Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Aktual / Hansı hakimlərin və vəkilin adından rüşvət tələb olunub? – Polkovnikin şok əməlləri

Hansı hakimlərin və vəkilin adından rüşvət tələb olunub? – Polkovnikin şok əməlləri

1963-cü il təvəllüdlü Bahadır Qocayev başqasını əmlakını ələ keçirməkdə və vəzifəli şəxsə rüşvət verməyə təhrik etməkdə ittiham olunub.

Azinforum.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bahadır 2021-ci il avqustun əvvəlindən 2021-ci il sentyabrın 17-dək Bakı sakini Rövşənə yüksək vəzifəli şəxslərlə yaxın münasibətinin olduğunu nümayiş etdirib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 19 may tarixli hökmü əsasında Cinayət Məcəlləsinin 240.3.2-ci (güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib və 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Elşən Kamil oğlu Ömərovun azadlığa buraxılmasına kömək edəcəyini yalandan vəd verib.

Bahadır bunun müqabilində Rövşənin 70.000 manat məbləğində əmlakını ələ keçirməyə hazırlıq görüb.

Rövşənlə mütəmadi əlaqə saxlayıb, Nizami küçəsində yerləşən “Şaurma №1” kafesində görüşərək sövdələşib. Bununla onu 70.000 manat məbləğində rüşvət verməyə təhrik edib.

Bahadır ondan imkanının olmaması haqqında cavab aldıqda Rövşəni hədələməklə razılaşdıqları pulu tələb edib. Lakin Rövşən Dövlət Təhlükəsizliyi Xidmətinə könüllü surətdə məlumat verməsi nəticəsində 2021-ci il sentyabrın 17-də Bahadır saxlanılıb.

İstintaq orqanı tərəfindən Bahadırın barəsində Cinayət Məcəlləsinin 28,178.3.2-ci (külli miqdarda dələduzluq əməli törətməyə hazırlıq görmə) və 32.4., 312.1-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Bahadır ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 1991-ci ildən 2017-ci il aprel ayına kimi polkovnik hərbi rütbəsində hazırda Dövlət Təhlükəsizliyi Xidməti adını daşıyan qurumda hərbi xidmətdə olub:

“2017-ci ilin martında ehtiyata buraxıldım. İki il əvvəl tanış olduğum Rövşənlə 2021-ci ilin iyul-avqust aylarında Nizami küçəsində yerləşən “Shaurma №1” adlı kafedə görüşdüm. Rövşən məhkəmə hökmünü mənə göstərdi və iki tanışının aptekdə işləyərkən polis əməkdaşları tərəfindən tutularaq birinin dörd il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu, digərinin isə azadlığa buraxıldığını, adı çəkilən dustağa dair cinayət işinin Bakı Apellyasiya Məhkəməsində olduğunu bildirdi. Məndən tanışlarım vasitəsi ilə azadlığa buraxılmasına köməklik etməyimi xahiş elədi. Bu məsələ ilə əlaqədar tanış vəkilə müraciət etdim. Vəkil işlə maraqlanacağını bildirsə də, mənə konkret söz demədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, göstərilən müddət ərzində Rövşən söhbətlərin birində məhkumun həbsdən azad edilməsi müqabilində onun ailəsinin 50-60 min manat verə biləcəyini söyləyib: “Ona ehtiyatlı olmağı məsləhət gördüm. Bir neçə müddət sonra vəkil hələ ki kömək edə bilmədiyini dediyindən mən də Rövşənə işin hələlik alınmadığını bildirdim. Dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməyə hazırlıq hərəkətləri ilə işin həlli müqabilində vəzifəli şəxsə rüşvət verməyə təhrik etməmişəm”.

İş üzrə şahid qismində ifadə verən Rövşənin sözlərinə görə, övladı mebel dəsti yığarkən tanış olduğu ev sahiblərinin qohumu Bahadırla sonradan yaxşı münasibətləri yaranıb:

“Tanışlıq zamanı Bahadir əvvəllər Astara-Lənkəran rayonlarında polis rəisi vəzifəsində çalışdığını bildirdi. 2021-ci ilin iyul-avqust aylarında Elşənin qohumu Zaurla görüşdüm. Zaur aptek işlədən tanışı Elşənin 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu bildirdi. Mən də onun yanında Bahadıra zəng etdim, ona həmin məsələni danışdım. O, məhkum olunan şəxs barədə sənədlərə baxmadan nə isə deyə bilməyəcəyini söylədiyindən bir neçə gün ötmüş “Shaurma №1” adlı kafedə görüşdük.

Elşənin azadlığa çıxmasının çətinliyini, buna görə 70.000-100.000 manat arası pul lazım olduğunu, lakin onun altı-səkkiz ay həbsdə qalmalı olduğunu, bunları kiməsə dedikləri təqdirdə onları aldada biləcəklərini, pulu boş yerə dağıtmamağı söylədi”.

Rövşən qeyd edib ki, bundan sonra Zaur işi Bahadırın vasitəsi ilə həll etməkdən imtina etsə də, Bahadır dəfələrlə ona zəng edərək pulun hazır olub-olmamasını təkidlə soruşub: “Elşənin azadlığa buraxılması məsələsi ilə bağlı artıq işə başladığını və lazımı şəxslərə söz verdiyini bildirdi, pulu verməkdən imtina etməsi halında Elşənin cəzasının ağırlaşacağı ilə hədələdi. Çox qorxduğum üçün ərizə ilə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim”.

Bahadır 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Sadiq Qurbanov – Küləkli hava şəraiti ilə əlaqədar yanğının qarşısını almaq çox çətinləşir

Təəssüf olsun ki, Şabran rayonunda baş vermiş yanğının küləkli hava şəraiti ilə əlaqədar qarşısını almaq …