Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Hərbi hissə rəhbərliyinin başları rüşvətə qarışıb, əsgərlər zülm içində yaşayır”

“Hərbi hissə rəhbərliyinin başları rüşvətə qarışıb, əsgərlər zülm içində yaşayır”

“Mən əminəm ki, bu rejim mənə xidmət etdiyi hərbi hissədə öldürülən əsgər Tapdıq Babaşovun taleyini yaşada bilər. Lakin mən bunları qeyd etməyə məcburam, özüm üçün yox, digər bu problemlərlə qarşılaşan hərbi qulluqçular üçün”.

Bunu 9 aydır hərbi xidmətdə olduğunu deyən jurnalist Fərid İsmayılov sosial şəbəkə hesabında yazıb:

“Xidmət etdiyim hərbi hissə Silahlı Qüvvələrin Hərbi Nizamnaməsi ilə yox, meşə qanunları ilə idarə olunur. Bu hərbi hissə rəhbərliyində təmsil olunan şəxslərin məsuliyyətsizliyi ucbatından bir ömür mənimlə davam edəcək problemlər də yarandı, sağlamlığıma ciddi ziyan dəydi. Və hələ də dəyməkdədir. Qarşılaşdığım problemlə bağlı nə vaxt yazıramsa, xidmət etdiyim bölmənin komandiri, münasibətim olan zabit heyəti danlanılır. Əminəm ki, növbəti dəfə də belə olacaq, amma buna da məcburam”.

F. İsmayılovun sözlərinə görə, xidmət etdiyi hərbi hissə bir generator, içməli su, qida problemini aylardır həll edə bilmir:

“Hərbi hissə rəhbərliyi rahat kreslolarda, əsgər isə zülm içində yaşayır. Başları rüşvət, korrupsiyaya qarışıb. Pul almadıqları əsgərlər postlarda, pul verməyən əsgərlər ac-susuz, problemlərlə düşmənlə üz-üzə dayanır. 3 gün bundan öncə kartof oğrusunu hərbi polis özü tutur, amma posta 1 kq kartofu hərbi hissə rəhbərliyi günlərlə göndərmir. Təsəvvür edin ki, çavuş heyəti öz maaşından əsgərlər üçün qida alıb gətirir ki, xəstəlik yaranmasın. Hərbi hissə rəhbərliyi də gəlib utanmaz-utanmaz əsgərə ağıl öyrədir. Odun göndərmir, amma əsgər, çavuş heyəti minalanmış ərazidən odun toplayır. Bölməmin komandiri yuxarı komandanlığa problemləri, onların həll yollarını çatdırır, fayda isə yoxdur! Hərbi hissə rəhbərliyi yerdəyişmə aylarında puldan yığır, genəlir, “Azərbaycan Ordusu” qəzeti də düşməni tənqid edir. Ölün yerə girin”.

Əsgər qeyd edir ki, sağlamlığında yaranmış hər hansı problemə görə heç kimə müraciət etmir:

“Bütün əsəb-sinir sistemim pozulub, sağlamlığımda yaranmış hər hansı problemə görə heç kimə müraciət etmirəm, etmirəm ki, əsəblərim daha da pozulacaq. Bu problemləri bilən başqa kimsə yoxdurmu? Var, kifayət qədər.

Məzuniyyətdə olduğum müddətdə mənimlə əlaqə saxlayan Dövlət Təhlükəsizliyi Xidməti, Hərbi Prokurorluq, Müdafiə Nazirliyinin əməkdaşlarına onlarla problemi qeyd etdim, 1 ay müddətində heç biri də həllini tapmadı…”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …