Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Hamımız Ali Baş Komandanın “İrəli” əmrini gözləyirik…”- Aprel Şəhizimizin atası…

“Hamımız Ali Baş Komandanın “İrəli” əmrini gözləyirik…”- Aprel Şəhizimizin atası…

Bu gün Nərimanov rayon Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində aprel Şəhidimiz Mahir Sabir oğlu Mirzəyevın 24 yaşının tamam olmasıyla bağlı tədbir keçirilirdi. Tədbirə Moderator.az saytı olaraq Şəhidimizin ailəsi tərəfindən biz də dəvətliydik.
Səhər saatlarında Şəhidimizin məzarını ziyarət etdik. Anası Gülzar xanım, bacısı Aygün xanım və yaxınları göz yaşlarına hakim ola bilmədilər. Şəhidimizin ruhuna dualar oxuyub tədbirin təşkil edildiyi yerə qayıtdıq. Mahir Mirzəyev 1994-cü il fevralın 17-də Bakı şəhərində anadan olub. Orta təhsilini Fatmayi qəsəbəsində başa vuran Mahir Mirzəyev 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və sənaye” fakültəsinə daxil olub. 2015-ci ildə ali təhsilini başa vuran Mahir, Qafqaz Universitetində magistr pilləsinə qəbul olunduqdan sonra təhslini donduraraq hərbi xidmətə yollanıb.
Mahir evin tək oğludur. Onun Aygün adında bir bacısı var. Aygün də İqtisad Universitetində təhsil alır. İlk dəfə Gəncədə xidmətə başlayan Mahir, sonra xidmətini davam etdirmək üçün Tərtər rayonuna yollanır. O, yaxın qohumu Şəhid Fəxrəddin Qurbanlı ilə birlikdə xidmət edir. Aprel döyüşləri zamanı yaxın qohum olan Mahir Quliyev və Fəxrəddin Qurbanlı qəhrəmancasına Şəhid olurlar. Aprelin 9-da hər iki Şəhidimiz böyük izdihamla dəfn edilir.
Bu gün Mahirin doğum günü olsa da, çıxışlar zamanı hər bir Şəhidimiz anılırdı. Tədbirdə aprel Şəhidlərimiz Müşfiq Orucovun, Əbdülməcid Axundovun, Rəşad Niftəliyevin, Əlizaman İslamovun, Mahir Quliyevin valideynləri iştirak edirdilər.
Tədbir Nərimanov rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilirdi. Şəhidimizin atası göstərilən bu diqqət və qayğıya görə Nərimanov rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi. Şəhidimizin atası Sabir Mirzəyev çıxışı zamanı hamıya minnətdarlıq edərək, onlara belə bir gündə ancaq təsəlli lazım olduğunu bildirdi:
“Mən bütün Şəhid ailələrini salamlayıram. Şəhid olan əsgərlər hamısı bizim balalarımızdır. Biz onlardan ibrət götürməliyik. Aprel döyüşlərində ordumuzda və insanlarımızda çox böyük ruh yüksəkliyi var idi. Uşaqdan böyüyə hamı istəyir ki, torpaqlarımız işğaldan azad edilsin. Hamımız Ali Baş Komandanın “İrəli” əmrini gözləyirik. Bizim həmişə içimiz yanır. Hər an istəyirik ki, onların qisasın alaq. Düşmən artıq bizim gücümüzə bələddir. İndi Azərbaycan ordusunun ən ön sıralarda adı çəkilir. Ümid edirik ki, az qalıb yaxın vaxtlarda Şəhidlərimizin qisası alınaraq, torpaqlarımız işğaldan azad olunacaq. Şəhidlərimiz çox savadlı uşaqları idi. Onlar milləti, torpağı, öz canlarından yüksəkdə tutan əsgərlər idi, ona görə də canlarından keçərək Şəhid oldular. Ölkə başçımız İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığı nəticəsində bizlərə çox yüksək diqqət və qayğı göstərilir”.
Tədbirdə Şəhidimiz haqda çəkilən film nümayiş olundu. Filmdə Mahirin uşaqlıqdan bu günə kimi keçdiyi şərəfli ömür yolu haqda insanlara məlumat verildi. Tədbirdə çıxış edən Şəhid anaları övladı itkisinin ağır olmasına baxmayaraq, övladlarının Şəhid olmasına görə onlarla qürur duyduqlarını bildirdilər. Sonda biz də Şəhidimizin ailəsinə başsağlığı verib, oradan ayrıldıq. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …