Ana səhifə / Aktual / Hazırlıq qruplarının açılması niyə ləngiyir? – Nazirlər Kabinetində MÜZAKİRƏ

Hazırlıq qruplarının açılması niyə ləngiyir? – Nazirlər Kabinetində MÜZAKİRƏ

“Təhsil haqqında”qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub.

Hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçimində iştirak etməyən abituriyentlərin qəbul ediləcəyi nəzərdə tutulub. 14 iyun 2017-ci ildə isə Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Sənədə əsasən, 2018-ci tədris ilindən etibarən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi. Lakin Təhsil Nazirliyindən mediaya verilən açıqlamada hazırlıq qrupları ilə bağlı planın dəyişdiyi və hazırlıq qruplarının növbəti tədris ilindən fəaliyyətə başlayacağı bildirilib.

Prosesin uzadılmasına  səbəb hazırlıq qruplarında təhsil alacaq oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlıdır. Çünki hazırki qanunvericiliyə əsasən, yalnız bakalavr, magistr və doktorantura pilləsində oxuyanlara möhlət hüququ verilir. Hazırlıq qruplarında oxumaq istəyənlərin yaşının 17-18 civarda olduğunu nəzərə alsaq, onlara möhlət hüququnun verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir.

 

Hazırda məsələ Nazirlər Kabinetində müzakirəyə çıxarılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi ilə Nazirlər Kabineti arasında mövzuyla bağlı müzakirələr davam edir.

 

Modern.az saytı məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlayıb.

Akif Əli bildirib ki, Nazirlər Kabinetində müxtəlif sənədlər üzərində iş aparılır.

“Amma son nəticədən hanısının qərar olaraq üzə çıxacağı barədə məlumatım yoxdur. İndi hansı prosesin getdiyini bilmirəm. Ola bilər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi ilə Nazirlər Kabineti arasında mövzuyla bağlı müzakirələr getsin. Ancaq bu barədə məndə kankret məlumat yoxdur”,-deyə Akif Əli bildirib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …