Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Hava limanlarında viza verilməsinə başlandı

Hava limanlarında viza verilməsinə başlandı

2018-ci ilin may ayından etibarən 15 ölkənin vətəndaşlarına hava limanında elektron qaydada viza verilişinə başlanılıb. Bundan əvvəl də aeroportda viza verilirdi, amma yeni sistemin fərqi ondan ibarətdir ki, insan amili tamamilə aradan qaldırılıb.

Virtualaz.org xəbər verir ki, bunu ASAN Xidmətin sədri Ülvi Mehdiyev jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, bu gündən etibarən əcnəbi ölkə vətəndaşları hava limanında quraşdırılmış xüsusi terminallar vasitəsilə pasportlarının məlumatlarını daxil etməklə özləri maksimum iki dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola biləcəklər.

“Biz maksimum çalışmışıq ki, proses tam şəffaf həyata keçirilsin. Terminaldan istifadə qaydasını bilməyən insanlara bizim buradakı əməkdaşlarımız kömək edəcəklər. Hazırda 14 terminal quraşdırılıb, bundan başqa bank pəncərəsi də fəaliyyət göstərir. Vətəndaşın istəyindən asılı olaraq ödənişi kart vasitəsilə və ya banka nağd şəkildə ödəmək mümkündür”.

Gələcəkdə ASAN viza verilən ölkələrin sayının artırılmasına gəlincə isə Ü. Mehdiyev bildirib ki, bu, hökumətin qərarı ilə və ikitərəfli qarşılıqlı razılaşma ilə həyata keçirilir. Bu ölkəlırin sayı artırılarsa, biz də avtomatik olaraq aeroportda viza verilməsini təmin edəcəyik.

Ü. Mehdiyev həmçinin bildirib ki, gələcəkdə Gəncə, Lənkəran, Qəbələ və digər hava limanlarında da növbəti bir ay ərzində sistemin tətbiqinə başlanılacaq.

ASAN Xidmət rəhbəri həmçinin xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarına da gələcəkdə bu xidmət vasitəsilə viza verilməsi məsələsinə toxunub: “Biz bununla bağlı xarici ölkə səfirlikləri ilə danışıqlar aparırıq. Çünki bu bizdən asılı olan məsələ deyil. Amma bu barədə iş gedir”.

Ü. Mehdiyev həmçinin qeyd edib ki, Yaponiya vətəndaşları üçün ödənişsiz, Türkiyə üçün 10, digər ölkələr üçün 20 dollar viza ödənişi müəyyən olunub.

Xatırladaq ki, 2017-ci ilin may ayından etibarən ASAN vizanın verilişinə başlanılıb və indiyə qədər 430 mindən çox şəxsə viza verilib.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …