Ana səhifə / Aktual / Hesablama Maşınları Zavodu 1 mənzili 3 vətəndaş arasında “hesablaya bilmir”

Hesablama Maşınları Zavodu 1 mənzili 3 vətəndaş arasında “hesablaya bilmir”

Sultan Həsənova:“Hər an evimizdən çıxarıla bilərik”

“1987-ci ildə Bakı Elektron Hesablayıcı Maşınlar zavodu gənc mütəxəssis kimi həyat yoldaşım Həsənov Firdovsiyə Əhmədli qəsəbəsində zavodun balansında olan binalardan birindəki mənzildə 1 otaq ayırıb. Həmin mənzilin digər otaqları isə Eldəniz Məmmədova və Şamil Şükürova verilmişdi. Çox çətinliklə 3 ailə bir mənzildə yaşamışıq. Firdovsi uzun illər BEHM-də mühəndis işləyib. Ancaq bir neçə il öncə ağır xəstəlik tapdı. İndi yataq xəstəsidir. İ qrup əlildir. Yaşayış şəraitimizi təsəvvür eləmək üçün 5 dəqiqə bizim evdə olmaq yetərlidir. İllərdir zavoda mənzilimizin özəlləşdirilməsi üçün müraciət edirik. Ən müxtəlif bəhanələrlə bizi əliboş yola salırlar”.

Bu sözləri müsavat.com-a Firdovsi Həsənovun həyat yoldaşı Sultan Həsənova deyir. Həyat yoldaşının müalicəsi üçün vəsait əldə eləməyə çalışan S.Həsənova hüquqlarının bərpa edilməsini istəyir: “Bu 12 kv-lik otaqda 3 övlad böyütmüşəm. 3-ü də ali məktəbi “qırmızı diplom”la bitirib. Oğlanlarımın biri elə bu evdə vəfat elədi. Bütün səbəblər də şəraitsizlik, çətinlik… Digər oğlumla, qızım isə yaşamaq şərtlərinin ağırlığından Gədəbəyə, qohumlarımızın yanına köçüblər. Orada işləyirlər. Həyat yoldaşımla illərlə bu evin sənədlərinin alınması üçün zavodun, Bakı şəhər İH-nin, Xətai Rayon İcra Hakimiyyətinin, ərazi üzrə Milli Məclis üzvlərinin qapılarında qalmışıq. Zavod deyir, mənzil Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır, Xətai İH və Bakı İH deyir, zavodun… Yaşadığımız mənzillə bağlı doğru-düzgün informasiya da əldə edə bilmirik. Dəqiqləşdirmişəm, bina hələ də Bakı Elektron Hesablama Maşınlarının balansında qalıb. Zavod rəhbərliyi ilə bu haqda dəfələrlə söhbətimiz olub. Nəinki kömək eləmirlər, hətta söz də vermirlər, yol da göstərmirlər”.

Sultan Həsənov deyir ki, digər otaqlar artıq ikinci sahiblərindədir: “Biz bu mənzilə köçəndə yeni evlənmişdik, otaq seçimində həyat yoldaşım üstünlüyü digər gənc ailələrə vermişdi. Çünki onların övladları vardı. Ən kiçik otaq bizdədir. Digər otaqlarda yaşayanlar artıq zavod rəhbərliyi ilə anlaşaraq həmin otaqları başqa şəxslərə satıblar. Yeni sakinlərin zavodla heç bir əlaqələrinin olmamasına baxmayaraq onları sənədlərdə zavodun işçisi kimi göstəriliblər. Zavodun harada yerləşdiyini bilməyənlərə BEHMZ-də Əmək Kitabçası açılıb. Hər saxtakarlığa gediblər ki, o otaqlar satılsın”.

Soltan Həsənovanın dediyinə görə, hüquqlarını müdafiə etmək üçün Dilarə Əliyeva adına Qadın Hüquqları Mərkəzinin dəstəyi ilə məhkəməyə də müraciət edib: “1987-ci ildə biz burada yaşayırıq. SSRİ dağılandan sonra Bakıda minlərlə mənzildə eyni şərtlər altında olan insanlar yaşayıb. Onların çoxu mənzillərini özəlləşdirib. Çünki qanun buna icazə verir. Biz isə heç cür hüququmuzu bərpa edə bilmirik. Həyat yoldaşım bütün ömrünü, biliyini o zavoda xərcləyib, ancaq indiki xəstə halıyla çalışdığı təşkilat 30 il yaşadığı mənzillə bağlı hüquqlarını təmin eləmək üçün onda dəstək olmur. Məhkəmə çəkişmələrimiz də nəticəsizdir. Zavodun vəkillərinin gətirdiyi qalaq-qalaq sənədlərdə bizim belə bir hüququmuzun olmadığı sübut olunur. Maraqlıdır, bəs, zavodda işləməyə-işləməyə insanlara necə ev verilir?”.

Sultan Həsənova mənzildən çıxarılma təhlükəsi ilə üz-üzə qaldıqlarını bildirir: “Qonşulardan biri ümumiyyətlə mənzilə gəlmir. Digərinin ailəsi Almaniyaya mühacirət edib. Yəqin yaxınlarda o da mənzilini satıb gedəcək. Hər an evdən çıxarılacağımızı gözləyirəm. Çünki, əlimizdə sənəd olsa da həmin sənədlər bizim mənzil üzərində mülkiyyət hüququmuzu təsdiqləmir. Yalnız yaşamaq hüququmuz var. Zavod rəhbərliyinin, rayon, şəhər İH-nin mənzilin mülkiyyət hüququnu kimə verəcəyi böyük sual altındadır. Bizim nə doğma Gədəbəydə, nə də Bakıda yaşamağa başqa yerimiz yoxdur. Gədəbəydən həyat yoldaşım 17 yaşında çıxıb, ali təhsil alıb və Bakıda qalıb. Evsizlik, övladımızın faciəsi onu yataq xəstəsi edib. Çarəsizəm…”

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …