Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Heydər Əliyev gördü, anladı və qərar verdi

Heydər Əliyev gördü, anladı və qərar verdi

Müəllif: Aleksandr Karavayev

1991-ci ilin avqust hadisələri ilə bağlı çoxlu fərqli ehtimal və dəyərləndirmələr var, onların hamısı bir nöqtədə kəsişir – həmin günlər artıq Sovet respublikalarının nüvəsində – Rusiya, Qazaxıstan, Ukrayna və Belorusiyada dezinteqrasiya proseslərini dönməz etdi.

Məlum olduğu kimi, mərkəzdən uzaqdakı bölgələr, Qafqaz və Orta Asiya yeniləşmiş İttifaqın tərkibinə hansısa şərtlərlə daxil olmaq imkanını hələ nəzərdən keçirə bilərdilər, ancaq ümumittifaq qərarların qəbulunda artıq həlledici rol oynaya bilməzdilər. Üstəlik, Moldaviyadan Tacikistana qədər “periferiya respublikaları”nın siyasi meydanını etnik və milli münaqişələr bürümüşdü.

Otuz il keçəndən sonra yetərincə qanunauyğun nəticəni görürük – sərt siyasi karkası olan və milli liderə söykənən hakimiyyət sistemləri stressə daha davamlı oldu və dezinteqrasiyanın kollapsından sonra daha tez özünə gəldilər.  Söhbət ilk növbədə Heydər Əliyev və İlham Əliyevin Azərbaycanından, Vladimir Putinin Rusiyasından, İslam Kərimovun Özbəkistanından, Aleksandr Lukaşenkonun Belarusundan gedir. Onlar “güclü prezident dövləti”ni saxlamağa və nəsillərin dəyişməsinə, müxtəlif iqtisadi risqlərə adaptasiya etdirməyə nail olmuş ölkələrdir. 

Sonuncu Sovet islahatlarına cəhd

İttifaqın güc strukturlarının rəhbərlərinin SSRİ-də fövqəladə vəziyyət tətbiq etmək cəhdini çox vaxt qeyd olunan “əvvəlki SSRİ-ni islah etmək”dən daha çox, güc yolu ilə yeni İttifaq yaratmağa yarıtmaz cəhd kimi dəyərləndirmək lazımdır.  Paradoks ondadır ki, Sovet güc rəhbərləri və Sovet liberalları eyni istiqamətdə hərəkət edirdilər, ancaq sonda əldə etmək istədikləri nəticənin aydın obrazını görmürdülər.  Siyasi liberallaşma, əsas fondların və istehsal vasitələrinin özəlləşdirilməsi, xüsusi mülkiyyətin yaranması, ideologiyanın keçmişdə qalması prosesləri artıq 1991-ci ilin əvvəlində obyektiv reallıqlar idi və onları avqustda ləğv etmək, geriyə dönmək mümkün deyildi. Bunu QKÇP üzvləri yaxşı anlayırdılar.

Bu nəticəni o fakt da təsdiqləyir ki, gələcək QKÇP üzvü Valentin Pavlovun hökumətindəki iqtisadi proqram üzrə işçi qrupunun tərkibində fəal rolu 1994-97-ci illərdə Rusiyanın iqtisadiyyat naziri, daha sonra Ali iqtisadiyyat məktəbinin elmi rəhbəri olacaq iqtisadçı Yevgeni Yasin oynayırdı. O, 1985-1991-ci illərdə SSRİ nazirlər sovetinin sədri olmuş Nikolay Rıjkovun iqtisadi proqramını işləyib hazırlayanlardan biri idi, sonra isə Qriqori Yavlinskinin “500 gün” proqramının tətbiqi adaptasiyasına  cəhddə əhəmiyyətli rol oynamışdı. 

Həm liberallarda, həm də mühafizəkarlarda iqtisadi vəziyyətin dəyərləndirilməsi və hərəkət planı təklifləri ilə praktik olaraq eyni Moskva və Sankt-Peterburq iqtisadçıları məşğul idilər. Hər halda, 1992-ci ilin əvvəlinə qədər.

Yavlinskinin proqramı kimi, Pavlovun proqramı da istehsalçılar üçün vergi güzəştlərinin tətbiqini, ticarət-satınalma kooperativlərinin fəaliyyətinə məhdudiyyətlərin ləğvini nəzərdə tuturdu.  Atılan addımların oxşarlığı fonunda proqramların fərqi yalnız dəyişikliklərin sürətində və sosial adaptasiya mexanizmlərində idi.

1991-ci ilin yazında Pavlov SSRİ Dövlət bankını hökumətin nəzarətinə qaytarmağı və özəlləşdirməni 10 il müddətinə uzatmağı təklif edir.  O, postsovet iqtisadiyyatını 1990-ların sonlarına qədər zəbt edən barterlə mübarizə aparmağı, qiymətyaranmanı (vergilərin satış vasitəsilə tənzimi) nəzarətə götürməyi, əmək haqlarında islahatı təklif edir – bu təkliflərin çoxu Moskvada hələ də müzakirə olunmaqdadır, təbii ki, müasir reallıqlarda.

Yavlinskinin proqramının fərqi təkliflərin reallaşması sürətindən əlavə, həm də gəlirlərin əldə olunmasına yeni yaranmaqda olan orta sinfin daha geniş şəkildə cəlb edilməsində idi.  Pavlovun proqramında mənzillərin azad dövriyyəyə buraxılması 1992-1993-cü illərdən tez olmayaraq təklif olunurdu. O vaxtadək isə daşınmaz əmlak bazarına daxil olan ev təsərrüfatlarının gəlirlərinin artmasını, həmçinin daha böyük vəsaitlərin axması hesabına daşınmaz əmlakın kapitallaşmasının yüksəlməsini nəzərdə tutan əməkhaqqı islahatları həyata keçirilməliydi.  Xatırlayırıq ki, o vaxtlar mənzillər dəyər-dəyməzinə satılırdı, bununla belə onları almağa yalnız peşəkar və administrativ elitanın dar çevrəsinin, ilk sahibkarların imkanı çatırdı…

Parçalanmanı müvəqqəti saydılar…

Müasirliyin yüksəkliyindən baxanda, ümumittifaq məkanının nəinki sürətlə adaptasiya olunacağına, həm də onun vahid orqanizm kimi qala biləcəyinə sadə inam çox sadəlövh görünür. Bunu tarixçi Roy Medvedev çox yaxşı təsvir edib (kimə maraqlıdırsa, oxuya bilər: “Müasir Rusiyanın 10 siyasətçisi “, Moskva 2003). Məsələn, Qriqori Yavlinski 1992-ci ildə Nazarbayevin iqtisadi islahatlar üzrə məsləhətçisi olub, bu isə apriori olaraq rublun ümumi valyuta kimi saxlanmasından tutmuş ümumi tariflər və razılaşdırılmış iqtisadi proseslərə qədər sistem səviyyəsində heç olmasa ümumi qarşılıqlı  iqtisadi əlaqələrin mümkünlüyünü güman etməyə imkan verirdi. Hazırda bu, qəribə görünür, həmin vaxt artıq milli iqtisadiyyatları qururdular,  ancaq bunu ümumittifaq mexanizmlərinin “təmiri /düzəldilməsi”  strategiyası çərçivəsində edirdilər. Daha bir uyğun misal Oleq Soskovetsdir – Çernomırdinin hökumətindəki gələcək ağırçəkililərdən biri. O, 1992-ci ilin yazında Qazaxıstanın baş nazirinin müavini və sənaye naziri idi. 1992-ci ilin payızında Alma-Atada hətta “Soskovetsin komandası” formalaşmışdı. Məsələn, SSRİ-nin keçmiş iqtisadiyyat və proqnozlaşdırma naziri Vladimir Şerbakov Qazaxıstan prezidentinin xarici sərmayələrlə bağlı məsləhətçisi vəzifəsini tuturdu …

Əlbəttə, Nazarbayevə təcrübəli funksionerlər və mütəxəssislər gərəkdi.  Və o, öz kadrları möhkəmlənənə qədər tanıdığı “varyaqlar”ı cəlb edirdi.

Elə təəssürat yaranır ki, çoxları SSRİ-nin bənzərini saxlamaq istəyirdi, ancaq bunu necə etməli olduqlarını bilmirdi (Yavlinskinin “500 gün” proqramı da ümumittifaq proqramı kimi hazırlanmışdı),  digər məmurlar və iri sənaye aktivlərinin  rəhbərləri isə güman ki, vahid İttifaqı istəmirdilər, ancaqalternativi də bilmirdilər.  Qərarların qəbul olunduğu eşelonda atmosfer bu cür idi.

Oxşar mənzərə Heydər Əliyevin bir sıra müsahibələrini oxuyanda da yaranır. O, bəlkə də 1980-cı illərin əvvəllərində Sovet hakimiyyətinin  ali eşelonunda yeganə şəxsdir ki, hadisələrin hara yönəldiyini başa düşür və Azərbaycanı “sərbəst üzməyə” hazırlayırdı. 

 (https://www.kommersant.ru/doc/156945?fbclid=IwAR1M-tfPV044ro8cI403GcrHMNo6HQLkFRmz8oipn6v3bLLh0OD_Rg-Vecc)

Sual:  Sizin birinci katib vəzifəsində olarkən bir sıra fəaliyyətiniz sonralar bəzi analitiklərə həmin vaxt respublikanı müstəqilliyə hazırladığınıza dair nəticəyə gəlməyə imkan verdi.  Sizin vaxtınızda neft sənayesinin bütöv dövrü yaradıldı, dəniz neft hasilatı üçün platformalar zavodu tikildi,  Azərbaycan zabitləri korpusu formalaşdı və s. Doğrudanmı, siz hələ 1970-ci illərdə ehtimal edirdiniz ki, SSRİ dağılacaq?

Heydər Əliyev: – “Bəli, mən Azərbaycanın müstəqil olmasını istəyirdim, ilk növbədə iqtisadi cəhətdən.  Çünki, istənilən müstəqilliyin əsası iqtisadiyyatdır.  Məsələn, mən çoxlu elektrik və su stansiyaları tikdim. Moskvada mənə deyirdilər: bu nəyinizə lazım?  İzah edirdilər ki, bütün SSRİ-ni elektrik enerjisi ilə təmin edən Vahid  enerji sistemi var. Mən onlara bunun nəyə lazım olduğunu demirdim.  Deyirdim ki, bizdə yeni iş yerlərinin olmasını istəyirəm və s.  Mingəçevirdə 9 iri, hər birinin gücü 250 meqavatt olan  kompleksləri, Kür SES-i tikdim, Yenikənd SES-in tikintisinə başladım.  Sonra tikinti dayandı. Yeri gəlmişkən, mən dönəndən sonra Dünya bankından kredit götürdüm, onu sonadək tikdim və istismara verdim…

Bütün bunları etməyə mənə imkan vermirdilər.  Təkcə dərin özüllər zavodu üçün Sovet büdcəsindən $400 mln ayırdılar Mən bilirdim ki, Xəzərin dərinliyinə getməliyik. Mən bilirdim. Ona görə də bunu etdim. İndi isə həmin zavod bizim çox karımıza gəlir.  

Mən istəyirdim ki, ölkəm və xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin. Artıq 1970-ci illərdə Sovet İttifaqı böhran keçirirdi. Hərbi gücü qüdrətli idi, ancaq iqtisadiyyatı enirdi. SSRİ iqtisadi rəqabətə tab gətirmədi “.  

* * *

SSRİ-nin süqutunun çoxsaylı səbəbləri – siyasi, iqtisadi, növbələşən texnogen və milli fəlakətlər, üstəgəl şəxsiyyətin təsiri faktoru – arasından “əsas bir səbəb”i ayırmaq çətin və perspektivsizdir.  Göz önündə bütün mənzərəni canlandırmaq lazımdır.

Bir tədqiqatçı kimi şəxsən mənim üçün “tətik” rolunu şaquli dövlət idarəçiliyi mexanizmində çatlar oynadı – bu, üç onillikdir uzanan postsovet tranzitinə təsir edən əsas tarixi hadisə oldu.

Artıq bu prosesin yekunları göstərir ki, şaquli şəxsləşdirilmiş hakimiyyətin daha davamlı strukturlarına iqtisadiyyatın liberal nizamlanması mexanizmi nəhəng ehtiyat fondlarında olan zəngin xammal ixracatçıları çevrildilər. Onların dünya bazarında  SOCAR, Qazprom, Belaruskaliy səviyyəsində bir və daha çox şirkəti, xırda və orta biznesdə nisbi azadlıq var.  Və əsas imtahan meyarı –  siyasi sistemin stabilliyinin saxlanılmasının siyasi prosedurunun  saz işləyən  alətidir:  seçkilərdən konstitusiya islahatlarına qədər və burada elitalar üçün konsensus  olacaq varisin namizədliyinin bir və ya daha çox dövr üçün irəli sürülməsi imkanı da nəzərdə tutulur. Bunun öhdəsindən Rusiya, Qazaxıstan, Azərbaycan daha yaxşı gəlir.  Özbəkistan da bu vektordadır, o da bu modeldə öz potensialını inkişaf etdirə bilir. Belarus da Rusiyaya istinadla bu cür inkişaf edir.

Görək, postsovet tranzitinin ümumi taleyini anlamaq üçün 2020-ci illər bizə nə verəcək. 

virtualaz.org

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …