Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / “Hərbi xidmət keçməsəm də müdafiə naziri təyin edildim” – Rəhim Qazıyev

“Hərbi xidmət keçməsəm də müdafiə naziri təyin edildim” – Rəhim Qazıyev

İndi 74 yaşının içində olsa da, çox iti yaddaşa malik olduğunu söhbətimiz əsasında gördüm. Meydan hərəkatı dövrünün üstündən 30 il keçməsinə baxmayaraq, hadisələri gününə, saatına qədər dəqiq xatırladığını deyir. Hafta.az-ın “Polit-10” layihəsinin qonağı ermənilərin Azərbaycana təcavüzü dövründə 11 ay ölkənin müdafiə naziri olmuş Rəhim Qazıyevdir. Amma onunla siyasi mövzularla bağlı deyil, qeyri-rəsmi söhbətləşdik.

Uşaqlığından, ilk sevgisindən danışdıq. “Sevdiyimə qovuşmadım, amma o, ilk övladına mənim adımı verdi”, – deyir Rəhim bəy. Uşaq vaxtı Şəkidəki erməni məhəlləsində erməni həmyaşıdı “Kupi” ilə davasından, universitet vaxtı bir erməni tələbəni imtahandan kəsdiyi üçün həmin tələbənin azərbaycanlı müəllim kirvələri ilə üz-göz qalmasından danışdı.

 

– Rəhim bəy, necə bir ailədə doğulmusunuz, necə bir uşaq olmusunuz?

– Allah ölənlərimizə rəhmət etsin, qalanlarımıza cansağlığı versin. Rəhmətlik atam diş həkimi idi. Həkim ailəsində anadan olmuşam. O zonada – ta üzü Balakəndən Xaldana, Qəbələyə qədər atamı tanıyırdılar. Hətta həmin sahə üzrə çalışan həkimlər də atamın yanına gələrdilər. Ağızdan çıxarılması çətin olan, sınmış, kötüyü qalmış diş olanda xəstələri atamın yanına göndərərdilər. Anam isə ərə gələnə qədər tibb texnikumunu bitirib. Texnikumu bitirəndən bir qədər sonra öz peşəsi üzrə çalışıb. Ailə qurandan sonra işləməyib. Ata nənəm və ata babam çox dindar, ibadət əhli idilər. Ata nənəmin iki babasının qəbri indi də Şəkidə ziyarətgahdır. Biri Şəkinin Baş Şabalıd kəndindəki Şeyx Əhməd baba ziyarətgahı, digəri Şəkinin özündə – Mustafa bəyin yerinə qalxanda, sol tərəfdə qəbiristanlıqda gümbəz, ev var – Şeyx Əbdülkərim baba ziyarətgahı. Mən belə bir ailədə doğulmuşam. Bunlar mənim ata nənəmin babalarıdır. Biri ata, o biri ana babasıdır. Gözümü açanda Allah kəlamı eşitmişəm.

– Uşaqlığınızdan bu günə – 74 yaşa gətirdiyiniz bir xatirəniz varmı?

– Var. Onda hələ məktəbə getmirdim. Evimiz Şəkinin Sarıtorpaq məhəlləsində idi. Otaqlarımızın sayı az idi. Amma həyətimiz böyük idi. Böyük bir ailə idik. Nənəm çox gözəl yeməklər hazırlayardı. Onun hazırladığı plovun dadını indiyə kimi heç yerdə görməmişəm. Bəlkə də uşaqlığımda həmin dad o qədər məndə iz buraxıb ki, ona görə mənə elə gəlir. Bu da ola bilər. Bir dəfə nənəm plov bişirmişdi. Ailəmiz də böyük idi. Əmilərim, onların uşaqları, babam, nənəm… Hamı bizdə olurdu. 1948-49-cu illərdən danışıram. Onda məktəbə getmirdim. Şəkidə aşı bişirəndən sonra altına yaş dəsmal salırlar, yer dəmi deyərlər. Plovu yerə sərirlər ki, bir az dəm alsın. Gəldim nənəmin yanına ki, nənə aşdan bir az çək ver, yeyim. Dedi ki, bala, Allah qoysa denən. Dedi ki, dədən gələr onda yeyərik. Birini qoyub o birinə keçmək olmasın,  atam da onda poliklinikadan sonra şəhərin mərkəzi küçəsində Yuxarı məscid deyilən tərəfdə, 3 nömrəli məktəblə üz–üzə Hacı Ağa Məhərrəmin evi vardı. Onun birinci mərtəbəsində otaq götürmüşdü. İşdən sonra orada xəstə qəbul edirdi. Patentlə, icazə ilə deyildi. Nənəm nə qədər desə də, söylədim ki, nənə Allah qoysa da, qoymasa da sən aşı bişirmisən, mən də yeyəcəyəm. Yaradan keçsin günahımdan, onda Allah qoysa demədim. Təsəvvür edin, bir üz nənəm oldu, bir üz mən. Özü də rəhmətlik məni həddindən artıq çox istəyirdi. Məktəbə getmirdim, beş ya altı yaşım olardı. Yarım saat keçdi, atam işdən gəldi. Babam qalxdı, süfrənin başında oturdu. Böyüklər süfrədə yeyirdi.

– Bəs uşaqlar?

– Mənə və bacıma cəmdə, ayrıca yemək qoyurdular. Üçüncü uşaq hətta yeriməyə başlamamışdı. Biz süfrədə oturmurduq. Plov ortaya çəkiləndə mənim temperaturum qalxdı. Qızdırmam 40 dərəcəyə yüksəldi. İnanın Allaha, elə bil, möcüzə idi.Mənə yorğan-döşək saldılar (gülür). Sayaqlamağa başladım o boyda hərarətin önündə. Allah qoysa yeyəcəyəm, Allah qoysa yeyəcəyəm söyləyirəm. Üç gün mənim payımı saxladılar, temperaturum düşmədi. Axırda babam dedi ki, onun payını toyuqlara atın. O plov toyuqlara atılandan heç bir saat keçmədi ki, yerimdən qalxdım. Elə bil heç yerimə heç nə olmamışdı. Həmin aşdan bir düyü dənəsini də dişləyə bilmədim. Altı yaşımda Allah-Təala mənə öz qüdrətini başa saldı ki, ay bala, otur yerində.

– Namaz qılırsınızmı?

– Bəli, qılıram.

– Uşaqlıqdan ibadətlə məşğulsunuz?

– Yox, namazı uşaqlıqdan qılmıram. Çox sonralar başlamışam. Nənəm hələ məktəbə getməmişdən “Fatihə”, “İxlas” surələrinin sözlərini əzbərlətmişdi.

– Gələk, orta məktəb illərinə, ilk müəllimiz kim olub?

– 1950-ci ildə birinci sinifə getmişəm. Onda həm dördillik, həm natamam yeddiillik və tam orta məktəblər də vardı. Birinci sinifə köhnə evdə getmişəm. Evimizin yanında məktəb vardı. Üç – dörd aydan sonra atam rəhmətlik indiki evimizi aldı. Hardasa, oktyabr-noyabr ayları idi. İndi də Şəkidə kimdən soruşsanız həmin evi sizə göstərərlər. “Villa-villa” deyirlər. On altı otaq, geniş həyətyanı sahəsi, mərkəzi kanalizasiya sisteminə kimi var. Evi aldıqdan sonra təhsilimə 4 nömrəli məktəbdə davam etməyə başladım. İlk sinif rəhbərim Mina Mustafayeva olub. Qısa müddətdən sonra keçdim Mahnur müəllimin sinfinə. Onun soyadını unutmuşam. Ən çox xatirimdə qalan da elə Mahnur müəllimdir. O, məndə möhtəşəm izlər buraxmış bir pedaqoqdur. Həbsdən çıxandan sonra birinci gedib onunla görüşdüm. Onda sağ idi. Öpdüm, qucaqladım.

– Bildiyim qədəri ilə riyaziyyat müəlliminizin sevimli şagirdlərindən olmusunuz. Elə riyaziyyata da həvəs o illərdən yaranıb sizdə…

– Riyaziyyata marağım çox idi. Xanım müəllim deyirdi ki, Rəhim yoxdursa, dərs deməyin də mənası yoxdur. Onun əri də müəllim idi, tez rəhmətə getdi. Xanım müəllim çox faciəli bir həyat yaşadı. Hər cümə axşamı başına qara yaylıq bağlayıb ərinin qəbrini ziyarətə gedirdi. O, müəllim mənim üçün hər sahədə bir etalon oldu. Səkkizinci sinifdə oxuyanda Zinyət xanım Əbdürrəhmanova bizə dərs deməyə başladı. Fizikadan dərs deyirdi. Heç ərə də getməmişdi. Sonradan bəlli oldu ki, xəstədir. Şərqin ilk monimental heykəltaraşı Fuad Əbdürrəhmanovun əmisi qızı idi. Ondan hamımız ehtiyat edirdik, qorxurduq. 1955-ci ilə qədər qızla oğlan məktəbi ayı idi, həmin il birləşdi. 1958-ci ildə həmin 3 nömrəli məktəbə gəldim. Doqquzuncu sinifi orada oxumağa başladım. Biz həmin məktəbin ikinci buraxılışı olduq. Zinyət müəllim də həmin məktəbin tədris hissə müdiri təyin edildi. Bizə də fizika dərsi deyirdi. Riyaziyyatı Şövkət müəllim deyirdi. Onun kimi orta riyaziyyatı bilən ikinci bir adama indiyə qədər rast gəlməmişəm.

– Rəhim bəy, bir az da ilk sevginizdən danışaq… Bir çoxları kimi orta məktəbdən, yoxsa tələbəlik illərindən sevməyə başlamısınız?

– Deyəsən ayaq tutub yeriməyə başlayandan elə onu-bunu sevə – sevə gedirdim (gülür). İlk sevgim səkkizinci sinifdə olub. Sonradan da indiki həyat yoldaşım olub. Bacısı bizim sinifdə oxuyurdu. Özü isə APİ-də təhsil alırdı. Rastlaşdıq və sevməyə başladım. Onu da deyim ki, məndə Leyli-Məcnun sevgisi olmayıb. Riyaziyyatçı olmağım məni realist olmağa sövq edirdi. Romantika məndə çox az olub. Reallığı sevirdim. 9-cu sinifin yanvarında sinifimizə vəzifəli bir kişinin qızı gəldi. Həmin qıza qarşı məndə bir hiss yarandı. Sonradan yenə də dilimin balasına düşdüm, həmin sevgim də baş tutmadı. Buna baxmayaraq, o, ilk övladının adını Rəhim qoydu. Sonradan bildim ki, həmin qızın da mənə qarşı hissləri olub amma mən hiss etməmişəm. Bəzən emosional anlarımda son sözümü əvvəldən deməyim həyatıma mənfi çalarlar qatıb. Onu da deyim ki, indiki həyatımdan çox razıyam. Çünki keçməkeşli ömrümdə həyat yoldaşımın mənim üzərimdə çox əziyyəti var. Təsəvvür edin, hər əzaba tab gətirdi.

– Sizin gəncliyinizlə bizim gənclik dövrümüzdəki xanımların əxlaqi keyfiyyətində nə kimi dəyişikliklər var?

– Bizim Azərbaycan xanımlarının gözəl əxlaqi keyfiyyətləri var. O məndən ötrü əlçatmaz bir yüksəklikdir. Həmişə xanımlarımızın bu keyfiyyətləri ilə qürur duymuşam. Yeri gəlmişkən deyim, mən orta məktəbdə oxuyarkən müharibənin ağrılı-acılı vaxtında bətnində övlad daşıyan analar ərlərini cəbhəyə yola saldılar. Ərləri müharibədə həlak oldu. Həmin o gözəl-göyçək gəlinlər ata üzü görməyən o bir övladını böyüdüb boya-başa çatdırdılar, təhsil verdilər. Rayon yeri olsa da, adlarına bir kəlmə də söz gəlmədi. Bu Allahın böyük nemətidir. Təssüf ki, ucuz tutulur. İndi həmin əxlaqi keyfiyyətlər çox qədir-qiymətdən düşüb. Səməd Vurğun demiş, qızılı örtsə də qara torpaqlar, yenə qiymətini özündə saxlar. Mənim başıma o fəlakət gələndə üç qız balamın adına bircə kəlmə söz deyilsəydi, ürəyim partlayardı, ölərdim.

– İslamda da buyurulur ki, üç qız böyüdən ata cənnətlə müjdələnir. Bəy, üç qız atasısınız. Övladlarınız hansı peşələrin sahibləridir?

– Övladlarımın biri Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Bir az işləyəndən sonra işləmədi. Digəri Tibb Universitetinin məzunudur. Pediatrdır, uşaq həkimidir. Onu da deyim ki, mən Lefertovo zindanına salınanda bir qızım yüksək qiymətlərlə Tibb Universitetini qazandı, ölüm kamerasında olanda isə o biri qızım universitetə qəbul edildi. Kiçik qızım isə 2000-ci ildə on beş yaşında İqtisad Universitetinə daxil oldu.  670-dən yuxarı bal toplamışdı. İndi yaxşı mütəxəssisdir. Özəl şirkətlərin birində mühasib kimi çalışır. Bir gün işə getməyəndə çağırırlar ki, amandı gəlin, sizsiz iş getmir.

– Səhv etmirəmsə, milli hərəkata qoşulmağınızın əsas səbəbi də qızlarınız olub?..

– Taleh elə qismət edib ki, beş bacım, beş baldızım üç qızım olub. Milli azadlıq hərakatına gəlməyimə səbəb məhz bu amil idi. Universitetdə riyaziyyat müəllimi işləyirdim. Nə siyasət, nə iqtisadiyyat sahəsində deyildim. İlk dəfə 1988-ci ildə ermənilərin Əsgəran yaxınlığındakı vəhşiliklərini gördükdən sonra milli hərəkata qoşuldum. 1988-ci ilin fevralın 18-i idi. İşlədiyim Texniki Universitetin divarına vərəq vurulmuşdu. Orada belə bir cümlə yazılmışdı – “Azərbaycanı Livana, Bakını Beyruta çevirəcəyik”. Bunu da Krumpt cəmiyyəti yazmışdı. Həmin cəmiyyət də Qarabağın guya Ermənistana aid olması iddiasını qaldırmışdı. Oğlum övladım yoxdur. Düşündüm ki, ermənilər anamın, bacımın, xanımlarımızın namusuna sataşacaq, mən də kişi kimi gəzəcəyəm?!.. Onda cavan deyildim, 45 yaşım vardı. Məni hərəkata gətirən səbəb bu oldu.

– Müdafiə naziri təyin olunduğunuz günü xatırlayırsınızmı?

– Əvvəla onu deyim ki, əsgərlikdə olmamışam.  Bunun da səbəbi var. Birinci sinifdə oxuyanda atam mənə fotoaparat almışdı. Çox sadə bir aparat idi. Mən bununla məşğul olmağa başladım. 1958-ci ildə pionerlər evinə gedirdim. Orada foto dərnəyi vardı. Dərnəyimizə Əyyub adında bir müəllim gəldi. O, həmin ərəfədə Macarıstanda hərbi xidmət keçib gəlmişdi. O, mənə sovet qoşunlarının vəhşiliyindən, Budapeştdə etiraz edən insanların üzərinə tankların sürülməsindən danışdı. Dəhşətə gəldim. O vaxtdan özümə söz verdim ki, mən bu orduda qulluq etməyəcəyəm. O vaxt ildə bir dəfə çağırış olurdu. Biz də müharibə illərində doğulduğumuza görə bizə çox da fikir vermirdilər. Xüslasə, müxtəlif yollarla ordudan yayındım. Ona qədər də 9-10-cu siniflərdə hərbi dərsində quş tüfəngindən iki-üç güllə atmışdım. Vəssalam, gördüyüm o idi. Heç ağlıma da gəlməzdi ki, belə bir məqamda mən müdafiə naziri olaram. Mart ayının 14-ü Yaqub Məmmədov mənə – Şuşaya zəng vurdu ki, Rəhim, təcili gəl. Ən böyük səhvim o idi ki, mən getməməli idim. Ölüb Şuşada qalmalı idim. Öz taleyim, bioqrafiyam üçün. İndi də Milli Qəhrəman vermişdilər, gecə-gündüz məndən danışırdılar. Bəlkə heç Şuşa da işğal olunmazdı.  Gecə ilə Şuşadan çıxdım. On beşi axşam Yaqub Məmmədovun yanında idim. Dedi ki, sabah Ağdama gedirəm, gəl mənimlə gedək. Onu da bildirdi ki, bütün nazirlərə deyib, hamısı Ağdama gələcək. Ağdama gəldik. Mən qapıdan içəri girəndə gördüm ki, artıq Yaqub müəllim çıxış edir. Həmin vaxt da Tahir Əliyev də müdafiə naziri idi. Birdən Yaqub Məmmədov dedi ki, mən Rəhim Qazıyevi müdafiə naziri təyin etmişəm. Tahir Əliyev sağdır, o deyir ki, müdafiə naziri kimi kabinetimdə oturmuşam. “Günün ekranı”nda eşitdim ki, Rəhim Qazıyev müdafiə naziri təyin edilib. Deyir ki, özüm də buna məəttəl qaldım. 16-ı axşam Ağdamdan Bakıya qayıtdıq. Bir gün sonra Mütəllibovun kabinetində Tahir Əliyev, Yaqub Məmmədov və mən oturduq. Yaqub Məmmədov Tahir Əliyevi daxili işlər naziri təyin etdi, mən də müdafiə naziri oldum. Mənim müdafiə naziri təyin olunmağım bu cür baş verib.

– Cəbhə dövründə bir komandada çalışdığınız adamlardan indi kimlər qapınızı açır?

– Heç biri açmır.

– Səbəb?

– Vallah, səbəbini bilmirəm.

– Yəqin ki, o vaxt onların içində daha yaxın münasibət qurduğunuz, ailəvi gediş-gəlişiniz olan adamlar olub?

– Olub. Məsələn, Nemət Pənəhlı, Etibar Məmmədovla yaxın münasibətdə olmuşam. İndi heç qapımı açmaqlarını da gözləmirəm. Hərəkat vaxtı Becan Fərzəliyevin, mənim, anamın evində demək olar ki, hər həftə yığışırdıq. Anam onların qabaqlarına heç olmaya bir stəkan çay qoyudu. 96 yaşı var. Mən həbsdə olarkən qabaqlarına çay qoymuş bir insandan hal-əhval tutmaları mənə pis təsir etdi. Ölüm kamerasında idim. Məndən xoşun gəlməyə bilər. Bunda haqlı da, haqsız da ola bilərsən. Amma bizim Azərbaycan türkü olaraq adət-ənənələrimiz var axı.

– Rəhim bəy, lətifələr diyarında doğulmusunuz – Şəkidə. Bu sual həmişə məni çox düşündürüb. Niyə bizim ən duzlu lətifələrimiz söyüşlüdür?

– Ümumiyyətlə, hər millətin, toplumun tarixini öyrənmək istəyirsənsə, söyüşlərini öyrənməklə başla. Söyüşdə xoşagələn bir şey yoxdur, amma təbiilik var.

– Sovet vaxtı ermənilərlə dostluq etmisinizmi?

– Yox. Sovet vaxtı Şəkidə erməni məhəlləsi vardı. Ləzgi məhəlləsində isə yaxşı “qızıləhməd” alması olardı. Uşaq olanda həmin bağlara alma oğurluğuna gedərdik. Bir dəfə sözümüz çəpləşdi, erməni məhəlləsinin uşaqları ilə davamız düşdü. Onlardan “kupi-kupi” dediyimiz Rafiq adlı bir erməni ilə mən üz-üzə dayandım. Gözlərində mənə qarşı qalın bir nifrət vardı. Həmin nifrət bütün varlığıma həkk olundu. O vaxtdan sonra ermənilərlə dostluq etmədim. Universitetdə dərs deyəndə Armad adlı bir erməniyə qiymət yazmadım. Dərsi bilmirdi deyə kəsdim. Bir erməninin nə qədər kirvəsi olar ay başına dönüm?! Armadı kəsən kimi neçə azərbaycanlı müəllim gəldi yanıma. Xahiş etdi ki, ermənini imtahandan keçirim. Həmin erməni uşağını imtahandan kəsdiyim üçün nə qədər azərbaycanlı müəllimlə pis olmuşdum. Axırda dekanlıqda dedilər ki, sən rus sektoruna dərs demə. Sən Azərbaycan sektorunu bitirmisən, bu yolla erməniləri mənim əlimdən qurtardılar.

Eşitdiyimizə görə vəsiyyətnamənizi artıq yazmısınız və cibinizdə gəzdirirsiniz…

-Bəli. Buyurun baxın (cibindən bükülmüş üzü izolyasiyalı bir kağız çıxarıb göstərir-T.T).

-Nə yazılıb burada?

-Desəm ta nə oldu ki? Öləndə açıb oxuyarlar. Ailəmdən, qohumlarımdan üzr istəmişəm. Çünki onları çox incitmişəm. Mənə görə çox zülm çəkiblər.

Həmçinin oxuyun

“Dəmir Günbəz”i azərbaycanlı dostlarımızla bölüşməliyik” – Sabiq səfir

Biz “Dəmir Günbəz” sistemini azərbaycanlı dostlarımızla bölüşməliyik. Bunu İsrailin Azərbaycandakı sabiq səfiri Artur Lenk “Twitter” …

Bir cavab yazın