Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Hacı Məmmədovun ailəsi: “Hacı Məmmədovun cəsədini hələ də bizə verməyiblər”

Hacı Məmmədovun ailəsi: “Hacı Məmmədovun cəsədini hələ də bizə verməyiblər”

Azərbaycan DİN Baş Cinayət Axtarışı İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun ailə üzvlərinə onun ölümü barədə rəsmi məlumat indiyə qədər də verilməyib.

Bu barədə virtualaz.org-a Hacı Məmmədovun qardaşı qızı Leyla Məmmədova məlumat verib.

“Bizə hələ də onun cəsədi verilməyib və bundan əlavə, dəqiq bilmirik – ölüb, ya yox”, – o bildirib.

Leyla Məmmədovanın sözlərinə görə, sonuncu dəfə əmisi ilə bir həftə bundan əvvəl danışıb. O, yaxşı əhval-ruhiyyədə imiş və xəstə deyilmiş. Bundan savayı, ailə üzvləri mütəmadi olaraq Hacı Məmmədova baş çəkiblər və sonuncu dəfə belə ziyarət iki həftə öncə olub.

O həmçinin əlavə edib ki, Hacı Məmmədov vərəm xəstəsi olmayıb. Buna görə də, Hacı Məmmədovun DTX-nin təcridxanasından köçürüləndən dərhal sonra Hacı Məmmədovun “vərəm zonası”na köçürülməsi şübhə doğurur.

“Əmimim ölümü barədə xəbəri haqqin.az-dan öyrəndim. Doğrudanmı, yazdığınız həqiqətdir?”, – əməkdaşımızla söhbətində Leyla Məmmədova sual verib.

Qeyd edək ki, dünən Xəzər rayon prokurorluğu Hacı Məmmədovun Penitensiar Xidmətin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü asaraq intihar etməsi xəbərini yayıb. Hadisə axşam saat 17:00-da baş verib.

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …