Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Aktual / Hacıbala Abutalıbov Bakını yenə sökəcək

Hacıbala Abutalıbov Bakını yenə sökəcək

Sürüşmə zonasındakı  Bayıl sakinləri keçmiş icra başçısını axtarır

Yeni formalaşan Nazirlər Kabinetinin tərkibində 1995-ci ildən baş nazirin müavini vəzifəsində təmsil olunan Abid Şərifov yer almadı. Prezidentin sərəncamı ilə baş nazirin müavini vəzifəsinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov təyin olundu. Məlumatlara görə, Abutalıbova A.Şərifovun işləri həvalə olunub.

Abid Şərifov baş nazirin müavini olduğu ərəfədə şəhərdə söküntü-tikinti işləri ona həvalə olunmuşdu. Artıq bu işlərə Abutalıbov baxmalı olacaq.  Məlumata görə, BŞİH-in rəhbəri “Sovetski”dəki söküntü-tikinti işlərinə də cavabdeh olacaq. Artıq ərazidə yaşayan sakinlər köçürülmə ilə bağlı məlumatlandırılıblar. Gələn ayın əvvəlindən “Sovetski”də köçürülmənin növbəti mərhələsinə başlanılacaq.

Bu mərhələdə 2500-ə qədər evin sökülməsi nəzərdə tutulur. Sakinlərə bildirilib ki, hər hansı şikayətləri ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə və H.Abutalıbova müraciət etməlidirlər.

Abutalıbov hələ Bakı şəhər icra başçısı olduğu zaman onun haqqında sosial şəbəkələrdə, mətbuatda tənqidi fikirlər paylaşılırdı. İnsanlar onun Bakıda abadlıq işləri aparmalı olduğu halda, söküntülərə üstünlük verməsini bildirib, tənqid edirdilər. İndi isə Abutalıbovun işi elə bilavasitə sökmək olacaq. Görünən budur ki, bu dəfə H.Abutalıbov yüksək səviyyədə bacardığı işlə məşğul olacaq.

Bayıl yamacı ile ilgili görsel sonucu

Abid Şərifovun vəzifədə olduğu son aylarda Bayıl yamacında sürüşmə zonası aktivləşmişdi. Sakinlərin mətbuat vasitəsilə çağırışlarına baxmayaraq, baş nazirin müavini əraziyə gedib onlarla görüşməmişdi. Onlarla ailənin ərazidən köçürülməsi, onların kirayə mənzillərə yerləşdirilməsi prosesində də Abid Şərifov gözə dəymədi. “Yeni Müsavat” olaraq ötən ay ərazidən reportaj etdiyimiz zaman da sakinlər Abid Şərifovu axtarır, ondan kömək istəyirdilər. Şərifovun vəzifəsindən azad edilməsi ilə vəziyyət dəyişdi. Artıq Bayıl sakinləri Hacıbala Abutalıbovu axtarırlar. Sakinlərin vəziyyətlərində hər hansı bir dəyişiklik yoxdur. Onlardan bir çoxu verilən kirayə pulu ilə razılaşmayıb, evlərini tərk etməyiblər. Evlərini tərk edənlər isə kompensasiyanın az olacağından ehtiyat edib, narahatdırlar.

Elməddin Muradlı ile ilgili görsel sonucu

Ərazidəki mövcud durumla bağlı “Yeni Müsavat”a danışan sakin Elməddin Muradlı bildirib ki, onlara köçürülmə ilə bağlı konkret fikir deyilmir:

“İnsanlar da əvvəlki qaydada gündüzlər evlərinə gəlib, axşam da qohum evlərinə gedirdilər. Bir müddət öncə kirayə mənzillərdə yaşayanlardan geri qayıtmaq istəyənlər çox idi. İndi də elə onlardan bəziləri artıq geri qayıdıb, öz evlərində yaşayırlar. Ərazidə qaz yoxdur, su isə bəzən fasilələrlə verilir. İşığı da gəlib kəsmişdilər. Deyirdilər ki, burada yaşamağa icazə verilmir. Məlum idi ki, havalar isindikcə insanlar geri qayıdacaqlar. Deyim ki, bu hadisə indiki dövrdə baş versəydi, yəqin ki, heç kim evdən çıxmayacaqdı. Sadəcə olaraq, fevral ayı olduğu üçün hava soyuq idi. Qaz, işıq, su da kəsildiyi üçün insanlar evlərini məcbur qalıb tərk etdilər. İndi də hər gün bir fikir səsləndirirlər. Gah yapon mütəxəssis gəlir, gah  azərbaycanlı alimlər yoxlama aparırlar. Ancaq 3 aydan çox vaxt keçsə də, bütün bunlara rəğmən ortada konkret nəticə yoxdur. İnsanlar da bundan narahatdırlar ki, nə vaxta qədər belə davam edəcək. Birinin xeyir işi var, kimisinin də rəhmətə gedəni oldu. Son üç ay ərzində bizim məhəllədən 2 nəfər rəhmətə gedib. İndi bu adam harada məclisini yola versin? Çox çətindir. Konkret söz deyilmir ki, bizim aqibətimiz necə olacaq”.

E.Muradlı bildirib ki, hökumətin tərkibində edilən dəyişikliyin vəziyyəti bir qədər də uzadacağını düşünür: “Əvvəl Abid Şərifov nəzarət edirdi, indi isə Hacıbala Abutalıbov bu işə baxacaq. Onun isə işlə tanış olması, əraziyə gəlib baxması müəyyən zaman alacaq. Çətinliklərə baxmayaraq, sakinlər evlərinə dönmək fikrindədir. MİS-in, icra hakimiyyətinin kommunal xətləri kəsməsinə, təzyiqlərinə baxmayaraq, artıq insanlar geri dönürlər. Sizin ötən yazınızdan sonra ərazidə yenidən polis postu bərpa olunub. Maşında iki polis oturur, əraziyə nəzarət edir. Məhəllə isə bomboş qalıb. Camaatın çoxu evindəki əşyanın hamısını aparmayıb. Onlara isə nəzarət edilmir. Belə çıxır ki, camaat bir zamanlar Abid Şərifovu axtarırdı, indi də Abutalıbovun dalınca düşməlidir. İnsanlar əraziyə ona görə gəlir ki, öz evlərini qorusunlar. Kirayə pulunu elə veriblər ki, insanlar az qalırlar bir-birilərinin üstündə yatsınlar. O cür yerdə kirayədə qalınca, elə soyuq evlərinə dönüb, orada məskunlaşmağı üstün tuturlar. Ona görə də düşünürəm ki, yaxın bir-iki ay ərzində də məsələyə dair yekun qərar verilməsə, camaat kütləvi şəkildə evlərinə geri qayıdacaqlar. Proses buna doğru gedir”.

Həmçinin oxuyun

Bakcell və Coca-Cola sahilyanı təmizlik aksiyasında – Fotolar

Artıq 33 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 21-ni Beynəlxalq Sahilyanı …