Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / “Hər təhdidə Qarabağdakı yaşayış məntəqələrimizə bayrağımızı sancmaqla cavab verəcəyik”

“Hər təhdidə Qarabağdakı yaşayış məntəqələrimizə bayrağımızı sancmaqla cavab verəcəyik”

“Azərbaycan Rusiyanın çağırışına müsbət cavab verərək siyasi iradə nümayiş etdirdi və Ermənistanla humanitar atəşkəs barədə razılığa gəldi. Ancaq biz əvvəldən də bilirdik ki, ermənilərlə heç bir müqaviləyə inanmaq olmaz. Ermənistan necə ki, torpaqlarımızın işğalında beynəlxalq hüquq və öhdəlikləri tapdaq altına salmışdı, indi də atəşkəsə riayət etməyəcəyi məlum idi. Biz bunu çox keçmədən, cəmi bir neçə saat sonra gördük”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib. O, bildirib ki, atəşkəs haqqında sənədə imza atıb məkrli planlarını, işğala hesablanmış niyyətlərini davam etdirmək ermənilər üçün sınanılmış vasitədir.

“Birinci Qarabağ müharibəsi zamanı dəfələrlə olub ki, ermənilər atəşkəsi imzalayıblar, işğallarını isə davam etdiriblər. Çox misala ehtiyac yoxdur. Şuşanın işğalını yada salaq. İranda tərəflərin ən yüksək səviyyədə danışıqları gedən zaman ermənilər Azərbaycanın mədəniyyət beşiyi olan Şuşamızı işğal etdilər. O vaxt Ermənistan prezidenti Levon Ter-Petrosyan deyirdi ki, hadisələrə təsir edə bilmir, yəni bunu Ermənistan deyil, Dağlıq Qarabağdakı ermənilər edib”, – deyən E.Allahverdiyevin sözlərinə görə, indi də oxşar hal təkrarlanır, Yerevandan bildirirlər ki, Gəncənin atəşkəsdən dərhal sonra raket atəşinə tutulmasından xəbərləri yoxdur.

“Halbuki raketlərin Ermənistan ərazisindən atıldığı gün kimi aydındır, indi ötən əsrin 90-cı illəri deyil. Azərbaycanın kosmosdakı iki peyki vasitəsilə raketlərin buraxılış və uçuş trayektoriyasını izləmək üçün heç bir maneə yoxdur”, – deyə deputat vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, baş verənlər Azərbaycan üçün gözlənilməz deyil, çünki erməni xislətinə bələdik. Dünya birliyi, xüsusilə də Minsk qrupu həmsədrləri isə ağızlarına su alıb susurlar:

“Yaranmış vəziyyət göstərir ki, Azərbaycan sentyabrın 27-dən bu yana apardığı uğurlu əks-hücum əməliyyatlarını daha qətiyyətli və sərt formada davam etdirməlidir. Artıq cənab Prezident də bildirib ki, Gəncəyə endirilən raket zərbələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi hakimiyyətinin üzərinə düşür. O raket atəşinin başlıca səbəbi ermənilərin Qarabağda aldıqları ağır zərbələr, verdikləri çoxsaylı itkilər və ordumuzun torpaqlarımzın bir hissəsini geriyə qaytarmasıdır. Mülki əhalini qətl etməklə gözümüzü qorxutmaq istəyirlər. KTMT-nin arxasında gizlənib bizi Ermənistan ərazisinndən təhdid edirlər. Biz də hər belə təhdidə Qarabağda daha neçə-neçə yaşayış məntəqlərimizə bayrağımızı sancmaqla cavab verəcəyik”.

E.Allahverdiyevin fikrincə, Ermənistana son günlər ərzində qeyri-qanuni yollarla gətirilən silah-sürsat da bizi qorxutmamalıdır:

“30 il yığdıqlarını bir neçə günə məhv etdiyimiz kimi, yeni silahlarını da yararsız hala salarıq. O silahları bizə qarşı kim istifadə edəcək? Canlı qüvvə. Canlı qüvvələrini necə məhv edib qaçmağa məcbur etmişiksə, yeniləri də o aqibəti yaşayacaq. Onların ağlı gedib ötən əsrə, əliyalın, silahsız, müdafiəsiz əhalini qətl etdikləri, pərakəndə, təlim görməmiş döyüşçülərimizlə üz-üzə olduqları günlərə. 30 ildir dünyaya car çəkirlər ki, ermənilər döyüşçüdürlər, azərbaycanlılar isə məğlub. İndi əksini görüb xarici havadarlarından yardım dilənirlər.

Azərbaycanda heç kim torpaqlarımızın kimlər tərəfindən işğal edildiyini, Xocalıda ermənilərdən komplektləşdirilmiş 366-cı motoatıcı alayın soyqırımı törətdiyini unutmayıb və unutmayacaq. İndi də Ermənistana hansı kanallarla silah-sursatın gətirildiyini görürük. Bununla xalqımızın əzmini qırmağı düşünürlərsə, yanılırlar.

Azərbaycan xalqı tarixdə olmadığı qədər birlik nümayiş etdirib Ali Baş Komandanına dəstək verir. Torpaqlarımız kənd-kənd, oba-oba azad olunur. Biz bütün qorxuları aşmışıq, işğalçını cəzalandırmaq əzmindəyik və bunu edəcəyik. Qoy kömək edən etsin, heç bir dövlətin nizami ordusu gəlib Qarabağda döyüşəsi deyil. Torpaq Azərbaycana məxsusdur. Bir ölüb, min doğulacağıq”.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …