Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Hər şeyi dövlətdən gözləməli deyilik: – Balaca şəhid guşəsini təmiz saxlamaq çətindir?

Hər şeyi dövlətdən gözləməli deyilik: – Balaca şəhid guşəsini təmiz saxlamaq çətindir?

Bu günlərdə gənc tarixçi-araşdırmaçı Şəhla Cabbarlı şəxsi Feysbuk səhifəsində maraqlı məsələyə toxunub. Tarixçi status yazaraq bildirib ki, Günəşli qəsəbəsində şəhidlər guşəsi baxımsız vəziyyətdədir. “Günəşliyə gəlmişəm. Buralara heç baxan yoxdur. Binaların arasında balaca park var, qarşısında şəhid guşəsi. Mərmərin üzəri çox çirkli və palçıqlı. Hörmətsiz bir görüntü kimi qalıb orada”.

Ş.Cabbarlı qeyd edib ki, ən azından kirilcə yazıları dəyişmək olardı:

“Üstəlik buradakı camaat da qəribədir. Bu mərmərlərin üstünü ayda bir dəfə təmizləyib, ora gül əkmək nə çətin işdir ki? Bizim məhləmizdə belə bir guşə olsaydı, şəxsən mən sevə-sevə edərdim. Şəhidinə əvvəlcə xalq qiymət verməlidir ki, sonra hökumət çəkinsin, diqqətli olsun”.

Adətən bu kimi məsələlərlə müvafiq dövlət qurumları, bələdiyyələr məşğul olmalıdırlar. Lakin görünən odur ki, bu qurumlarla yanaşı cəmiyyət üzvləri də şəhidlərimizə qarşı olduqca biganədir.

Məsələni dəyərləndirən sosioloq-alim Əhməd Qəşəmoğlu Sherg.az-a bildirib ki, hər zaman hansısa problem olanda oturub gözləyirik ki, həmin problemi dövlət qurumları həll etsin.

Sosioloqun sözlərinə görə, şəhid guşəsinin yaxşı vəziyyətə olması üçün ilk öncə ictimaiyyət bir araya gəlməlidir:

“Cəmiyyət elə formalaşmalıdır ki, bu kimi məsələlərdə kimisə gözləməsin. Əvvəldən də insanlarımızda belə passivlik var. Lakin kənd yerlərində belə deyil. Kənd camaatı hər hansı bir problem olan zaman bir araya yığışıb problemin həlli üçün müzakirələr aparırlar. Ona görə də elə mühit yaratmalıyıq ki, insanlarımız belə məsələlərdən ötrü başqalarında kömək gözləməsinlər. Beş adam olsa, yığışıb növbə ilə həmin guşəni yaxşı vəziyyətə sala bilərlər. Belə təşəbbüs göstərdikləri zaman digərləri də onlara baxıb ibrət götürəcəklər. Daha sonra gördükləri işi də sosial şəbəkələrdə yaya bilərlər. Biz isə oturub gözləyirik ki, hansısa dövlət qurumu bunu edəcək. Həmin qurumlar da ancaq maddiyat bardə düşünür və mənəvi məsələlər yaddan çıxıb. Ona görə də belə məqamlarda vətəndaş cəmiyyəti, ictimai təşkilatlar fəal olmalıdırlar. Bu istiqamətdə məktəblərdə maarifləndirmə işi aparmalıyıq. Ölkəmizdə belə problemlərin olmasına səbəb mənəvi dəyərlərin arxa plana keçməsidir. Get-gedə maddi dəyərlər daha çox at oynadır. Belə məsələlərdə günah daha çox ictimai təşkilatlardadır. Onlar vətəndaşlar arasında maarifləndirmə işlərini yaxşı aparmırlar”.

dia.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …