Cümə , Aprel 19 2024
Ana səhifə / HƏCƏR PƏNAHLI: “NEMƏTƏ QARŞI OLAN LAQEYDLİYƏ ACIYIRAM”

HƏCƏR PƏNAHLI: “NEMƏTƏ QARŞI OLAN LAQEYDLİYƏ ACIYIRAM”

Milli-azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, hazırda həbsdə olan Nemət Pənahlının səhhəti günbəgün pisləşir. Qobustan həbsxanasında cəza çəkən partiya sədrinin ailəsi də acınacaqlı durumda yaşayır.
Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı N.Pənahlının və ailəsinin durumu haqda “Yeni Müsavat”a danışarkən dedi ki, çıxılmaz durumla üzləşiblər: “Nemət bəyin həbsdə olduğu bu dönəm bütün ailəmiz üçün bambaşqa bir səhifədir. 
Ailəlikcə, bu 4 il yarımda çox şeylər yaşadıq. Bu müddət həyatımızda elə izlər buraxdı ki, izah etmək belə çox çətindir. İmanımız və Allaha sonsuz sevgimiz olmasaydı, bütün bunları qaldırmaq çox çətin olardı. Amma biz iman əhliyik. Hər bir insanın yaşadıqlarında bir İlahi təqdirin olduğuna inanırıq və səbir edirik. Xüsusilə, Nemətin ata-anasının qəlb krizisindən dünyalarını dəyişmələri, onların ardınca mənim atamın – Nemətin ən əziz dostunun vəfatı, ona doğma adamlarının dəfnlərində iştirak etməyə imkan verilməməsi bizə bir zülm idi. Nemətin həbsxanada yaşadıqları ailəmizə, onun övladlarına necə təsir edib, izah etmək belə çətindir”.
– Sizcə, Nemət bəyə qarşı bu qədər aqressiv münasibətin səbəbi nədir?
– Tarix boyu Nemət kimi insanlara qarşı münasibət birmənalı şəkildə aqressiv olub. Nemət haqq aşiqidir. Yaşadığı müddətdə həmişə haqqın tərəfində olub. Gördüyü haqsızlığa heç vaxt laqeyd qala bilməyib. Siyasi səhnəyə gəldiyi gündən də ona qarşı münasibət aqressiv olub. Sovet hökumətinin də həbsxanasında yatıb, Türkiyə, İran zindanında da. Bunu bütün cəmiyyət bilir.
Hazırda da müstəqilliyinin qazanılmasında bütün gəncliyini fəda etdiyi azad Azərbaycanın zindanında məhbəs həyatı yaşayır. Özü də ən ağır şəraitdə. Onun haqqında çox vaxt haqsız fikirlər səslənib. Guya arxasında hansısa qüvvələr durur. Hətta həbs olunanda evimizdə aparılan axtarış da açıqca onu göstərirdi. Amma qəti şəkildə deyirəm, o, bu günə qədər, kimi müdafiə edibsə, bunun sadəcə doğru olduğunu düşündüyü üçün edib, arxasında da Allahdan başqa heç kimin varlığını qəbul etməyib.
– Tez-tez səhhətindən şikayətlənir. İndi necədir?
– Səhhətində ciddi problemlər var. Son dəfə onu lap pis gördüm. Şəkərdən əziyyət çəkir, böyrəklərində problem var. Onun saxlandığı şərait xəstəliyi ilə tamamilə tərs mütənasibdir. Havasız, hərəkətsiz şərait şəkər xəstəsi üçün ölüm deməkdir. Qobustan həbsxanasının həm saxlanma şəraiti çox ağırdır, həm də psixoloji olaraq oradakı durum insana çox pis təsir edir. Energetik baxımdan oranın aurası çox ağırdır. Görüş yeri dörd-qat barmaqlıqlar arasındadır. Təsəvvür edirsiz, uşaqlar orada hər dəfə atalarını görəndə nə hiss keçirirlər.

Həcər Pənahlı: “O həbs olunanda balaca oğlumuz birinci sinfə təzəcə gedirdi, dünyada ən böyük arzusu atası ilə məktəbə getməkdir”

– Övladlarınızın vəziyyəti necədir? 
– Onlar da, təbii ki, atalarına görə çox sarsıntı keçirirlər. Balaca oğlum birinci sinfə təzəcə gedirdi Nemət həbs olunanda. İnanırsınız ki, dünyada ən böyük arzusu atası ilə məktəbə getməkdir. Böyük qızım Qafqaz universitetini keçən il bitirib, ərəbşünasdır. Təbii ki işsizdir. Böyük oğlum ikinci kursda oxuyur, Sumqayıt Dövlət Universitetində. 18 yaşı var. 14, 12, 10 yaşlarında 3 oğlumuz və 13 yaşında bir qızımız daha var, onlar da orta məktəbdə təhsil alırlar.
– Nemət Pənahlı ölkə başçısına azadlığa çıxması üçün müraciət etməyib. Onun əfv yazmasını istərdinizmi? 
– Mən, ümumiyyətlə, Nemətin tək bu yox, bütün mövzularda qərarlarına həmişə hörmətlə yanaşmışam. Ərizə yazmaq və ya yazmamaq onun şəxsi qərarıdır. Mən heç vaxt ona öz rahatlığım və ya qayğısız həyat yaşamağım üçün heç bir təzyiq göstərməmişəm. Heç buna cəhd də etmərəm. Neməti kifayət qədər yaxşı tanıyıram. Onun qəlbindən və beynindən keçən bütün fikirləri demək olar ki, əzbər bilirəm. Dəfələrlə “sənin ailən var, sənin uşaqların var” deyənlərə, “dünyada bütün haqq mücahidlərinin, bu gün heykəli qoyulmuş haqq ədalət carçılarının, eşqinə sinə döyülən müqəddəslərin hamısının ailəsi də olub, övladları da… Mənim nəyim onlardan artıqdır?” cavabını eşitmişəm. Dəfələrlə. Tək bu gün yox, 25 il bundan öncə də.
– Həyat yoldaşınızın nə zamansa əfvə düşəcəyinə inanırsınızmı? 
– O, həbsxanaya düşəndən mən çox çırpındım ona yardım edə bilmək üçün. Heç nədən çəkinmədim, amma hər dəfə əlim boşda qaldı. Hər dəfə də Nemət deyirdi ki, özünə əziyyət vermə, məni zindana göndərən Allah, burdan çıxacağım zamanı da müəyyən edib. Onun hökmündən nə bir gün gec, nə də bir gün tez burdan çıxa bilmərəm. Nemət qədər imanım kamil olmasa da, sonda mən buna bütün varlığımla inandım. Nemətin nə zamansa İlahi əfvə düşəcəyinə, dünyadan bütün günahlarından arınaraq köçəcəyinə zərrəcə şübhəm yoxdur. Önəmli olan da budur məncə. O ki qaldı konkret Nemətin həbsdən azad olunmasına, bu bir yuxumu olacaq, ya nəsə başqa bir şeymi, deyə bilmərəm, amma əminəm ki, bu bir sınaq dönəmidir və hər şeyin bir sonu olduğu kimi bunun da sonu var.
– Nemət bəyin övladlarına vəsiyyət etdiyini açıqladınız. Buna səbəb nədir?
– Nemət elə azadlıqda olanda da bunu edirdi. Kimin nə zaman dünyadan köçəcəyi bəlli deyil. Çalışırdı ki, bacardığı qədər övladlarının ruhuna qorxmazlıq, ləyaqət, əxlaq hisslərini yeritsin. Ona görə də onlarla uzun-uzadı söhbətlər edirdi. Həbsindən əvvəl həbs olunacağını bilirdi. Bunu da onlara demişdi. Yəni bir növ buna uşaqları hazırlamağa çalışırdı.
Həcər Pənahli dedi ki, Milli Azadlıq Hərəkatında böyük rolu olan Nemət Pənahlının bu gün bəlli aqibətlə üzləşməsi, diqqətdən kənarda qalması yaxını deyil, bir vətəndaş kimi onu incidir:
– Söhbət ondan getmir ki, mən, sadəcə, Nemətə qarşı olan laqeydliyə acıyıram, əsla. İnanın ki, mən daha çox düşünürəm ki, niyə mənim xalqım belədir. Yəni Milli Azadlıq Hərəkatı zamanı Azadlıq meydanında “Biz ölərik, Neməti tək qoymarıq” deyən milyonlarla insan vardı. Bu gün Nemətin 6 övladı əzab içində yaşayır, sözün əsl mənasında əzab içində. Nemət Pənahlı Azərbaycanın Milli Azadlıq tarixinə möhürünü vurmuş, ömrünü həsr eləmiş bir insandır. Necə oldu ki, kimsə nə onun özünün, nə də övladlarının taleyi ilə maraqlanmadı. Kimsə səsini çıxarmadı. Bu qədər ağır cinayətkar idimi Nemət Pənahlı? Nə qədər acı da olsa, bu bir həqiqətdir ki, biz bir millət olaraq nə qədər üstün cəhətlərə malik olsaq da, tarix boyu ürəyini yandırıb yolumuza işıq tutan insanların üstündən adlayıb keçmişik və bu cəhət bizim ən böyük qüsurumuzdur. Amma yenə də sözümü Allahın adı ilə tamamlayaraq sualınıza tam olaraq belə cavab verərdim. Bəşər fanidir və keçicidir. Fani və keçici olanın etibarı olmaz. Allah bizi faninin deyil, öz nəzərindən salmasın. Mən yoldaşı olaraq yox, bir vətəndaş olaraq əminliklə deyə bilərəm ki, Nemət Pənahlı kimi insanlar heç vaxt Allahın diqqətindən kənarda qalmazlar. (Musavat.com)

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın