Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Hətta İslam Respublikasının qurucularından birinin oğlunu da parlamentə buraxmırlar…

Hətta İslam Respublikasının qurucularından birinin oğlunu da parlamentə buraxmırlar…

İranın qatı mühafizəkar hakim dairələri İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsini fürsət bilərək bu ay keçiriləcək seçkilərdə parlamenti tamamilə nəzarət altına almağa çalışır.

Virtualaz.org “The Financial Times”ə istinadən xəbər verir ki, bu məqsədlə islahatçı və islahatçılara yaxın namizədlərin əksəriyyəti müxtəlif bəhanələrlə seçkilərdən kənarda saxlanılıb.

62 yaşlı Əli Mütəhhəri ayətullah Mürtəzə Mütəhhərinin-İslam Respublikasının qurucularından birinin və İmam Xomeyninin yaxın silahdaşının oğludur. On ildən çoxdur parlamentin üzvü olub və İran siyasi istebleşmentində aparıcı fiqurlardan biridir. Lakin onun bu cür qüsursuz inqilabçı karyerası belə seçkilərdən kənarda saxlanılmasına mane ola bilməyib. Qəzet yazır ki, parlamentin 90-dan çox deputatının, o cümlədən yüzlərlə islahatçı-namizədin seçkilərdə iştirakına icazə verilməyib. General Qasım Süleymaninin öldürülməsinə görə cəmiyyətdə yaşanan kədəri və qəzəbi fürsət bilən qatı mühafizəkar elita fevralın 21-də keçiriləcək seçkiləri radikallardan ibarət yeni parlament formalaşdırmaq üçün fürsət kimi görür.

Potensial namizədləri yoxlayan qatı mühafizəkar Konstitusiyaya Nəzarət Şurası bir çox iddiaçıların “islama və islam respublikasına sədaqətini” şübhə altına alıb, bir çox hallarda isə onları maliyyə fırıldaqlarında ittiham edib.

“Mən Nəzarət Şurasının bu cür yanaşmasını görəndə islam inqilabının gələcəyi üçün narahat oluram, insan haqları və söz azadlıqları getdikcə daha çox məhdudlaşdırılır, insanların öz taleyini müəyyən etməkdə rolu azaldılır. Şura üzvü deyəndə ki, mən onların dediyini təkrarlamalıyam, mən bundan diksindim”,-bundan əvvəl islahatçıları dəstəkləyən bəyanatlar vermiş Əli Mütəhhəri bildirib.

Mütəhhəri atasının 1979-cu il islam inqilabı zamanı dediklərini təkrarlayaraq deyib ki, kommunistlər və islamçı olmayan partiyalar da azad söz hüququndan istifadə edə bilərlər.

Qəzet yazır ki, ABŞ-ın sanksiyaları gücləndirməsindən sonra İranda qatı mühafizəkarlar daha sərt xətt yürütməyə başlayıblar. Onlar Qasım Süleymaninin öldürülməsindən sonra anti-Amerika şüarlarını gücləndiriblər. “ABŞ-ın sanksiyaları o dərəcədə dəhşətli və misli görünməmişdir ki, radikallaşma İranda təbii nəticəyə çevrildi. ABŞ-ın rolu həmişə İranda demokratiya hərəkatına zərbə vurub”,-islahatçı analitik Səid Leylaz bildirib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …