Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Hədəflər sırasında “Bayraktar”ların bazası da var idi”

“Hədəflər sırasında “Bayraktar”ların bazası da var idi”

Ermənistan hərbiçilərinin ölkənin baş naziri Nikol Paşinyana qarşı çıxmaları, onun 44 günlük Qarabağ müharibəsi zamanı istifadə olunan Rusiya silahları barəsində söylədiyi fikirlərlə bağlıdır.

23 fevralda yerli televiziyaya müsahibəsi zamanı Paşinyan bildirib ki, ”İskəndər” raketləri Ermənistan ordusunun döyüş cərgəsindəki ən müasir silahdır, ancaq bu silah mahiyyət etibarıyla faydasız olub. Onun sözlərinə görə, müharibənin gedişi zamanı buraxılan “İskəndər” raketləri “partlamayıb və ya onların yalnız on faizi partlayıb”.

Müsahibə götürən jurnalist Paşinyandan söylədiklərinin həqiqətə uyğun olduğunu təsdiq etməyi xahiş edib. Paşinyan isə müəmmalı cavab verib: ”Bilmirəm… Ola bilər ki, bu 80-ci illərin silahıdır…”

Paşinyanın sözləri onun sələfi, 2018-ci ildə “məxməri inqilab” zamanı devrilmiş Serj Sarqsyanın müsahibəsinə cavabdır. Belə ki, eks-prezident Paşinyanı tənqid edərək deyib ki, o, müharibədə praktik məğlub olana kimi “İskəndər” raketlərindən istifadəni ləngidib. Paşinyandan müsahibə götürən jurnalist isə, ondan bu bəyanata cavab verməsini istəyib.

2016-cı ildə baş verən Aprel döyüşlərində Serj Sarqsyan Ermənistanın “80-ci illərin silahları” ilə döyüşdüyünü bildirmişdi. Bu sözlərinə görə Sarqsyan kəskin tənqidə məruz qalmışdı. 2020-ci ilin yanvarında Paşinyan “indi 80-ci illərdən qalma rüsvayçı silahlar dövrü bitdi” deyərək, Rusiyadan aldığı bir neçə yeni silahlara işarə etməklə öyünürdü.

“İskəndər” raketləri 80-ci illərin silahı deyil. Bu, Rusiyanın ən qabaqcıl ballistik sistemidir və Ermənistan onu 2016-ci ildə əldə edib. ”İskəndər” raketləri Ermənistana Bakıya və onun strateji neft-qaz infrastrukturuna zərbə vurmaq imkanı verib.

Məlumdur ki, silah ixracı Rusiya üçün yaxşı biznesdir, həm də Rusiya silahı dövlətin nüfuzu sayılır və ona görə də Paşinyanın “İskəndər” haqqındakı sözləri ruslar tərəfindən süngüylə qarşılanıb. Ermənistan Rusiyanın bu qabaqcıl sistemini əldə edən yeganə xarici ölkədir.

Rusiya Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədr müavini Viktor Zavarzin Paşinyanın bəyanatını “tam yalan” adlandıraraq deyib ki, o, öz üzərindən məsuliyyəti atmaqla günahkarlar axtarır. “Komsomolskaya pravda” qəzeti tanınmış hərbi icmalçısı Viktor Baranetsdən müsahibə götürüb. Viktor Baranets bildirib: ”İskəndər” raketlərinin döyüş qabiliyyətinin olmaması barədə bəyanat verən Paşinyan dediyi sözlərin arxasında dayanmalıdır. O, raket kompleksinə qarşı ciddi ittihamlar irəli sürür və həm də ki, məsələnin məğzinin nədən ibarət olduğunu “bilmədiyini” açıq şəkildə etiraf edir. Bu, Ermənistanın baş naziri üçün ləyaqətli hərəkət deyil. Onun işlətdiyi “80-ci illərin silahı” ifadəsi, artıq nanəcib naşılığın əlamətidir. Əgər Rusiya ordusu “İskəndər” raketləri ilə silahlanmanı yalnız 2019-cu ilin sonunda tamamlayıbsa, onda hansı ”80-ci ilərin silahı”ndan söhbət gedə bilər? Ermənistan ixrac variantında bu komplekslərdən alıb, axı biz, hər necə olsa da müttəfiqik…”

Rusiyanın “TASS” informasiya agentliyinin bir yerə topladığı bir neçə rus hərbçisi deyib ki, sonuncu Qarabağ müharibəsi zamanı ümumiyyətlə “İskəndər” raketlərindən istifadə edilməyib.

Amma “İskəndər” raketlərindən istifadə edilməsi barəsində çoxlu sayda sübutlar var. Münaqişəni diqqətlə izləyən Amerika hərbi analitiki Rob Li “Eurasian.org” saytına verdiyi müsahibəsində deyib: “Ermənistanın “İskəndər” raketindən istifadə etməsiylə bağlı səslənən tənqidi fikirlərin müəyyən əsası var. Başlıca məsələ ondadır ki, nəyə görə müharibənin ilkin mərhələsində onlardan istifadə olunmadı. Əsas potensial hədəflər içərisində Azərbaycan hərbçilərinin uğurla istifadə etdikləri “Bayraktar” PUA-larının bazası da vardı. Xeyli müddət gözlədikdən sonra bu raketlərdən Şuşada istifadə edilməsi artıq, sadəcə çarəsizlik tədbiriydi. Həm də uzaq məsafə üçün nəzərdə tutulmuş bu sistemlərlə yaxın hədəflərin vurulması faydasızdı. Düşünürəm ki, Paşinyan bu raketlərdən nə üçün səmərəli istifadə edilməməsi ittihamlarından yayınmaq üçün belə cavab verib”.

Hazırda Ermənistanın Rusiyadan dərin asılılığını nəzərə alsaq, istənilən halda Paşinyanın bu sözləri öz qapısına vurulmuş qoldur. Ermənistanlı analitik Qrant Mikaelyan yazır: ”Ermənistanın təhlükəsizliyinin Rusiyadan tam asılı olduğu bir vaxtda Rusiyanın kürəyinə vurulmuş bu cür açıq zərbə yalnız heyrət doğura bilər”.

Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini verdiyi müsahibədə Paşinyanı məsxərəyə qoyduğu üçün elə həmin gün işdən çıxarılıb. Bundan sonra yüksək çinli hərbçilər fövqəladə bəyanatla Paşinyanın istefaya getməsini tələb ediblər.

Əgər yaranmış indiki böhranda “İskəndər” raketinin rolunu nəzərə alsaq, onda kinayəli faktla qarşılaşacağıq. Çünki Ermənistan bu raketi öncəki illərdə ölkədə başlayan siyasi sarsıntılar fonunda Rusiya tərəfdən onlara edilmiş güzəşt kimi alıb.“İskəndər” raketinin alınması sövdələşməsiylə bağlı ilk xəbər 2016-cı ildəki “Elektrik Yerevanı” adı altında keçən etirazlar zamanı yayılmışdı.

Belə hesab olunur ki, həmin etirazlar müəyyən mənada iki ildən sonra Paşinyanın “məxməri inqilab”yoluyla hakimiyyətə gəlməsinin əlaməti olub. Rusiyaya məxsus şirkətin elektrik tariflərini qaldırmasına qarşı keçirilən etirazlar qızışaraq, anti-Rusiya çaları almışdı. Rusiya o zamankı hakimiyyəti dəstəkləmək və ictimai narazılığın sakitləşməsi üçün Yerevana bəzi güzəştlər etdi. Ermənistana “İskəndər”raketlərinin verilməsi də həmin “sakitləşdirici güzəştlər” arasındaydı. Həmin etiraz aksiyalarının təşkilatçılarından biri bu raketin əldə olunmasını “Ermənistan xalqının nailiyyəti” adlandırmışdı.

(“Eurasianet” saytı-ABŞ)

Tərcümə “AzPolitika”nındır

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …