən bərpa olundu. Bundan sonrakı məsələlər barədə müsahibələrimdə geniş danışdığıma görə bir daha həmin məsələlərə qayıtmaq istəmirəm.

YAP-ın yaradılması ilə bağlı təklifimizi Heydər Əliyevə çatdırması üçün Cəlal Əliyevə deyəndə mənə belə cavab vermişdi: “Heydər Əliyev deyir ki, çirkin adamlar gəlib həmin partiyaya dolacaq və mənim adımı ləkələyəcək”. Ancaq mən bu məsələdən geri çəkilmədən ilk əvvəl Cəlal Əliyevin razılığını aldım, çünki bilirdim ki, Cəlal Əliyevin Heydər Əliyevə təsiri böyükdür. Cəlal Əliyev Heydər Əliyevin ikinci dəfə Azərbaycana qayıtması üçün bütün təkliflərin arxasında dururdu. O cümlədən də məni həmin işləri görməyə həvəsləndirən şəxs idi. O zaman Cəlal Əliyev mənə əlyazma şəklində bir siyahı vermişdi və tapşırmışdı ki, siyahıda adı yazılan şəxslərin yanına gedib onun adından YAP-ın təşkilatlanması işlərinə kömək etmələrini çatdırım. Öz xətti ilə yazdığı həmin əlyazma indi də məndə qalır və nə zaman istəsəniz sizə təqdim edə bilərəm”.

Ə.Nağıyev son olaraq hər iki mərhuma Allahdan rəhmət diləyib: “Həmin vaxtdan sonra Cəlal Əliyevlə mütəmadi əlaqə saxlamışam, istər buradakı, istərsə də Zaqulbaqadakı bağ evində tez-tez görüşlərimiz olub. Elə hallar olub ki, gecə saat birdə mənə zəng vurub evinə çağırırdı.

Bugünkü Azərbaycanın qurucusu, müəllifi Heydər Əliyevdirsə, Heydər Əliyevin də bir nömrəli arxası Cəlal Əliyev olub. Heydər Əliyevin Cəlal Əliyev kimi qardaşı olmasaydı, bəlkə də o, heç hakimiyyətə gələ bilməzdi!

Allah onlara qəni-qəni rəhmət eləsin!”

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın