Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Hacı Məmmədovun yeni sirli əsərləri ortaya çıxdı – O, hansı məmurun heykəlini düzəldib?

Hacı Məmmədovun yeni sirli əsərləri ortaya çıxdı – O, hansı məmurun heykəlini düzəldib?

İki gündür ki, medianın gündəmi 12 il həbsdə olan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili, “Qara kəmər” əməliyyatının “qəhrəman”ı Hacı Məmmədovun intihar etməsidir.

O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü asaraq həyatına qəsd edib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bildirilib ki, Hacı Məmmədovun üstündən onun yazdığı məktub tapılıb. O, həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını yazıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb. Hacı Məmmədovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

O, Azərbaycanda ən qatı cinayətkarlardan hesab olunurdu. Hacı Məmmədov 12 il öncə – 2005-ci il martın 10-da keçmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilmişdi. Məlum olmuşdu ki, Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çoxsaylı qətllər, adam oğurluğu və bu kimi qanlı cinayətlərdə əli olan mütəşəkkil dəstəyə rəhbərlik edib. Onun sifarişi ilə dəstə üzvləri tərəfindən bir neçə nəfərin amansızlıqla qətlə yetirildiyi araşdırma zamanı üzə çıxmışdı.

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilmişdi.

Dəstə üzvləri və general Z.Nəsirov məhkəmənin hökmündən sonra cəzaçəkmə müəssisələrinə köçürülsə də, H.Məmmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində saxlanılmışdı.

Zakir Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq o, azadlığa buraxılıb.

H.Məmmədov isə 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülmüşdü.

Hacı Məmmədov 12 il ərzində ailəsi ilə görüşməkdən imtina edərək yaxınlarından və vəkilindən üz döndərmişdi. Son bir neçə ilədək Hacı Məmmədovla bağlı məlumatları yalnız mərhum hüquq müdafiəçisi Elçin Behbudov mətbuata açıqlayırdı. Behbudovun ölümündən sonra Hacı Məmmədov haqda nadir hallarda hansısa məlumata rast gəlmək mümkün idi.

Qeyd edək ki, iki il əvvəl MTN ləğv ediləndən sonra Hacı Məmmədov kassasiya şikayəti qaydasında Ali Məhkəməyə müraciət etmişdi. Ancaq müraciətə rədd cavabı verilmişdi.

Ömürlük həbsə məhkum olunmuş Hacı Məmmədov MTN-in İstintaq Təcridxanasında saxlanılarkən rəsmlər çəkib.

Mərhum hüquq müdafiəçisi Elçin Behbudov bir neçə dəfə mətbuatda rəsmləri nümayiş etdirərək onların Hacı Məmmədova məxsus olduğunu söyləmişdi. Elçin Behbudov onun barəsində hələ 2015-ci ildə Modern.az saytına açıqlamasında bildirmişdi ki, Hacı Məmmədov həmişəki kimi bir nəfərlik kamerada saxlanılır: “Öz istəyi ilə heç kimlə görüşmək istəmir. O, bunu yaddan çıxmaq və unudulmaq məqsədi ilə edir. Evdən gələn azuqələri qəbul edir. Qanunvericiliyə görə o tipli məhkumlara nəzərdə tutulan qaydalar ona da şamil olunur. Hacı Məmmədovun kamerasında televizor var. O, şəkər xəstəliyindən əziyyət çəkir. Buna görə də MTN-nin istintaq təcridxanasının həkiminin birbaşa nəzarəti altındadır. Evdən göndərilən dərmanlar və türkəçarə üsullarla müalicə olunur. Hacı Məmmədov yağlı boya ilə şəkillər çəkir, muncuqla müxtəlif əl işləri düzəldir. Hətta o yağlı boyalarla çəkdiyi şəkillərin beşini mənə hədiyyə edib. Onun çəkdiyi rəsm əsərlərinin hamısı şifrəlidir. O, şifrələrin anlamını heç mənə də açmır. Hacının hər rəsmində bir sirr var”

Eldar Mahmudovun vəzifədən azad edilməsi və MTN-də başlanan yoxlamalar Hacı Məmmədovun da köçürülməsinə imkan yaratdı. Hacı Məmmədov bəyan etdi ki, 11 il ərzində Eldar Mahmudovun təzyiqi altında saxlanılıb, bir sıra şəxslərin, konkret olaraq Zakir Nəsirovun əleyhinə yalan ifadələr verməyə məcbur edilib.

Cahanpress-in əldə etdiyi bəzi məlumatlar bir sıra suallar doğurur. Məlum olub ki, Hacı Məmmədov həbsdə olarkən yalnız rəsm çəkməyib, həm də kiçik heykəllər düzəldib. Onun düzəltdiyi heykəllərdən biri də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bənzəyən heykəldir. Mənbəmiz iddia edir ki, Hacı Məmmədov Eldar Mahmudovun heykəlini düzəldib. Əgər Eldar Mahmudov Hacıya təzyiq göstərirdisə, o, niyə keçmiş nazirin heykəlini yaradırdı? Yoxsa Hacının rəsm əsərləri kimi bu heykəl də sirlidir? Görəsən bu heykəldə Hacı nə demək istəyib? Bu heykəl Eldar Mahmudovla bağlı hansı sirləri ortaya çıxara bilər? Əgər bu heykəldən keçmiş MTN şefinin xəbəri yoxdursa, Hacı bunu o təcridxanada necə düzəldib və saxlaya bilib? Hər halda bu sualların cavabını aidiyyəti orqanlar və mütəxəssislər verə bilər.

Hacı Məmmədovun düzəltdiyi, Eldar Mahmudovun heykəli olduğu iddia edilən həmin heykəlin fotoşəkillərini oxuculara təqdim edirik.

Mövzunu diqqətdə saxlayacağıq.

Cahanpress.com

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …