Ana səhifə / Aktual / Gürcüstanda Saakaşvili fırtınası: eks-prezident 4 gündür qayıdıbmış

Gürcüstanda Saakaşvili fırtınası: eks-prezident 4 gündür qayıdıbmış

Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin gizlicə ölkəyə qayıtması, Batumidə üzə çıxması və dünən axşam saatlarında Tbilisidə həbs olunması fonunda bələdiyyə seçkiləri start götürüb. virtualaz.org xəbər verir ki, bu seçkilərə müxalifət, o cümlədən Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası ciddi hazırlaşıb və bu seçkilər Gürcüstanda neçə ildir davam edən siyasi gərginliyin yeni mərhələsini başlada bilər.

Hələlik isə Saakaşvilinin Ukraynadan qeyri-leqal yollarla Gürcüstana qayıtması barədə. “Vahid Milli Hərəkat” partiyasının fəalı Eka Xerxeulidze bildirib ki, keçmiş prezident ölkəyə dünən yox, əslində dörd gün əvvəl qayıtmışdı. “Bu gün birinci gün deyil ki, Saakaşvili Tbilisidə idi, o artıq dördüncü gündür Gürcüstandadır və hakimiyyətin bu haqda heç bir informasiyası yox idi”, – o keçmiş prezidentin həbs olunmasının ardınca açıqlayıb.

Xerxeulidze bildirib ki, onun Saakaşvili ilə əlaqəsi vardı və onun ölkədə olduğunu bilirdi. “Yeri gəlmişkən dünən (sentyabrın 30-da,-red.) o hökumət binasının yanında olub, lap yanında. Amma onu bu gün tuta biliblər”, – partiya fəalı deyib.

Həbs olunub Rustavi həbsxanasına yerləşdiriləndən az sonra Saakaşvili aclıq elan edib və Ukrayna konsulu ilə görüş tələb edir. Bu haqda insan haqları müdafiəçisi Nino Lomcariya eks-prezidentlə həbsxanada görüşündən sonra bildirib.Onun sözlərinə görə, Saakaşvili özünü siyasi dustaq hesab edir və onun barəsində çıxarılmış hökmlə razı deyil. Lomcariya deyib ki, Saakaşvilinin onu saxlayan polis əməkdaşlarına iradı yoxdur, çünki qapını özü açıb, müqavimət göstərməyib və güc tətbiqi olmayıb. İnsan haqları müdafiəçisi Saakaşvili ilə onun ölkəyə necə qayıtdığının təfərrüatları haqda danışmadığını bildirib.

Saakaşvilinin həbsi ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenski öz narahatlığını bildirib. “Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanda eks-prezident və Ukraynada islahatlar üzrə Milli Şuranın icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvilinin saxlanılması ilə bağlı narahatdır”,-Zelenskinin mətbuat katibi Sergey Nikifirov bildirib. O qeyd edib ki, vəziyyəti diqqətlə izləyirlər və prezident Zelenski Gürcüstan hakimiyyətinin hadisələrin sonrakı inkişafına dair verdiyi bəyanatlarından da narahatlıq keçirir.

Saakaşvili Ukrayna vətəndaşı olduğundan onun saxlanılması ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyi Gürcüstan səfirini izahat verməyə çağırıb. Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko bildirib ki, ukraynalı diplomatlar Saakaşvilinin saxlanılması barədə xəbərləri KİV-lərdən eşidiblər və səfiri məsələ ilə bağlı izahat vermək üçün nazirliyə çağırıblar. Hakim “Xalqın xidmətçisi” partiyasının Ali Radadakı fraksiyasının lideri David Araxamiya isə deyib ki, Gürcüstanda keçmiş prezidentin-Ukrayna vətəndaşının   saxlanılması ciddi diplomatik qalmaqala səbəb ola bilər.

“Mən hesab edirəm ki, bununla bağlı ciddi diplomatik qalmaqal olacaq, çünki o Ukrayna vətəndaşıdır və bu cür əsassız yerə saxlamaq haqları yoxdur. Fikrimcə istirahət günləri başa çatan kimi məsələ beynəlxalq səviyyəyə çıxacaq”,-o bildirib.

ABŞ-dan da Saakaşvilinin həbsinə ilk reaksiya bildirilib. Dövlət Departamentinin nümayəndəsi anonimlik şərti ilə bildirib ki, ABŞ Gürcüstanda eks-prezident Mixail Saakaşvilinin saxlanılmasından xəbərdardır və hadisələrin gedişini diqqətlə izləyir. Diplomat qeyd edib ki, Vaşinqton Tbilisini keçmiş prezidentə münasibətdə gürcü qanunları və ölkənin üzərinə götürdüyü beynəlxalq humanitar öhdəliklər əsasına davranılmasına çağırır.

Gürcüstan prezidenti Salome Zurabişvili isə xüsusi brifinqdə bəyan edib ki, Saakaşvilini əfv etmək niyyətində deyil.

“Ölkə prezidenti üçün əlbəttə, xoş deyil ki, keçmiş prezidenti kameralar qarşısında həbs edirlər, amma qanun və qanunun aliliyi bunu tələb edir, hamı qanun qarşısında bərabərdir. Bu gün çoxları məndən soruşurlar ki, Mixail Saakaşvilini əfv etmək niyyətim varmı. Cavab birdir, sadədir və qətidir-yox, heç vaxt, çünki mən İrina Enukidzenin (Saakaşvilinin dövründə müxalifətin aksiyalarının dağıdılması zamanı polis zorakılığının qurbanlarından  biri,-red.) baxışlarını heç vaxt unutmayacam. Ədalət gözləyən, bu günü gözləyən insanların baxışlarını heç vaxt yaddan çıxarmayacam. O, insanların həyat və sağlamlığını qurban verdi ki, öz hakimiyyətini saxlasın, üstəlik o ölkə prezidenti üçün qəbuledilməz qərar verdi, vətəndaşlıqdan imtina etdi. Bu gün o dövlət sərhədlərini və qanunu pozaraq ölkə ərazisinə daxil olub, bununla da dövlətin hüquq-mühafizə orqanlarının nüfuzunu zədələməyə çalışıb. Ən başlıcası odur ki, o açıq-aşkar qeyri-stabillik yaratmaq üçün gəlib, son vaxtlar səslənən bütün beynəlxalq çağırış və xəbərdarlıqlara baxmayaraq”,-Zurabişvili deyib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …